OTUZ İL NAZİR KÜRSÜSÜNDƏ OTURMAQ… – Eldar Sabiroğlu yazır

75

Sizcə, Azərbaycanda vəzifədən şirin ikinci bir şey varmı!? Ki onu sevməyən olmasın!? Ancaq hər kəsə də qismət olmur. Baldan-qənddən şirin bu nemətin adı bəli, VƏZİFƏDİR!!! Bütün qırğın-qiyamətlər bunun üstündədir. Vəzifəyə görə hər şeyindən keçən nə qədər adam gördük. Adını siyasi mübarizə qoyub arxada kabinet hökmünün həsrəti ilə alışıb yananlar azmıdır bu həyatda? Təki vəzifə olsun, təki peysərinə qədər dirənən bir stol olsun.

Cəmiyyətdə dava-dalaşların, umu-küsülərin və etirazların böyük bir qismi əsas etibarı ilə öz qaynağını buradan götürür. Vəzifə elə bir mürəkkəb mexanizmidir ki, onun düşmənçiliyinin tay-bərabəri olmur. Uzağa getmədən öz iqtidarımızdakı ağız-ağıza dayanan və canavar kimi bir-birini didib parçalamağa hazır olan vəzifə xəstələrinin gizli və açıq savaşlarına diqqət yetirməmiz kifayət edər ki, bunun dövlətə və hakimiyyətə vurduğu ziyanı ayırd edə biləsən. Bəli, vəzifə doğrudan elə köpəyoğlu bir şeydir ki, hətta buna görə öz balasını qurban verən adamlar var.

Nə qədər ki, iş başındasan, gözünə hər şey yaxşı görünür. Elə ki, stol altından qaçdı, üzvü olduğun hökumət də, səni o vəzifəyə gətirmiş adam da dönüb olur xortdan… Dilin susur, fikrin isə başqa şərqiləri oxumağa başlayır. Demokratiya, azadlıq, haqq və ədalət barədə populist çıxışlar mənasını itirmiş əşya kimi arxivlərə atılır. Bu cür nümunələri hər an, hər dəqiqə müşahidə etmək mümkündür.

Axı artıq katibə, pürrəngli çay, qəbul otağının “qonaqları”, qarşıda ikiqat əyilən yaltaq dəstəsi qeybə çəkiliblər. Onları bu həyata alışdırıblar. Vəzifədən sonra dözə bilmirlər… Mən indi Əbülfəz Qarayevin hansı gündə olduğunu təsəvvür edirəm. Adam 26 il nazir vəzifəsində olub. Birdən isə hər şey əlindən çıxıb. Onu mədəniyyət nazirindən çox, fəxri adları bazara çıxaran bir nazir kimi tanıyırıq. Çoxillik vəzifə istər-istəməz adamı qudurdur. Ondan daha qudurğanları hal-hazırda nazir vəzifəsində dağıtmaqla məşğuldur. Bu təkcə nazir statusunda olanlara aid deyil. Prezident administrasiyasında şalvarının arxasını sökən yüksək vəzifə sahibləri var ki, artıq onlarla xüdahafizləşməyin vaxtı ötüb. Daha yetər Zeynal Nağdaleyevi vəzifədə saxlamaq! Həbs edilən icra başçıları onu razı salmadan təkbaşına rüşvət yığa bilməzdilər…

Bir sözlə, kardların vəzifə müddəti qanunla müəyyən edilərsə, onlar müəyyən dərəcədə məsuliyyət hiss edər və yırtıcılıqla məşğul olmazlar.

Eldar Sabiroğlu