Çovdarovun işində zərərçəkmişin oğlu da həbs edildi

    3

    Yüksəliş – C” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri və hüquqşünasına cinayət işi açılıb.

    Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, kooperativin direktoru Samir Alışov və sonuncunun səlahiyyətli nümayəndəsi, hüquqşünas Habil Fətəliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 322.1-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda)maddəsi ilə ittiham elan edilib.

    İttihama görə, “Yüksəliş – C” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Xətai rayonu M.Hadi küçəsində 2337-ci məhəllədə inşa olunan 1 girişli 20 mərtəbəli binadan “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və pul vəasitlərinin ödənilməsinə dair maliyyə arayışlarına əsasən mənzillər satılıb.

    Bundan sonra Samir Alışov satılmış mənzilləri 2015-ci ilin dekabrından başlayaraq, ayrı-ayrı adamlara da satmağa başlayıb. Bununla əlaqədar o, cəmiyyətin direktoru vəzifəsində işləyərkən hüquqşünas və səlahiyyətli nümayəndəsi Habil Fətəliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib.

    Onlar təkrar satışlar üzrə mənzillərin guya alıcılara qanuni olaraq verilməsi haqqında yalan məlumatlar daxil edildiyi müqavilə və maliyyə arayışları təqdim ediblər. Qeyd olunan binadan 1 otaqlı mənzil Seyfulla Vəliyevə satıldığı halda təkrar Cəlal İbadova 72 min manata satıb.

    Onlar iş üzrə satılmiş mənzilləri 8 nəfərə yenidən sataraq, 4432000 manat özgənin əmlakını ələ keçiriblər.

    Qeyd edək ki, Samir Alışov “Yeni Yasamal” və "Badu-Kübə” Mənzil Tikinti kooperativlərinin təsisçisi və rəhbəri Cahangir Alışovun oğludur.

    Cahangir Alışov ötən ilin dekabrında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb.

    Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.

    Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.

    Karvansaray epizodu üzrə iş adamı Qədir Ədilova qarşı cinayətin törədilməsi sübuta yetirilməyib. Həmin epizodlar üzrə cinayət işinə xitam verilib.

    Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.

    Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib.

    İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan "Metropolitenin"nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.

    Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

    Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.

    Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.