“OPEC son gülləsini də atdı” – ŞAHİN CƏFƏRLİ

3

“Bizim kimi xammal iqtisadiyyatı modelinə malik ölkələr yeni sınaq qarşısındadır”

“Hasilatın nəzərdə tutulandan daha çox – 1,5 milyon barel ixtisarına qərar verildi. Daha əvvəl isə təşkilat hasilatı 2,1 milyon barel azaltmışdı. Lakin OPEC-in artıq bazara əvvəlki qədər təsiri yoxdur”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli qeyd edib.

“Dünyada 2008-ci il böhranına bənzər vəziyyət yaranıb”

Cəfərlinin fikrincə, son qərar bazarda müsbət emosiyalar doğursa da, çətin ki, qiymətin ciddi artımına səbəb olsun: “Əvvəla, koronavirusla əlaqədar hazırda dünyada 2008-ci il böhranına bənzər vəziyyət yaranıb. Yanacağa tələbat kəskin azalıb. Bu durum təkcə virusla əlaqəli deyil. Dünya iqtisadiyyatı virusdan əvvəl də yavaşlama trendində idi”.

“OPEC hasilatı azaltdıqca bazardakı paylarını amerikalılar və kartel xaricindəki digər hasilatçılar tutur”

Cəfərlinin sözlərinə görə, digər tərəfdən  də ABŞ-da neft hasilatı artır: “Artıq gündəlik 13,1 milyon barelə çatıb. ABŞ-ın neft ixracı 4,154 milyon barelə yüksəlib ki, bu da Səudiyyə və İraq istisna olmaqla, digər OPEC ölkələrinin hasilatından çoxdur. OPEC üçün problem budur ki, onlar hasilatı azaltdıqca bazardakı paylarını amerikalılar və kartel xaricindəki digər hasilatçılar tuta bilər və tutur. Yəni hasilatın ixtisarı siyasətini davam etdirmək təhlükəli yoldur. Qısacası, bizim kimi xammal iqtisadiyyatı modelinə malik ölkələr yeni sınaq qarşısındadır”.

Şamo EMİN, Hurriyyet.org