Ordumuzun hücumlarını kimlər yubadır?

333

Prezidentin açıqlamasını ekspertlər şərh edir…

İbrahim Rüstəmli: “Cənab Prezident yubanmalar deyəndə döyüş əməliyyatları zamanı qarşılaşdığımız təbii problemləri nəzərdə tutur”

Ramil Məmmədli: “Prezidentin dediyi fikirlərdəəyyən məqamlar var ki, onlar araşdırılmalıdır”

Akif Nağı: “Müharibədə hər şey ola bilər, hansısa istiqamətdə irəliləyiş də, çətinlik də

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müşavirədə ölkə başçısı, bəzi hallarda yubanmaların  olduğunu və buna heç bir əsas gətirilmədiyini deyib. Prezident, eyni zamanda, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac olduğunu da vurğulayıb:

“Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq”.

Bəs görəsən, ölkə başçısının dediyi fikirlər bu günlərdə bəzi rütbəli şəxslərin vəzifədən azad olunmasıyla bağlı ola bilərmi?

Hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli, bütün bunların real döyüş əməliyyatları olduğunu və bu əməliyyatlarda hər şeyi qabaqcadan planlaşdırmağın mümkün olmadığını bildirib:

“Cənab Prezident yubanmalar deyəndə döyüş əməliyyatları zamanı qarşılaşdığımız təbii problemləri nəzərdə tutur. Öz çıxışında da bildirdi ki, ordumuz aşağıdan yuxarı istiqamətə doğru gedir. Döyüş mövqeyi üçün əlverişli yerlərin çoxu ermənilərin əlində idi. Bu baxımdan biz çətinlik çəkirdik. Ermənilərin Füzulidə qurduğu istehkam qurğuları, əsasən insanların uzun illər yaşadığı evlərin söküntüsündən əldə edilmiş inşaat materiallarının hesabına qurulub. Eyni zamanda, komanda qərargah, müşahidə məntəqələri, səngərlər və artilleriya mövqeləri beton elementlərdən ibarət idi. Bu baxımdan, onların cəbhəsini yarmaq çətin başa gəlirdi. Ölkə başçısı, eyni zamanda coğrafi şəraiti də nəzərdə tutur. Bəzi yubanmaların da konkret səbəbləri var. Biz az itkiylə, böyük nəticələr əldə etmək istəyirik. Bu səmərərli düşünülmüş gecikmələrdir. Yəni, nəzərdə tutulmayan gecikmələr deyil. Bu qoşunlarımızın döyüş hazırlığını və müdafiə qüdrətini yüksək səviyyədə saxlamaq üçündür.

Təbii ki, bütün bunlar real döyüş əməliyyatlarıdır. Bu əməliyyatlarda hər şeyi qabaqcadan planlaşdırmaq mümkün deyil. Strateji planlamalar aparılır. Taktikada isə həmin palanlamalar həyata keçirilir. Strategiyada hər şeyi reallaşdırmaq mümkün deyil. Döyüşün vəziyyətində fövqəladə vəziyyətlər yarana bilər. Fövqəladə vəziyyətlərdə qərar qəbul etmək üçün iradə və xarakter öz sözünü deyir. Yəni, döyüşün xarakterinə görə, müəyyən düzəlişlər edə bilərik. Ölkə başçısı da bunu nəzərdə tutur”.

Ekspert artıq Baş qərargah rəisi Nəcməddin Sadıqovun səhnənin önündə görsənmədiyini, eyni zamanda bacısı oğlunun da iki gün bundan öncə vəzifədən kənarlaşdırıldığını deyib: “Bu gün Ali Baş Komandanın ümumi rəhbərliyi altında ordu quruculuğu prosesi eyni dinamika və həssaslıqla davam edir. Döyüşlərin başlaması isə bu sahəyə fövqəladə diqqət tələb etdi. Eyni zamanda bəzi qərarlar hadisələrin gedişi zamanı qəbul olundu. Çox böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, artıq ordu rəhbərliyində bir sıra islahatlar aparılır. Deyilənə görə, Nəcməddin Sadıqovun vəzifədən kənarlaşdırılması məsələsi də aktualdır. Düzdür, bu barədə rəsmi məlumat hələ yoxdur. Amma faktiki olaraq Nəcməddin Sadıqovun özü də səhnənin önündə görsənmir. Düşünürəm ki, islahatların aparılması zərurəti şəraitdən irəli gəlir. Yəni Ali Baş Komandanın prinsipial mövqeyi var. Bəzi məsələləri var ki, onlara da ölkə başçısı tərəfindən kəskin reaksiyalar verilib. Digər tərəfdən, Nəcməddin Sadıqovun bacısı oğlunun işdən çıxarılması məsələsi də gündəmdədir. Deyilənə görə, iki gün bundan öncə onu da vəzifədən kənarlaşdırıblar. Hədəflərimizlə bağlı bizim strategiyamız və taktikamız aydın olmalıdır. Prezidentin hər bir çıxışı bizim üçün örnəkdir. Kadr islahatlarının aparılması çox zəruridir. Bu tip islahatlar ordunu xarakterizə edən bir prosesdir”.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli isə döyüş meydanında baş verən proseslərin əvvəlcədən planlaşdırılsa da, müəyən gedişat ərəfəsində gözlənilməz proseslərin də baş verdiyini qeyd edib: “Təbii ki, Ali Baş Komandan bu fikri söyləyirsə, demək ki, hər hansısa bir informasiyası var. Lakin döyüş meydanıdır. Döyüş meydanında baş verən prosesləri əvvəlcədən planlaşdırsaq da, müəyən gedişat ərəfəsində gözlənilməz proseslər də baş verə bilər. Məhz bu baxımdan yubanmalar ola bilər. Müharibədə hər zaman istədiyimiz hallar müşahidə oluna bilməz. Amma, Prezidentin dediyi fikirlərdə müəyyən məqamlar var ki, onlar araşdırılmalıdır. Ölkə başçısı bu məsələləri araşdırıb və ona görə də fikirlərini konret olaraq bildirib.

Həmin istiqamətdə gedən prosesləri əvvəlcə bilmək lazımdır. Döyüşü idarə edən hərbi komandanlıq o istiqamətləri bilir. Mən sadecə bu istiqamətdə ehtimallarımı deyə bilərəm. Məsələn, sizdə sual yarana bilər ki, niyə Ağdərə istiqamətində ordumuz cənub istiqamətində olduğu kimi işğaldan azad etmir?…Amma, biz bunu deyə bilmərik”.

Hərbi ekspert Prezidentin fikirlərinə siyasi müstəvidə yanaşmağın doğru olmadığını və məsələnin dərindən araşdırılmasının lazım olmadığını deyib: “Düşünmürəm ki, bu cür açıq toplantıda ölkə başçısı məhz bu formada mesaj ötürsün. Ordunun daxilində olan məsələlərin ictimaiyyətə açıqlanmasına lüzum yoxdur.  Bu da həmin tip məsələlərə aiddir. Orda söylənilən fikirlərə siyasi müstəvidə yanaşmaq doğru deyil. Məsələnin dərindən araşdırılması da doğru deyil. Orda olan fikirlər hərbi komandanlıq üçün deyilən fikirlərdir. Bunu da deyim ki, orduda hansı istiqamətdə döyüş getdiyini hərbi komadanlıqdan başqa heç kim bilmir. Belə olan halda necə deyə bilərik ki, hansı istiqamətdə uğurludur və ya hansı istiqamətdə uğursuz…Bir istiqamət manevr, digər istiqamət isə hücum”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı xəyanət hadisələrini nə təsdiq, nə də təkzib etməyin mümkün olmadığını deyib. O, Nəcməddin Sadıqov vəzifəsindən kənarlaşdırıldığını və sərəncama göndərildiyini deyib: “Müharibə başlayandan prezident öz xalqıyla səmimi münasibətdədir. Çalışır ki, problem olanda da, nəticə olanda da xalqıyla bölüşsün. Müharibədə hər şey ola bilər, hansısa istiqamətdə irəliləyiş də, çətinlik də olar. Tutaq ki, Ağdərə, Kəlbəcər istiqamətində çətinliklər ola bilər.

Amma, bu çətinliklərin hamısı həll oluna bilən çətinliklərdir. Buna görə heç kim narahat olmasın. Xəyanət hadisələrini nə təsdiq, nə də təkzib etmək mümkündür. Bildiyimə görə, Nəcməddin Sadıqov vəzifəsindən kənarlaşdırılıb. Bununla bağlı rəsmi qərar da olmalıdır. Artıq sərəncama göndərildiyi də deyilir. Belə problemlər ola bilər. Bunu da unutmaq olmaz ki, müharibə vəziyyətində ancaq rəsmi xəbərlərə istinad etmək lazımdır”. 

YƏHYA