“Orxan Şahmarov cinayət məsuliyyətinə cəlb edilməlidir” Azyaşlı qızı polis tərəfindən zorlanan Vüsalə Əliyeva Baş prokurora müraciət etdi

321

 

“Prokuror köməkçisi Ariz Əliyev 31 mart 2020-ci il tarixli ərizəmdə olan bu və digər xüsusatları araşdırmamış, onlara hüquqi qiymət verməmişdir”

Lənkəran şəhəri, akademik Zərifə Əliyeva küçəsi, ev 78/15, mənzil 5 ünvanında qeydiyyatda olan Əliyeva Vüsalə Əzizağa qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 14 yaşlı qızı Diananın rayon polis şöbəsinin əməkdaşı Orxan Şahmarov tərəfindən təcavüzə məruz qaldığını iddia edən şikayətçinin qəzetimiz vasitəsilə Baş prokuror Kamran Əliyevə məktubunu olduğu kimi dərc edirik:

“Lənkəran şəhər-rayon polis şöbəsinin YYÇPİTQ-nın inspektoru vəzifəsində işləyən Şahmarov Orxan Araz oğlunun xidməti vəzifəsindən sui-istifadə edərək, yetkinlik yaşına çatmayan qızım Əliyeva Diana Zamin qızı ilə cinsi əlaqədə olması və digər qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığım 31 mart 2020-ci il tarixli ərizəm əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır. Nəticədə prokuror köməkçisi Əliyev Ariz Sənham oğlunun 26 may 2020-ci il tarixli qərarı ilə Orxan Şahmarovun barəsində cinayət tərkibi olmaması əsasına görə cinayət işi başlanması rədd edilmişdir. Diana Əliyeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olunma xüsusatı ilə əlaqədar fakta görə isə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyyəti üzrə Lənkəran şəhər-rayon polis şöbəsinin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır.

Aşağıdakılara görə hesab edirəm ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında olan həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

Belə ki, materialda olan ekspertiza rəyləri ilə Diana Əliyevanın qızlıq bəkarətinin tamlığının pozulmaması, lakin onunla qeyri-təbii yolla cinsi əlaqədə olunması müəyyən edilmişdir. Prokuror köməkçisi Ariz Əliyev isə yalnız barəsində şikayət olunan Orxan Şahmarovun izahatına əsasən bunun Orxanla əlaqəsinin olmaması qənaətinə gəlmişdir. Belə çıxır ki, qızıma qarşı Azərbaycan Respublikası CM-nin 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini prokuror köməkçisi qəbul edir. Lakin nədənsə bu cinayətin Orxan Şahmarova aidiyyətini qəbul etmir. Halbuki ərizəmdən, eləcə də ərizəmə əlavə edilmiş materiallardan da açıq-aşkar görünür ki, Diana Əliyeva ilə Orxan Şahmarovun çox yaxın münasibətləri olmuş, Diananın Orxandan başqa heç kəslə belə yaxın münasibəti olmamışdır. Yəni qızıma qarşı bu cinayətin ondan başqasının törədilməsi imkansızdır. Diananın izahatından da görünür ki, ona qarşı bu əməli Orxan Şahmarov törətmişdir. Lakin prokuror köməkçisi həmin xüsusatlara qiymət verməmişdir.

Bundan başqa Baş Prokurorlduğa ünvanladığım 31 mart 2020-ci il tarixli ərizəmdə Orxan Şahmarovun qızım Diana ilə sevgi münasibətində olması və belə məzmunda mesajlarının olmasını göstərib, həmin mesajların bəzilərinin mətnlərini ərizəmə əlavə etmişdim. Lakin prokuror köməkçisi təəssüf olsun ki, nə qeyd olunan mesajlara, nə Orxan Şahmarovun qızımla birlikdə olduqları videolara qiymət verməmiş, bu barədə Orxan Şahmarova sual verməmiş, həmin hərəkətlərin onun xidməti işinə nə dərəcədə uyğun olmasına münasibət bildirməmişdir.

Baş Prokurorluğa ünvanladığım 31 mart 2020-ci il tarixli ərizəmdə həmçinin Diananın intihara cəhd etməsi və evdən getməsi ilə bağlı Lənkəran ŞRPŞ-də materialların olmasını, həmin hallara da Orxan Şahmarovun səbəbkar olmasını, lakin onun təsiri ilə materiallar üzrə düzgün araşdırma aparılmayaraq əsassız olaraq cinayət işi başlanmasının rədd edilməsini göstərmişəm. Lakin prokuror köməkçisi  ərizəmə əlavə etdiyim 04 yanvar 2020-ci il tarixli və 07 mart 2020-ci il tarixli qərarlar üzrə heç bir araşdırma aparmamış, həmin qərarlar barədə ərizəmdə göstərdiyim xüsusatları araşdırmamışdır.

Halbuki ötən ilin dekabr ayının 25-də Orxanın qısqanclıq zəmnində Diana ilə mübahisə etməsinə görə Diana intihar etməyə bir neçə dəfə cəhd etmişdir.  Daha sonra isə Orxan ərim Zaminin ondan şikayət etməsinə görə fevral ayının 27-də Diana ilə mübahisə etdiyindən Diana evdən getmişdir. Həmin gün Orxan mənə zəng edərək Diananı tapmasını və xəstəxanaya aparmasını bildirmişdir. Bu xüsusatlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılmış, araşdırmalar dövründə Orxan Diana ilə barışmış və onun təkidi ilə Orxanın Diana ilə münasibətini gizlədərək məzmununu oxumadığımız izahatları imzalamışıq. Orxan bunun işin xeyrinə olmasına bizi inandırmışdır.

Diananın intihar etməyə cəhd etməsi ilə bağlı qərarda mənim və Dinananın izahatlarında guya mənim Diananı zorla başqa şəxsə ərə vermək istəməyim qeyd edilmişdir. Həmçinin mənim izahatımda Diananın guya ötən il bir oğlanla qaçıb gedərək onunla cinsi əlaqədə olmasını bildirmişəm. Halbuki Diananın həmin oğlanla getməsi ilə bağlı araşdırma zamanı Diana ekspertizadan keçirilmiş və bakirə olması müəyyən edilmişdir. Bununla bağlı material Lənkəran ŞRPŞ-də saxlanılır. İzahatımda həmçinin guya Diananın əsəb xəstəsi olmaqla Psixiatriya xəstəxanasında qeydiyyatda olmasını bildirməyim göstərilmişdir. Halbuki belə hal olmamış və Diana heç bir nə əsəb, nə də ruhi dispanser qeydiyyatında deyildir. Materialda həmçinin Diananı guya zorla ərə vermək istədiyim şəxsin kimliyi də araşdırılmamış və buna qiymət verilməmişdir. Bunun səbəbi isə belə halın olmaması və izahatların yalnız Orxanı vəziyyətdən çıxararaq adının hallanmaması istiqamətində tərtib edilməsidir.

Diananın evdən getməsi ilə bağlı material da tələm-tələsik bağlanmış, onun dərman qəbul etməklə xəstəxanaya çatdırılması xüsusatı ümumiyyətlə araşdırılmamışdır. Halbuki Diana fevral ayının 27-də Lənkəran RMX-na çatdırıldığından mütləq xəstəxana bununla bağlı polis orqanına məlumat veməli idi. Qərara nəzər yetirsək belə bir məlumata rast gəlmirik. Halbuki materaldan görünür ki, qızım Lənkəran RMX-də olmuşdur. Onun Lənkəran RMX-na nə vaxt, necə, kim tərəfindən gətirilməsi, hansı dərmanı, nəyə görə qəbul etməsi isə araşdırılmamışdır. Halbuki bu hal da məhz Orxana görə, dəqiq desək, ərim Zamin Əliyevin Orxandan DİN-ə etdiyi şikayətlə bağlı onun Diana ilə mübahisə etməsinə görə olmuşdur.

Lakin təəssüflər olsun ki, prokuror köməkçisi Ariz Əliyev 31 mart 2020-ci il tarixli ərizəmdə olan bu və digər xüsusatları araşdırmamış, onlara hüquqi qiymət verməmişdir.

Orxanın Diana ilə ciddi münasibətlərinin olması onların telefon daışıqları, mesajları, vatçap yazışmalarında əks olunmuşdur. Onların bəzilərini 31 mart 2020-ci il tarixli ərizəmlə Baş Prokurorluğa göndərməyimə baxmayaraq prokuror köməkçisi bunlara heç bir hüquqi qiymət verməmişdir. Polis əməkdaşının azyaşlı qıza hansı səbəbdən, nə məqsədlə belə məzmunlu mesajlar yazmasını araşdırmamış və hüquqi qiymət verməmişdir.

Diqqəti cəlb edən daha bir məqam ondan ibarətdir ki, Diananın qızlıq pərdəsinin tamlığının pozulmaması yalnız əlavə ekspertiza zamanı müəyyən edilmişdir. Rayonda ekspertlərin həmin məsələyə münasibət bildirə bilməməsi, yalnız Bakıda ekspertin belə məzmunlu rəy verməsi məndə sonuncu rəyə əsaslı şübhələr yaradır. Bu şübhə onunla möhkəmlənir ki, adının açıqlanmasını istəməyən ginekoloq həkim müayinə edərkən Diananın qızlıq pərdəsinin tamlığının pozulmasını bildirmişdir. Diananın özü də izahatında Orxanın onunla cinsi əlaqədə olmasını və cinsiyyət orqanından qan gəlməsini göstərmişdir. Ekspert rəyinə görə isə Diananın qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Bu xüsusatlara görə sonuncu ekspert rəyinə məndə əsaslı şübhələr vardır. Söhbətin yetkinlik yaşına çatmayan şəxsdən getməsini və işin mürəkkəbliyini nəzərə alaraq hesab edirəm ki, iş üzrə komisyon ekspertiza təyin edilməli, qeyd olunan məsələ ekspertlər komissiyası tərəfindən araşdırılaraq rəy verilməlidir.

Sizdən məsələnin ciddiliyini nəzərə alaraq işi nəzarətinizə götürməyinizi, Lənkəran rayon prokurorunun köməkçisi Əliyev Ariz Sənham oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 may 2020-ci il tarixli qərarının ləğv edilərək, həm Diananın evdən getməsi ilə bağlı ötən ilin mart ayında Rəşad adlı müstəntiq tərəfindən araşdırılmış materialın, həm ərim Zamin Əliyevin Orxanla bağlı şikayəti əsasında DİN-nin Cavid adlı əməkdaşı tərəfindən bu ilin fevral ayında araşdırılmış materialın, həm də Diananın evdən getməsi və intihara cəhd etməsi ilə bağlı materialların tələb edilərək araşdırılıb Lənkəran ŞRPŞ-nın əməkdaşı Şahmarov Orxan Araz oğlunun əməlinə düzgün qiymət verilməsinə göstəriş verməyinizi xahiş edirəm”.

Hazırladı: RƏŞAD

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.