​Hakimiyyətdə kadr islahatları aparılacaq – BAŞ NAZİRİN MÜAVİNİNDƏN AÇIQLAMA

    3

    Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir.

    Hurriyyet.org bildirir ki, bu barədə Azərbaycan baş nazirinin müavini Əli Əhmədov qeyd edib.
    “İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir”, – deyə Ə.Əhmədovun rəsmi “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.
    O vurğulayıb ki, zəruri, optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmə, o cümlədən inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual probleminə çevrilib.
    “Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur”, – deyə Ə.Əhmədov bildirib.
    Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına əsasən qeyd edib ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb. Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunur. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub.
    “Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”, – deyə Ə.Əhmədov vurğulayıb.