İranlı diplomatın ilginc Qarabağ açıqlaması: Ekspert cümlə-cümlə təhlil etdi

    3

    Hurriyyet.org xəbər verir ki, ekspertin fikrincə, iranlı diplomatın bu mövzuda hər cümləsi xüsusi mesaj əhəmiyyəti daşıyır: “Bəhram Qasiminin bu cümlələri ona görə analiz edilməlidir ki, o bu fikirləri ilə Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını ortaya qoyur.

    ““

    Birinci cümlə: “Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil – zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır”.

    İkinci cümlə: “Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın”. 

    Üçüncü cümlə: “Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil”.

    Dördüncü cümlə: “Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür”.

    Beşinci cümlə: “Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

    İranlı diplomatın sonuncu cümləsindəki “xalqın rolu” ifadəsi diqqəti çəkir. Söhbət hansı xalqdan gedir? Bu cümlədən aydınlaşdırmaq çətindir ki, iranlı diplomat Azərbaycan xalqının rəyini nəzərdə tutur, yoxsa Dağlıq Qarabağda yaşayan ermənilərin. Çünki iranlı diplomat bu cümlədə “xalqlar” ifadəsini cəm halında işlətmir, ancaq bir xalqdan söhbət getdiyinə işarə edir. Əgər İran Xarici İşlər Nazirliyinin sözçüsü “Böhranın həllində xalqın rolu vacibdir” deyərkən Azərbaycan xalqının mövqeyini nəzərdə tutursa, bu halda Azərbaycan cəmiyyəti məsələyə münasibəti bəllidir: İşğal altındakı torpaqlar istənilən yolla azad olunmalıdır! Əgər iranlı diplomat Dağlıq Qarabağda yaşayan erməniləri nəzərdə tutursa, onlar separatçı liderlərinin təzyiqi altındadırlar və indiki durumun davam etməsini istəyirlər. Yəni, ortada bir-birinə zidd iki xalq mövqeyi var və elə buna görə də münaqişənin həlli uzanır”. 

    Politoloqun sözlərinə görə, Bəhram Qasıminin “Çoxlu faktorlar biləşməlidir ki, münaqişə həll olunsun” və “Münaqişənin həlli bütün amillərin həmrəyliyi ilə mümkündür” fikirləri də maraqlıdır: “Söhbət hansı çoxlu faktorların birləşməsindən və həmrəylikdən gedir? Azərbaycan üçün əsas faktor ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və məcburi köçkünlərin geri qayıtmasıdır, Ermənistan hakimiyyəti üçün tam tərsinə – statusu müəyyənləşdirən referendumun keçirilməsidir. Bu iki yanaşma da eyni sənəddə əks oluna bilmir. Elə buna görədir ki, Minsk Qrupu həmsədrləri 20 ildən çoxdur bu iki ziddiyətli prinsipi vahid sənədə daxil edə bilmirlər və danışıqlar nəticə vermir. Buna baxmayaraq, iranlı diplomat bütün ziddiyətli “faktorların” hamısının nəzərə alınması vacibliyini bildirir. Bu isə mümkün deyil. İranlı diplomatın “Bu böhranı bir şəxs və ya bir ölkə həll edə bilməz” fikri isə böyük ehtimalla Rusiyaya aiddir. Çünki son illərdə iki həmsədr dövlət – Fransa və ABŞ faktiki Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmurlar.

    Münaqişənin həllindəki əsas vasitəçi dövlət Rusiyadır. Son illərdə prezidentlərin və xarici işlər nazirlərinin görüşləri məhz Rusiya ərazisində keçirilir. Ona görə də iranlı diplomat “bir ölkə” deyərkən böyük ehtimalla Rusiyanı nəzərdə tutub. Bu, o deməkdir ki, Tehran Rusiyanın təkbaşına vasitəçiliyinə qısqanc yanaşır, Kreml İranın da bölgədəki maraqlarının nəzərə almasını istəyir. Maraqlı situasiya yaranır. Tehranla Moskva Suriya məsələsində və ABŞ-ın qarşı müqavimətdə müttəfiqdirlər. Ancaq Qarabağ məsələsinin həllində Tehran Moskva ilə fikir ayrılığına malikdir. İranın iki qonşusu – Azərbaycan və Ermənistanla sıx əlaqələri var. Ona görə də Tehran arzu edir ki, Bakı, İrəvan və Moskva Qarabağ danışıqlarında İranın da regional oyunçu statusunu nəzərə alsınlar”. 

    Elxan Şahinoğlu əlavə edib ki, Bakı, İrəvan və Moskva İranla əməkdaşlıqda maraqlıdırlar, ancaq hər 3 ölkə İranın Qarabağ münaqişəsinin həllindəki vasitəçilik təşəbbüslərinə ehtiyatla yanaşır:“Hər 3 ölkənin öz arqumentləri var. Rusiyanın arqumenti budur ki, Cənubi Qafqazdakı maraqları ona Dağlıq Qarabağ münaqişəsinin həllində başqa ölkə ilə məsləhətləşməmək imkanı verir və bu mənada Kremlin bu mövzuda Tehranla dialoquna ehtiyacı yoxdur. Ermənistanın arqumenti budur ki, Tehran İrəvanla sıx əlaqələrə malik olsa da, Ermənistan hakimiyyəti İranın Qarabağ münaqişəsinin həllindəki fəallığına şübhəylə yanaşır, qorxur ki, İran son anda müsəlman qonşusunun tərəfini tuta bilər. İrəvan eyni zamanda İranda yaşayan azərbaycanlıların Tehranın Qarabağ siyasətinə təsir imkanlarından çəkinir”. 

    Şamo, Hurriyyet.org