“Ordumuz daha ağıllı hərbi taktika və strategiya ilə hədəfə doğru inamla irəliləyir” – QUBAD İBADOĞLU

156

“Hadrut qəsəbəsi ətrafında baş verənlər də göstərdi ki, hazırda ən vacibi yaşayış məntəqələrinə deyil, yüksəkliklərə nəzarət etməkdir”

“Maraqlı proseslər gedir. 26 il vaxtını qəhr edən xalqımız Qarabağı 15 gün ərzində azad görmək istəyir. Bu həsrətlə yaşayan hər kəs intizarla cəhbədən yaxşı xəbərlər gözləyir. Dağlıq Qarabağın fiziki cografiyasını bilənlər, relyefinə bələd olanlar bu ərazilərdə mövcud olan təbii istehkamlara görə sürətlə irəliləməyin nə qədər çətin və riskli olduğunun fərqindədirlər”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Rəşadətli ordumuzun bu işin öhdəsindən layiqincə gəldiyini vurğulayan ADR Hərəkatının sədrinin sözlərinə görə, son günlər əsgərlərimizin fəth etdiyi yüksəkliklərdə mövqe tutması qısa müddətdə bir çox ərazilərin erməni terroristlərindən təmizlənəcəyi gözləntilərini artırıb: “Odur ki, hər kəs cəbhədən səbirsizliklə yaxşı xəbərlər gözləyir. Əslində onlar vardır, lakin heç də hamısının “humanitar atəşkəs” dövründə açıqlanması məsləhət deyil. Paylaşmaq mümkün olanları sizinlə bölüşmək istərdim. Dünəndən etibarən cənub cəbhəsində sərrast topçularımız topları daha ön cəbhəyə aparıblar, deməli irəlidə onlar üçün yollar açılıb, şimal-qərb cəbhəsində də müzəffər ordu köhnə mövqelərində möhkəmlənib, eləcə də Kəlbəcər, Ağdərə istiqamətində yeni mövqelər ələ keçiriblər. Hadrut qəsəbəsi ətrafında baş verənlər də göstərdi ki, hazırda ən vacibi yaşayış məntəqələrinə deyil, yüksəkliklərə nəzarət etməkdir. Əks təqdirdə boşaldılmış yaşayış məntəqələrini əldə saxlamaq mümkün olmur. Məsələn, Füzuli rayonun mərkəzi elə ilk gündən işğaldan azad olunsa da, Ərgünəş və Məngələnata yüksəkliklərini ələ keçirmədən şəhərdə mövqe tutmağa dəymir”.

Qubad İbadoğlu qeyd edib ki, ordumuz daha ağıllı hərbi taktika və strategiya ilə hədəfə doğru inamla irəliləyir: “Bu məqsədlə onlar yeni ərazilərin işğaldan azad edilməsi ilə yanaşı, vacib yüksəkliklər uğrunda vuruşaraq, yeni və şanlı tarix yazırlar. Hazırda Dağlıq Qarabağ və Ermənistanı birləşdirən Laçın-Gorus yolu açıqdır və bu yollarda Yerevana geri qayıdan fərrarilərin saxlanılması üçün postlar qurulub. Yolun açıq qalması da taktiki xarakter daşıyır, Dağlıq Qarabağ boşalandan sonra Azərbaycan ordusu bu yolu da nəzarətdə saxlayacaq. Bunun üçün Cəbrayıl rayondan Qubadlı rayonunun Başarat, Hat, Milanlı kəndlərinə daxil olub, o ərazilərdəki yüksəkliklərdə mövqe tutmaq kifayətdir. Yekunda bir məsələyə də diqqət çəkmək istərdim, işğaldan azad edilən ərazilərdən yayılan video çəkilişlərdən görünür ki, ermənilər Füzulinin, Cəbrayılın kəndlərində yaşayış evlərinin birində də daşın daş üstündə qalmasına imkan verməyiblər. Yaşayış evlərinin, infrastruktur obyektlərinin hamısını işğalın ilk dövrlərində söküb, ya Dağlıq Qarabağa daşıyıb, ya da İrana satıblar. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, onlar bizim doğma yurdumuza nə zamansa qayıdacağımıza əmin olublar”.

İqtisadçı alim əlavə edib ki, arxa cəbhədə də, ön cəbhə ilə yanaşı hər kəs inamla və yorulmadan qələbə üçün çalışanda əminliyimiz, böyük qələbəyə inamımız artır: “Əsgər qardaşlarına yorulmadan xidmət edən, yaralıların keşiyini çəkən, gecəsini gündüzünə qatan fədakar tibb bacılarımıza – ana və bacılarımıza eşq olsun!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org