“Operativ Qərargah tam təcriddən imtina edib, ünvanlı məhdudlaşma tədbirlərinə keçməlidir” – SAMİR ƏLİYEV

192

“Ən azı 2 günlük tam tədric özünü müsbət mənada göstərməli idi, ancaq tendensiya artım istiqamətində gedir”

“Son 1 ayda gündəlik koronavirusa yoluxma sayı 3 dəfədən çox artıb. Ötən ayın 14-ü gündəlik yoluxma 121 nəfər olduğu halda hazırda 387-yə həddə çatıb. Ötən həftənin şənbə-bazar günü Bakıda və bir sıra şəhər və rayonlarda tam karantin tətbiq edildi. İyunun 6-sı tarixindən artıq 8 gün ötüb. Operativ Qərargahın açıqlamasına görə, yoluxma simptomları özünü 2-14 gün arasında göstərir”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

Ekspert hesab edir ki, ən azı 2 günlük tam tədric özünü müsbət mənada göstərməli idi, ancaq tendensiya artım istiqamətində gedir: “Fikrimcə, tam təcrid ən azı 2 səbəbdən effekt vermir. Birincisi, tam təcriddən 1 gün qabaq və sonrakı günlərdə adi vaxtlarda olduğundan daha çox sıxlıq yaranır və bu yoluxma üçün əlavə zəmin yaradır. İkincisi, tam təcrid insanlarda özünüqoruma vərdişlərinin formalaşmasına mane olur. Ola bilsin tam təcrid səbəbindən yoluxma sayında hansısa gün əhəmiyyətli azalma olsun, ancaq bu müvəqqətidir. Sonrakı günlər qaydalara əməl edilməməsi azalmanı kompensasiya edəcək. Operativ Qərargah tam təcriddən imtina edib, ünvanlı məhdudlaşma tədbirlərinə keçməlidir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org