Osman Nuri Cerit: “Türk dünyası birləşir”

255

Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Akşam” qəzetinin internet saytında Osman Nuri Ceritin “Türk dünyası birləşir” adlı məqaləsi dərc edilib. Məqaləni diqqətinizə çatdırırıq:

“Qarabağ zəfəri “Türk yolu” ilə taclanır. Naxçıvan-Azərbaycan arasındakı dəhliz bölgədəki ticarət marşrutunu dəyişdirəcək, Türkiyə birbaşa Orta Asiyaya bağlanacaqdır.

Dağlıq Qarabağ əməliyyatını başa çatdıran atəşkəs razılaşmasının ən mühüm nailiyyətlərindən biri də Naxçıvan-Azərbaycan arasında dəhlizin qurulması oldu.

Zəfərlə bağlı açıqlama verən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ ilə birlikdə Naxçıvan Muxtar Vilayəti arasında quru yolu əlaqəsinin qurulacağını bildirmişdi. Bu əlaqə ilə Anadolu ilə türk dünyası bir-biri ilə qırılmaz əlaqədə olacaq. Bütün bölgədə həyəcana səbəb olan bu yolun bir tərəfini təşkil edən dəmiryolu tikintisi isə sürətlənib. 2018-ci ilində başlanan Kars-Iğdır-Naxçıvan Dəmiryolu Layihəsinin tamamlanması ilə birlikdə tarixi İpək Yolu da yenidən canlanacaq.

Qırılmaz əlaqə

Ermənistanın İran sərhədinə yaxın torpaqlarında açılacaq dəhliz ilə Türkiyə və Azərbaycan tam bir əsr sonra ilk dəfə quru vasitəsi ilə bir-birinə bağlanacaq. Bunun sayəsində Türkiyə ilə Orta Asiya arasında geosiyasi və geoiqtisadi baxımdan yeni bir dövr başlanacaqdır. Türkiyə dünyanın içərisindəki süni coğrafi əngəl ortadan qalxarkən bölgənin uzunmüddətli perspektivdə Türkiyə ilə Orta Asiya arasında mühüm ticarət şəbəkəsi olması da gözlənilir.

İxracat artacaq

Açılacaq dəhliz yeni bir ticarət potensialı meydana gətirəcək. Naxçıvanda çəkiləcək xəttin yeri, məsafəsi və istifadə forması, ikitərəfli və çoxtərəfli ticarət, yük daşınması ilə turizmə qədər regiona iqtisadi olaraq yeni bir nəfəs gətirəcək. Beləliklə, Türkiyənin Orta Asiya ilə ixracat potensialı artacaq, Türkiyənin regiondakı imkanları güclənəcəkdir.

İran narahat oldu

Bundan əvvəl Azərbaycandan Naxçıvana quru yolu ilə çatmaq üçün Gürcüstan, yaxud da İran üzərindən keçmək lazım gəlirdi. Azərbaycan ilə Naxçıvan arasında inşa ediləcək dəhliz ilə artıq Azərbaycandan Naxçıvana qarşılıqlı gediş-gəlişdə İranın regiondakı təsiri də azalacaq. Bu vəziyyətlə bağlı İran iqtidarının narahat olduğu iddia edilir. Bunun səbəbi isə Azərbaycan və Naxçıvan arasındakı ticarətin 30 ildir İran vasitəsilə aparılmasıdır.

Bunun sayəsində İran həm Azərbaycana siyasi təsir göstərə bilir, həm də ticarətdən pul qazanırdı.

Dəmir İpək Yoluna yeni halqa əlavə edilir

Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində 30 oktyabr 2017-ci ildə işə başlayan Bakı-Tiflis-Kars xətti ilə Çindən yola düşən bir qatar 12 gündə Türkiyəyə çata bilir.

Naxçıvan xətti vasitəsilə açılacaq yeni qatar yolu ilə bu müddət daha da qısalacaq. 2018-ci ildə ilkin işlərin başlandığı Kars-Iğdır-Naxçıvan xəttinin çəkilməsi də sürətləndirilir.

Orta Asiya bu yolu gözləyir

Yeni yol türk respublikalarında da həyəcan doğurub. Məsələ Azərbaycan və Özbəkistan biznesmenlərinin keçirdiyi görüşdə də gündəmə gətirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev güclü əlaqə yaradılacağını bildirib. Özbəkistan Ticarət Palatasının sədri Adham İkramov isə yolun geosiyasi əhəmiyyətə malik olduğunu bildirib.

“Quru yolu qısaldıqda bütün bölgəyə ixracatımız artacaq”

Orta Asiyaya yük daşıyan ən böyük şirkətlərdən olan “Azure” şirkətinin İdarə Heyətinin başçısı Erkan Gül açılacaq yeni yolun Türkiyənin ixracatına böyük təsiri olacağını söyləyib. Gül deyib: “İndiki vəziyyətdə Batumidən Gürcüstana daxil olub, oradan Bakıya getmək lazım gəlir. Təkcə Batumi-Bakı arasındakı məsafə 1000 kilometrə yaxındır. İndi Iğdırdan Naxçıvana, oradan da Azərbaycana getmək mümkün olacaq. Yol Orta Asiyadakı türk respublikalarına məsafəni qısaldacacaq. Mənim hesablamama görə, 1000 kilometrə yaxın qısalma olacaqdır”. Gül bunun vaxt itkisinin də qarşısını alacağını bildirərək deyib: “Bu vəziyyət maddi baxımdan da öz təsirini göstərəcək. İxracın xərci azalacağı üçün ixracat da artacaqdır”.