Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”

258

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan istefa verdiyini açıqlayıb.

Bu barədə A.Ovannisyan “Facebook” hesabında yazıb.

Noyabrın 9-da bu vəzifədən uzaqlaşdığını açıqlayan A.Ovannisyan, bundan sonra elmi fəaliyyət və gənclərin tərbiyəsi ilə məşğul olacağını qeyd edib.

A.Ovannisyan Ermənistan tərəfinin Azərbaycana qarşı apardığı informasiya müharibəsində çoxsaylı saxta informasiyaların mənbəyi kimi ön plana çıxıb. Ermənistan MN rəsmisi sentyabrın 27-dən başlayan döyüşlər zamanı mütəmadi olaraq Ermənistan ordusunun “uğurları”nı erməni xalqına çatdırıb. O, həmçinin Azərbaycan ordusunun cəbhədəki hər irəliləyişindən sonra “taktiki olaraq geri çəkilmə” ifadəsini işlətməsi ilə azərbaycanlı sosial şəbəkə istifadəçilərinin gülüş obyektinə çevrilib.

Hər çıxışında işğalçı ordunun mövqelərini gücləndirdiyini bildirən A.Ovannisyan həmçinin əvvəlcə Hadrut, daha sonra isə Şuşa şəhərinin azad edilməsini uzun müddət təkzib edib. Ermənistan MN-in sözçüsünün noyabrın 9-da vəzifədən uzaqlaşdığını açıqlaması da təsadüfi deyil. Görünür, A.Ovannisyan artıq erməni xalqına deyəcək yalanının qalmadığına əmin olub və ya yeni yalanlar uydurmaqda çətinlik çəkib.

Azərbaycanda gülüş obyektinə çevrilən, erməni ictimaiyyətində isə verdiyi saxta xəbərlərin üzə çıxması ilə qəzəb doğurmuş A.Ovannisyanın erməni gəncliyini hansı xüsusiyyətləri ilə tərbiyə edəcəyi də sual doğurur. \\Oxu