ORTAQ TARİXİ KEÇMİŞİN YARADILMASI

    3

    Türkiyə-Azərbaycan münasibətlərində tarixi mirasdan istifadə

    Türkiyənin eks-prezidenti Abdullah Gül 2010-cu ilin avqustunda Azərbaycanı ziyarət edərkən Qaxın Oncallı kəndində də olmuşdu. Bu ziyarətin prezidentin rəsmi səfər proqramına salınması təsadüfi deyildi: Türkiyədə millətçilərin və mühafizəkarların böyük dəyər verdiyi XIII əsr təsəvvüf şairi Yunus Əmrənin Oncallı kəndində dəfn olunduğu deyilir. Hərçənd məzarın ona aid olmasına tarixçilər hələ də şübhəylə yanaşırlar və onlardan bir qismi Oncallı versiyasının doğruluğuna inanmır. Bununla belə, Azərbaycan tərəfi tarixi mübahisələrə elə də əhəmiyyət vermədən iki ölkə üçün ortaq mirasın abadlaşdırılmasına çalışır, ziyarətgahı yenidən aktuallaşdırmaqla ona qardaş ölkə ilə yaxınlaşmanın bir elementi kimi baxırdı.

    2002-ci ilin noyabrında AKP-nin hakimiyyətə gəlməsindən sonra Osmanlı tarixinə istinad Türkiyə xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. AK partiya hökumətləri (2002-2018) Osmanlı dövrünə aid memarlıq işlərinin restavrasiyasından (bəzi hallarda rekonstruksiyasından) tutmuş keçmiş imperiya ərazisində yaranmış dövlətlərdə dərs kitablarının məzmununu dəyişdirməyə cəhd edilməsinə qədər Osmanlı mirasını regional diplomatiyanın bir alətinə çevirmək siyasəti yürüdüb. Bu mənada yeni-osmanlı deyilən bu siyasi diskursun Türkiyə-Azərbaycan münasibətlərinə bir neçə məsələnin timsalında necə təsir göstərdiyini təhlil etmək maraqlı olardı. Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və iki ölkənin liderləri hər fürsətdə bunu “qardaş dövlətlər arasında münasibətlər” kimi təqdim edirlər.

    Münasibətlərin istiliyinə baxmarayaq, yeni-osmanlı diskursu nəzəri baxımdan Azərbaycana tətbiq oluna bilməzdi, çünki bu ölkənin hazırkı əraziləri, bir-iki qısa tarixi dövrü (1590-1612; 1723-1735) istisna etsək, Osmanlı dövlətinin tərkibinə daxil olmayıb. Buna görə də Azərbaycanda, məsələn, Balkan regionunda olduğu kimi Osmanlı abidələri, demək olar, yoxdur. Bu zaman ortaya sual çıxır: iki ölkənin siyasətçiləri “binayi-qədimdən möhkəmlənmiş qardaşlıq tellərini” hansı tarixi material əsasında sübuta yetirə bilirlər? Bu mövzunun ritorikasının kompleksliyini kənara qoyaraq, bizim yazıda Azərbaycan perspektivindən Türkiyəyə yönəlik ortaq yaddaş siyasəti təhlil ediləcək. Bu məqsədlə 1918-ci ilin önəmi xüsusilə vurğulanacaq. Həmçinin, bu yazı mədəniyyət və siyasi sfrelarda fəaliyyət göstərən Azərbaycanlı aktorlar tərəfindən Türkiyə-Osmanlı tarixinin siyasi məqsədlər üçün necə istifadə edilməsi ilə yanaşı, bu qədim qardaşlıq mövzusunun məhdudluğunu da analiz edəcək.

    Elçibəy dövründən başlayan etnik milliyyətçilik

    Türkiyə ilə Azərbaycanı eyni tarixi müstəvidə qovuşdurmaq üçün edilən ilk tarixi yaddaşla bağlı siyasətin Elçibəyin prezidentliyi dövründə həyata keçirildiyi müşahidə edilir.1992-ci ilin noyabrında Şəmkir rayonunda Boz Qurd heykəlinin qoyulmasını buna misal göstərə bilərik. Həmin dövrün əsas xüsusiyyəti iki ölkə arasında əbədi qardaşlığın təkidlə vurğulandığı etnik milliyyətçilik və mifik-tarixi istiqamətli bir ritorikanın olması idi. Bu da Sovet Azərbaycanında yetişmiş milliyyətçi dünyagörüşlü elm xadimlərinin və tarixçi nəslinin fəaliyyətinin nəticəsi idi.

    Postsovet dövründə Türkiyə ilə ortaq tarixi keçmiş axtarışında olan Azərbaycanın milliyyətçi liderləri bununla yeni xarici siyasi kursu tarixə istinadla əsaslandırmaq məqsədi güdürdülər. Azərbaycanlı intellektualların öz ölkələrinin tarixinə etnik milliyyətçi baxışı bir tərəfdən onların Türkiyə yönümlü siyasi lüğətində əks olunurdusa, digər tərəfdən özünü rus ağalığından tam imtina edilməsində büruzə verirdi. Bu sonuncu istiqamətin bariz nümunəsi XIX əsrdə Qafqaz xalqlarının çarizmə qarşı mübarizəsinin simvolu olmuş Şeyx Şamilə 1992-ci ildə şimal-qərb bölgəsində heykəl qoyulması idi.

    Prezident Elçibəy özü şərqşünas-tarixçi idi, ətrafındakı siyasi rəhbərlər və yüksək çinli məmurlar arasında da tarixçilər az deyildi. Onların çoxu ölkənin akademik dairələrində üstün mövqeyə sahib idi. Milliyyətçi intellektualların sosial, iqtisadi və siyasi sferada dominant mövqeyi ölkədə həyata keçirilən siyasətə təsir göstərməyə bilməzdi. Bu təmayülün aşkar göründüyü sahələrdən biri dərsliklərin məzmunca milliyyətçi duyğuları tərpətmək istiqamətində dəyişdirilməsi idi. Ölkə tarixinin türkçülük yönü prioritet mövqe tutmağa başlamış, yeni tarixşünaslıq Azərbaycan tarixini İran və Rusiyadan mümkün qədər uzaqlaşdırmaq yolu tutmuşdu. Ölkə tarixinə yekcins yanaşma dominantlıq qazandıqca Qafqaz regionunun etnik və dini rəngarəngliyi nəzərə alınmır, arxa plana atılırdı. 1992-1993-cü illərdə Azərbaycan-Türkiyə münasibətlərində paradoksal olan nöqtə o idi ki, Azərbaycanın milliyətçi liderləri Türkiyədəki ifrat sağ partiyaların nümayəndələri ilə birgə görünməkdən çəkinmirdilər. Buna misal olaraq Alparslan Türkeşi göstərmək mümkündür ki, bu şəxs sadəcə müxalifət partiyası lideri idi və Türkiyə seçkilərində o qədər də çox səs toplamırdı. Bu yaxınlıq Türkiyədəki ifrat sağçı siyasi fəalların gələcəkdə Azərbaycanın daxili siyasətinə qarışmağa şərait hazırlayacaqdı. Onlar hətta Heydər Əliyevə qarşı çevriliş təşkilinə belə cəhd edəcəkdilər.

    Doxsanıncı illərin əvvəllərində yeni siyasi liderlər özlərinə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) mirası kimi çox möhkəm tarixi istinad nöqtəsi tapmışdılar. AXC-nin bəzi liderləri vaxtilə Türkiyəyə mühacirət etmişdilər və onların xatirəsi də iki ölkənin yaxınlaşması üçün önəmli rol oynamağa başlamışdı. Üstəlik, XX əsrin əvvəllərində Azərbaycanda yaşamış və bəlli səbəblərə görə Türkiyəyə keçib ömrünün qalan hissəsini orada yaşamış, orada torpağa tapşırılmış tarixi şəxsiyyətlərin xatirəsi də bu işə təkan verirdi. Onlar yeni siyasi diskursda rus işğalına qarşı mübarizənin rəmzinə çevrilirdilər. Misal üçün, dövrünün azərbaycanlı lokal avtoritetlərindən sayılan Kərbəlayı İsmayılın Iğdır bölgəsindəki qəbri sonralar Azərbaycanın milliyətçi müəllifləri üçün ziyarət yerinə çevriləcəkdi.

    1993-dən sonrakı dövr və Heydər Əliyev

    1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən (qayıdışından) sonra türkiyəpərəst ritorika azalmışdısa da, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının Türkiyəmeylli yaddaş siyasəti Elçibəy dövründə yürüdülən siyasətə çox bənzəyirdi. Türkiyə siyasi sferasında hərbi establişment dominant olduğundan Azərbaycan hakimiyyəti Türkiyə Respublikasının sekulyar rəmzlərinə daha çox diqqət ayırırdı. Cümhuriyyət qurucusu Mustafa Kamal Atatürkün müxtəlif yerlərdə büstünün qoyulması, adına küçə və xiyabanların verilməsi, haqqında tarix kitablarına materiallar salınması buna misaldır.

    Ortaq tarixi yaddaşı formalaşdırmaq üçün digər bir cəhd isə hər iki ölkənin tarixində mühüm rol oynamış tarixi, dini, siyasi, hərbi, ədəbi və elmi şəxsiyyətlərin aktuallaşdırılması idi. Bunlar əsasən indiki Azərbaycan ərazilərində doğulmuş və müəyyən səbəblərdən Osmanlı torpaqlarına köçmüş insanlar idi. Bu sırada XIX əsrdə yaşamış nəqşbəndi şeyxi Seyid Mir Həmzə Nigarinin və XV əsrdə yaşamış xəlvətiyyə şeyxi Seyid Yəhya Bakuvinin adını çəkə bilərik. Digər nümunələr sırasına orta əsr folklorunun qəhrəmanı Dədə Qorqudu misal çəkmək olar ki, bunlara qədim qardaşlıq haqqında dominant mövzunu əsaslandırmaq üçün müraciət olunurdu.

    1918-ci ildə Osmanlı ordusunun Azərbaycana gəlişi

    Osmanlı qoşunlarının 1918-ci ilin yazında Azərbaycana gəlməsi ölkənin siyasi-ictimai mühitində qardaşlıq diskursunun bərpası yolunda əsas faktora çevrildi. Rəsmi tarixşünaslığa görə, Osmanlı qüvvələri bölgəyə gənc Azərbaycan Cümhuriyyətini bolşevik-daşnak quldurlarının təcavüzündən qorumaq üçün və erməni silahlı qüvvələrinə qarşı mübarizədə Azərbaycan xalqına yardım göstərmək üçün göndərilmişdi. Beləliklə, bu tarixi epizoda istinad ümumi düşmən – Ermənistan ritorikasını yaratmaq üçün baza rolunu oynayırdı.

    Bu tarixi epizodun xatirəsini oyatmaq üçün Azərbaycan hökuməti elmi nəşrlər, televiziya proqramları sifariş verməyə başladı. 1918-ci ildə Azərbaycanda həlak olmuş osmanlı-türk əsgərlərinin xatirəsini ehtiramla yad etmək üçün milli televiziya kanalları sənədli filmlər hazırlayır, müxtəlif qurumlar sərgilər və şeir müsabiqələri təşkil edirdi. Bakıya Osmanlı ordusunun girdiyi 15 sentyabr isə “Bakının azad edilməsi” günü kimi kütləvi şəkildə qeyd olunmağa başlandı. Azərbaycan hökuməti 1918-ci ildə burada həlak olmuş 1130 osmanlı əsgərinin xatirəsini əbədiləşdirmək üçün Bakıda abidə kompleksi ucaltdı. Açılışı 2000-ci ildə həyata keçirilmiş bu tarixi abidə Türkiyə liderlərinin Azərbaycanı ziyarət etdikləri zaman mütləq baş çəkdikləri yerdir.

    (Ardı var)

    Elşən Mustafayev