“Otuz ildə gəncliyimiz işğala məruz qaldı”

333

Xaliq Rəşidoğlu: “Laçınla bağlı xatirələrimiz oğurlandı, əlimizdən alındı…

“İstəyirəm ki, həyatımın qalan hissəsini Laçın şəhərində yaşayım və orda yaradıcılıqla məşğul olum. Burda olan bütün işlərimi Laçına köçürtmək istəyirəm”

“Jurnalist kimi əsas planım Laçının ən görməli və gəzməli yerlərini fotoya köçürtmək və ictimaiyyətə təqdim etməkdir. Yəni Laçının gözəlliyini cəmiyyətə çatdırmaq istəyirəm ki, artıq Laçın kənd təsərrüfatıyla deyil, turizm baxımından əlverişli ərazi kimi yaddaşlarda qalsın. Laçın turistlərin ən çox gəldiyi məkan olmalıdır…”

Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Şübhə yoxdur ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb oldu. Hansı ki, hərbçilərimiz qanları ilə tarix yazdılar, kimisi şəhid oldu, kimisi də qazi…

Bəs, Laçın rayonunun bizim üçün siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əhəmiyyəti nələrdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Rayonun Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı mövcuddur. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.

Müsahibimiz Laçın Dövlət Rəsm Qalereyasının direktoru, jurnalist Xaliq Rəşidoğludur. O, 1983-cü ildə Laçın rayon Vağazin kəndində anadan olub. 1990-cı ildə doğulduğu kənddə birinci sinifə gedib. 18 may 1992-ci ildə – Laçın rayonunun işğalından sonra məcburi köçkün kimi Ağcabədi rayon “Taxta-körpü” ərazisində məskunlaşıb. Hal-hazırda Laçın Dövlət Rəsm Qalereyasının direktoru olmaqla yanaşı, eyni zamanda, Laçın rayonundan 1992-ci ildə məcburi köçkün düşmüş uşaqların iztirab dolu həyatından bəhs edən “Bir Uşağın Ömrü” adlı bədii-sənədli filmin müəllifidir. Bütün işlərini doğma yurdu olan Laçına köçürmək istədiyini deyən Xaliq Rəşidoğlu, orda internet televiziyası açacağını bildirib:

– Xaliq müəllim, ilk olaraq doğma rayonunuzun azad olunması münasibətilə sizi təbrik edirəm…

– Çox sağ olun. Bu qələbə bütün Azərbaycanın sevincidir.

– Torpağı işğaldan azad olunan bir köçkün kimi Azərbaycan Ordusunun qələbəsini necə qiymətləndirirsiniz?

– Öncə onu qeyd edim ki, artıq biz köçkün deyilik, dekabın 1-dən etibarən bütövləşmiş Azərbaycanın vətəndaşıyıq. Çox sevincliyəm. Müharibənin getdiyi hər bir dəqiqədə sevincimizlə yanaşı, şəhidlərimizin kədəri də ürəyimizdədir. Onlarsız qələbə mümkün olmazdı…

– Laçınla bağlı hansı yaddaqalan xatirələriniz var və bunu övladlarınızla paylaşırsızmı?

– Laçınla bağlı xatirələrim az olsa da, hər zaman xatirimizdə yaşatmışıq. Kitablardan və böyüklərimizdən eşitdiklərimizi övladlarımıza öyrətmişik. Çünki öz xatirələrimiz oğurlandı və əlimizdən alındı. Otuz ildə gəncliyimiz işğala məruz qaldı. Artıq istəyirəm ki, övladlarımızın xatirəsində Laçın gözəl və əbədiyyən qalsın.

– “Laçın” deyən zaman gözlərinizin önündə ilk olaraq nələr canlanır?

– Laçın mənim üçün Azərbaycanın ayrılmaz və qopmaz bir hissəsidir. Eyni zamanda, dünyanın ən gözəl yeridir. “Laçın” deyən zaman gözümün önündə uca dağlar, qartalın məskəni,  mineral suların mədəni, civə yatağı olan zəngin bir rayon canlanır.

– Gələcəkdə Laçında yaşamağı planlaşdırırsınızmı?

– Bəli, səbrsizliklə gözləyirəm. İstəyirəm ki, həyatımın qalan hissəsini Laçın şəhərində yaşayım və orda yaradıcılıqla məşğul olum. Burda olan bütün işlərimi Laçına köçürtmək istəyirəm. Necə ki, burda ölkədə baş verən bütün prosesləri izləyirdim, orda da peşə fəaliyyətimi davam etdirəcəm. Çox güman ki, internet üzərindən də olsa, Laçında televiziya kimi fəaliyyət göstərəcəyik.

– Laçınla bağlı planlarınız nədir və ilk olaraq nələr etməyi düşünürsünüz?

– Jurnalist kimi əsas planım Laçının ən görməli və gəzməli yerlərini fotoya köçürtmək və ictimaiyyətə təqdim etməkdir. Yəni Laçının gözəlliyini cəmiyyətə çatdırmaq istəyirəm ki, artıq Laçın kənd təsərrüfatıyla deyil, turizm baxımından əlverişli ərazi kimi yaddaşlarda qalsın. Laçın turistlərin ən çox gəldiyi məkan olmalıdır. Eyni zamanda oranın təbiəti də buna tam imkan verir. Ən gözəl mineral suaları, təbiəti və dağ mənzərələri imkan verir ki, Laçın turizm zonası olsun.

– Gerçəklik odur ki, Azərbaycan haqq savaşı apardığı vaxtda Ermənistan mülki insanları hədəfə alıb. Sizcə, Qarabağ tam azad olunandan sonra, ermənilərlə birgə yaşamaq mümkün olacaqmı?

– Xeyr. Ermənilərlə bütün hallarda bizim qələbəmizlə barışmayacaq. Burda bir məsələyə toxunmaq istəyirəm. Xankəndi, Xocalı və digər ərazilərimizi qazanmaq üçün şəxsən özüm ermənilərlə yaşamağa özümdə səbr də görürəm. Bunun siyasi tərəfini də anlatmağa ehtiyac yoxdur. Bunu tək mən yox, Azərbaycanın bütün vətənpərvər gəncliyi Xankəndində, Xocalıda yaşamağı özünə borc bilməlidir. Siyasi baxımdan, pisxoloji basqı edərək, erməniləri Qarabağın bəzi ərazilərindən də çıxartmaq lazımdır.

– Laçın rayonu rəsm qalareyasının direktoru kimi çalışırsız. Laçında da sərgilər keçirtməyi düşünürsünüzmü?

– Üzərimə nə düşürsə, çalışıram ki, onu Laçının adına layiq edim. Sərgilənən əsərlər qalareyanın profilinə uyğun olaraq həyata keçirilir. Bu işlərimizi və qalareyamızı Laçında açacayıq. Orda Laçınla bağlı əsərlərin sərgisini keçirəcəyik. Eyni zamanda jurnalistika fəaliyyətimi də davam etdirəcəm. Qeyd etmək istəyirəm ki, bədii filmlərin çəkilməsini də həyata keçirirəm. Yəni qalareyanın işləriylə bərabər, digər sadaladığım işlərlə də məşğulam. Vətənə olan borcumuzu şərəflə və ləyaqətlə icra etməyə çalışıram.

Söhbətləşdi: YƏHYA