Orxan Şahmarov polisin şərəfli adına kölgə salır

90

Yetkinlik yaşına çatmayan Diana Əliyeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olan polis əməkdaşı “Hürriyyət” qəzeti barəsində Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb

O, “Polis haqqında Azərbaycan Respublikasının Qanun”un, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini kobud surətdə pozub

Qəzetimizin daimi oxucularına məlumdur ki, Lənkəran şəhəri, akademik Zərifə Əliyeva küçəsi, ev 78/15, mənzil 5 ünvanında qeydiyyatda olan, 1989-cu il təvəllüdlü Vüsalə Əzizağa qızı Əliyeva bir müddət öncə “Hürriyyət”ə müraciət edərək, 14 yaşlı qızı Diana Əliyevanın, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin inspektoru olmuş, indi isə Xızı Rayon Polis Şöbəsində çalışan Orxan Araz oğlu Şahmarov tərəfindən təcavüzə məruz qaldığını iddia edib. Belə ki, Vüsalə Əliyevanın sözlərinə görə, Orxan Şahmarov xidməti vəzifəsindən sui-istifadə edərək, yetkinlik yaşına çatmayan Diana Əliyeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Xatırladaq ki, “Bu və digər qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığım 31 mart 2020-ci il tarixli ərizəm əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır” deyən şikayətçinin bildirdiyinə görə, nəticədə prokuror köməkçisi Ariz Sənham oğlu Əliyevin 26 may 2020-ci il tarixli qərarı ilə Orxan Şahmarovun barəsində cinayət tərkibi olmaması əsasına görə cinayət işi başlanması rədd edilib: “Diana Əliyeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olunma xüsusatı ilə əlaqədar fakta görə isə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyyəti üzrə Lənkəran şəhər-rayon polis şöbəsinin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır. Aşağıdakılara görə hesab edirəm ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında olan həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, materialda olan ekspertiza rəyləri ilə Diana Əliyevanın qızlıq bəkarətinin tamlığının pozulmaması, lakin onunla qeyri-təbii yolla cinsi əlaqədə olunması müəyyən edilmişdir. Prokuror köməkçisi Ariz Əliyev isə yalnız barəsində şikayət olunan Orxan Şahmarovun izahatına əsasən bunun Orxanla əlaqəsinin olmaması qənaətinə gəlmişdir. Belə çıxır ki, qızıma qarşı Azərbaycan Respublikası CM-nin 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini prokuror köməkçisi qəbul edir. Lakin nədənsə bu cinayətin Orxan Şahmarova aidiyyətini qəbul etmir. Halbuki ərizəmdən, eləcə də ərizəmə əlavə edilmiş materiallardan da açıq-aşkar görünür ki, Diana Əliyeva ilə Orxan Şahmarovun çox yaxın münasibətləri olmuş, Diananın Orxandan başqa heç kəslə belə yaxın münasibəti olmamışdır. Yəni qızıma qarşı bu cinayətin ondan başqasının törədilməsi imkansızdır. Diananın izahatından da görünür ki, ona qarşı bu əməli Orxan Şahmarov törətmişdir. Lakin prokuror köməkçisi həmin xüsusatlara qiymət verməmişdir. Bundan başqa Baş Prokurorlduğa ünvanladığım 31 mart 2020-ci il tarixli ərizəmdə Orxan Şahmarovun qızım Diana ilə sevgi münasibətində olması və belə məzmunda mesajlarının olmasını göstərib, həmin mesajların bəzilərinin mətnlərini ərizəmə əlavə etmişdim. Lakin prokuror köməkçisi təəssüf olsun ki, nə qeyd olunan mesajlara, nə Orxan Şahmarovun qızımla birlikdə olduqları videolara qiymət verməmiş, bu barədə Orxan Şahmarova sual verməmiş, həmin hərəkətlərin onun xidməti işinə nə dərəcədə uyğun olmasına münasibət bildirməmişdir. Baş Prokurorluğa ünvanladığım 31 mart 2020-ci il tarixli ərizəmdə həmçinin Diananın intihara cəhd etməsi və evdən getməsi ilə bağlı Lənkəran ŞRPŞ-də materialların olmasını, həmin hallara da Orxan Şahmarovun səbəbkar olmasını, lakin onun təsiri ilə materiallar üzrə düzgün araşdırma aparılmayaraq əsassız olaraq cinayət işi başlanmasının rədd edilməsini göstərmişəm. Lakin prokuror köməkçisi  ərizəmə əlavə etdiyim 04 yanvar 2020-ci il tarixli və 07 mart 2020-ci il tarixli qərarlar üzrə heç bir araşdırma aparmamış, həmin qərarlar barədə ərizəmdə göstərdiyim xüsusatları araşdırmamışdır”. Vüsalə Əliyeva onu da qeyd edib ki, Orxan Şahmarovun Diana Əliyeva ilə ciddi münasibətlərinin olması onların telefon daışıqları, mesajları, vatçap yazışmalarında da əks olunub: “Onların bəzilərini 31 mart 2020-ci il tarixli ərizəmlə Baş Prokurorluğa göndərməyimə baxmayaraq, prokuror köməkçisi bunlara heç bir hüquqi qiymət verməmişdir. Polis əməkdaşının azyaşlı qıza hansı səbəbdən, nə məqsədlə belə məzmunlu mesajlar yazmasını araşdırmamış və hüquqi qiymət verməmişdir”.

14 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olan polis əməkdaşı Orxan Şahmarov bu cür iyrənc əməliylə kimə örnək ola bilər?!

Məsələnin qəribə tərəfi isə ondadır ki, bu qədər həngamədən, faktlardan, sənəd-sübutlardan sonra Lənkəran Rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyevin adından redaksiyamıza daxil olan məktubda, 14 yaşlı qızı cinsi təcavüzə məruz qoyan polis əməkdaşı Orxan Şahmarovun daxili işlər orqanlarından kənarlaşdırılmadığı, sadəcə xidməti yerinin Xızı rayonuna dəyişdirildiyi qeyd olunub. Halbuki, müvafiq qanunvericiliyə görə, Orxan Şahmarov polis orqanlarından dərhal xaric edilməli və barəsində cinayət işi qaldırılmalı idi. Çünki “Polis haqqında Azərbaycan Respublikasının Qanun”un 3-cü maddəsində birmənalı şəkildə deyilir ki, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin maddədə həmçinin, o da qeyd olunur ki, törədilmiş cinayətləri açmaq, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək polisin birbaşa vəzifə borcudur. Vüsalə Əliyevanın dediklərindən isə belə məlum olur ki, Orxan Şahmarov sözügedən qanunun tələblərini kobud şəkildə pozaraq, yetkinlik yaşına çatmayan Diana Əliyevanı cinsi təcavüzə məruz qoyub.

Bundan başqa, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci maddəsində bildirilir ki, polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. İndi özünüz qərar verin, 14 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olan polis əməkdaşı Orxan Şahmarov bu cür iyrənc əməliylə kimə örnək ola bilər?!

Orxan Şahmarov bu əməliylə daxili işlər orqanlarının nüfuzuna ciddi xələl gətirdiyinin ya fərqində deyil, ya da kimlərinsə yardımlarıyla məsuliyyətdən kənarda qalacağını bildiyi üçün özünü heç nə olmamış kimi aparır

Beləliklə, həmin kodeksin 2-ci maddəsində isə göstərilir ki, polis əməkdaşı anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Bəli, tamamilə doğrudur. Lakin görünən odur ki, yetkinlik yaşına çatmayan Diana Əliyevanı cinsi təcavüzə məruz qoyan Orxan Şahmarov bu əməliylə daxili işlər orqanlarının nüfuzuna ciddi xələl gətirdiyinin ya fərqində deyil, ya da kimlərinsə yardımlarıyla məsuliyyətdən kənarda qalacağını bildiyi üçün özünü heç nə olmamış kimi aparır. Hələ bu da azmış kimi, qızı təcavüzə məruz qalan Vüsalə Əliyevanın şikayət xarakterli müraciətlərini işıqlandırdığımız üçün maddi və mənəvi ziyanın tələb edilməsi ilə bağlı “Hürriyyət” qəzeti barəsində Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində qeyd olunur ki, Orxan Şahmarov işgüzar nüfuzuna vurduğu ziyana, şərəf və ləyaqətinin alçaldıldığına görə Vüsalə Əliyevadan 50 min, “Hürriyyət” qəzetindən isə 150 min manat təzminat tələb edir. İşə bir baxın, 14 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olan şəxs köçünü sudan quru çıxarmaq üçün zərərçəkmiş şəxsi və onun fikirlərini işıqlandıran mətbu orqanı ittiham edir. Halbuki, Orxan Şahmarovun özünün əməlləri birbaşa cinayət tərkibi daşıyır və bu səbəbdən də onun barəsində qanunamüvafiq ölçü götürülməlidir. Çünki o, Diana Əliyevaya qarşı tərətdiyi iyrənc əməliylə polisin şərəfli adına kölgə salır…

(Ardı var)

“Hürriyyət”