“Onsuz nəfəs almaq, yaşamaq mənə çox çətindir”

7473

Şəhid kapitan Seymur Cabbarovun xanımı: “…televizorda gördüyüm müharibə gəək oldu və yarımı məndən aldı”

“…Ağlayaraq “Seymur yoxdu, ölüb”, – dedim. Qızım Sevinc bu sözümü eşidib mənə qışqırdı: “Ana, atam ölməyib, şəhid olub. Şəhidlər ölmür, onlar yaşıyır””

Müharibə itirmək bahasına qazanılan qələbədir. Sönən arzuların və gerçək olan arzuların bir-biri ilə təzadıdır. Müharibənin qoyduğu izlər silinməz, açdığı yaralar isə heç zaman sağalmaz. “Müharibə” – bu vahiməli sözdən ən çox şəhid ailələri ürpənir.

Müsahibim ll Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan kapitan Cabbarov Seymur İlham oğlunun xanımı Maral Cabbarovadır.

– Maral xanım, siz “müharibə” sözünü eşitdikdə hansı duyğuları yaşayırsınız?

– “Müharibə” sözünü eşidən kimi ağlıma ilk gələn 2020-ci ilin ilk anları olur. Biz həmin vaxt Naxçıvanda idik. Hər kəs kimi  atəşfəşanlığa baxırdıq. 1-2 dəqiqə keçmədi qaça-qaç başladı, hərə bir tərəfə dağıldı. Alovlar başımıza tökülürdü, hamı qaçırdı. Biz də həmin vaxt o hadisəni yaşayanlardan biri olduq. Mən qızımla ağlıyırdım, Seymur bizi sakitləşdirirdi. Nihad isə nə olduğunu başa düşmürdü, atasının qucağında sakitcə durmuşdu. Amma hiss olunurdu ki, çox qorxmuşdu. Mən o hadisəni yaxınlarıma danışanda deyirdim ki, mən özümü  müharibədə hiss etdim. Seymur da gülə-gülə mənə baxıb deyirdi “Sən müharibə görmüsən? Sən nə bilirsən müharibə nədi?” Mən də “televizorda görmüşəm” dedim. Baxıb mənə, gülümsədi. O an qəlbimdən heç yaxşı şeylər keçmədi. Həmişə deyirlər ki, Yeni ili necə qarşılasan, həmin il qarşıladığın kimi keçər. O qəlbimdən kecən pis düşüncələri susdura bilmirdim. Əl açıb dua edirdim ki, Allahım, sevdiklərimlə sınama məni. O televizorda gördüyüm müharibə gəək oldu və yarımı məndən aldı.

– İlk dəfə yollarınız nə zaman və harada kəsişdi?

– Onunla ilk yolumuzun kəsişdiyi günü heç unutmaram.7 iyul 2009-cu il idi. Biz bir -birimizi heç görməmişdik. O akademiyanı bitirmişdi. İlk təyinatını Gəncəyə vermişdilər. Evdə valideyinləri Seymura “artıq sən də ailə həyatı qurmalısan deyirmişlər”. Onun da ən böyük arzusu birinci maşın almaq  olub. Deyirmiş ki, birinci maşın alım, sonra ailə həyatı quraram. Ailəsinin təkidini görən Seymur “Qız tapın, evlənim. Amma elə qız olsun ki, mən hərbiçiyəm, hər yerdə başımı uca tutan olsun”, – deyib. Qohumlarından biri məni göstərib. Mən həmin vaxt NDU-nin riyaziyyat fakultəsinin ikinci kurs tələbəsi idim. Mənə dedilər ki, bəs, belə bir oğlan var, hərbçidir, nə deyirsən, görmək istiyirsən? Mən çox düşündüm və “hə” dedim.

Bizim həyətimizdə mağazamız var idi. Seymur həmin mağazaya gəldi, bir şeylər aldı. Əslində isə məqsədi məni görmək idi. Təsadüfən bir- birimizə baxdıq, göz-gözə gəldik və həmin an bizim hekayəmiz başladı…

– Bilirəm, hərbiçilər hər dəfə evdən çıxanda ailələri ilə son vida kimi vidalaşırlar. Bəs Seymurun son vidası sizin yaddaşınızda necə iz qoyub?

– Düzdü, hərbiçilər evdən çıxanda da, evə gələndə də ailəsi ilə görüşürlər. Biz o anı çox sevirdik. Atamızın evə  gəlişi sanki bir dünya idi. Elə ki, ayaq səslərini eşidirdik, tez sıra ilə düzülürdük, kim birinci öpəcək atanı deyə yarış keçirirdik. Seymur 26-sı zəng etdi ki, “paltarlarımı hazırla, gəlirəm götürəm, gedəm təlimə. 1 həftəlik təlimimiz başladı”. Mən də tez yemək hazırladım, bir də sevdiyi şirniyyatdan hazırladım. Gəldi əl-üzünü yudu, yeməyini yedi. Dedi “bu gün çox hərəkətdə olmuşam, ona görə ayaqlarım şişib, ağrıyır”. Ayaqlarına krem sürtdük. Əynini geyindi, hazırlaşdı. Evdən çıxanda həmişəki kimi uşaqları və məni öpdü, o an mən ona dedim ki, bəs şirniyyatla çay içmədin axı, heç olmasa apar əsgərlərlə birgə ye. “Çox adam var orda, hansı birinə verim”, -deyə cavab verdi. Mən də cavabımda “Seymur, ürəyimdə qoydun həvəsimi, necə sevinə-sevinə hazırlamışdım”, – dedim. Görüşüb getdi. Gecə saat 2-3 arası idi. Zəng vurdu ki, qapını aç. Qapını açan kimi ilk sözü  “Maralım, sən dedin ki, şirniyyat yemədin, ürəyimdə qaldı, bax, sənin o sözün üçün gəldim, çay gətir içək”. Mən də sevincək çay gətirdim, şirniyyatla çayını içdi. “Onsuz da orda yer yoxdu, 2 saat evdə yatım, birazdan gedərəm”, – deyib yatdı. Saat 05:00-da durub getdi. Gedəndə mənim alnımdan öpdü, məni təbrik etdi. Çünki 27-si bizim evliliyimizin 11 ili tamam olurdu. Mənə dedi ki, “gəlim, hədiyyəni alacam”. Mən də “sən özün mənə hədiyyəsən, hec nə istəmirəm”, – dedim.

Seymur mənim ən dəyərli varlığım idi. Bir- iki addım atmışdı, təkrar mənə baxıb dedi: “Özündən, uşaqlardan muğayət ol. Uşaqlarıma yaxşı bax”. Nə bilərdim ki, onun son vidasıdı, onu bir də görməyəcəm.

– Bir-birinizi tamamlayan cəhətləriniz hansılar idi?

– Bizi tamamlayan cəhətimiz o idi ki, ikimiz də qayğıkeş, diqqətçil, qonaqpərvər idik. Bizi tanıyanların hamısı bunu yaxşı bilir. Elə bir rayon yoxdu ki, bizim orda dostumuz olmasın. İkimiz də gəzməyi, yeni yerlər kəşf etməyi sevirdik. Yaxın qohumlarından biri mənə dedi ki, təlimdə olanda Seymur ona deyirmiş ki, ilk məzuniyyətimdə uşaqları Qarabağa aparacam.

– İkinizi tək bir cümlə ilə izah etməli olsanız, hansı cümlə ilə izah edərdiniz?

– Bizi nəinki, bir cümlə, dastanlar belə izah edə bilməz.

– Hərbçi xanımı olmaq da bir hərbçi olmağa bərabərdir. Çünki bu həyat çətin, məsuliyyətli və mütəmadi olaraq dəyişən ünvanda yaşamaq deməkdir. Sizin üçün ən çətin keçən dönəm hansı idi?

– Bəli, hərbçi xanımı hər zaman dözümlü, səbrli, qürurlu olmalıdı. Çünki hərbi həyatı çox çətin,  məsuliyyətli bir o qədər də şərəfli bir həyatdır. Mənim üçün hər dönəmi çətin olub. Tez- tez yer dəyişirdik, yorulmuşdum köçməkdən. Bəzən oturub “yoruldum artıq”, – deyib hönkür- hönkür ağlayırdım. Ən çətini Gədəbəydə olub, onda uşaqlar balaca idi. Qızımız 3 yaşında, oğlumuz isə təzə doğulmuşdu. Evin heç bir şəraiti yox idi. Qaz çəkilməmişdi o kəndə. Odun peçi yandırırdım.Su olmurdu, çaydan su daşıyırdım. Ev bir az dağ ətəyində idi, çay isə aşağıda. Suyu evə qaldıranda çox əziyyət çəkirdim. Qar dizdən olurdu. Qış vaxtı paltarları çayda yuyurdum. Yadımdan heç çıxmaz. Nihad  hələ dünyaya gəlməmişdi, Sevinc isə 2 yaşında idi. Sevinc bərk xəstələnmişdi. Seymur da posta qalxmışdı. İşıqlarımız qış olanda hansısa xəttdən qopub düşürdü, çox vaxtı işıqsız qalırdıq, şam yandırırdıq.O gün yenə işıqlar söndü. Sevincə dərman verdim ki, qızdırması düşsün. Baxdım ki, bir az yaxşıdı. Hava qaralırdı, mənsə çaydan su gətirməli, bir də odun yarmalı idim. Getdim həyətə, odun yardım, suyu götürdüm, qalxdım evə. 10 dəqiqə çəkdi o işlərim. Evə girən kimi Sevinci əzizləməyə başladım. Ev qaranlıq idi, şam yanırdı. Gördüm Sevinc mənə hec bir reaksiya vermir. Qaçdım üstünə ki, qızım sudurqa keçirir, quruyub, sadəcə gözləri baxır. Aldım qucağıma, qışqırdım, qonşumuz gəldi. Özümü itirmədim, əlimi saldım boğazına üzünə su vurdum. Həmin an Sevincdən səs çıxdı. Aldım qucağıma, ağlaya-ağlaya tanımadığım kəndin yollarına düşdüm. Kömək istədim, sağ olsunlar, kənd camaatı kömək etdilər. Evə gəldik. Seymur isə heç nədən xəbəri yox halda dağdan düşürdü. Evə çatdı. Dedim yazıqdı deməyim olanları. Seymur mənə dedi ki, “Maral, Allah məni qurtardı, dağda qar çox idi. Az qala uçurumdan aşağı düşürdüm, uşaqlar saxladı məni”. Mən də onu Sevincin halından xəbərdar etdim. Səhərə kimi yatmadıq, gah ağladıq, gah da bir – birimizə təsəlli verdik. Həmin gün Allah iki sevdiyimi mənə bağışladı.

Çətin günlərimiz, yaxşı günlərimizdən çox olub. Amma hər daim öhdəsindən gəlməyi bacarmışıq.

(Ardı var)

Manya SƏXAVƏTQIZI 

**

 

– Ailəniz hansı özünəməxsusluğu ilə seçilirdi?

– Əslində bu suala bizi tanıyanlar daha yaxşı cavab verərlər. Ən çox sakit və mehribançılığımızla seçilirdik.

– Bir taleyin oyununda cütləşmiş zər idiniz. Bir-birinizi tamamlamağı bacarırdınızmı?

– Bəli, çox gözəl tamamlayırdıq. Düzdü, hər ailədə problemlər olur. Amma biz bir-birimizi tamamladığımız üçün hər bir halda  o problemi aradan qaldırmağı bacarırdıq.

– Bir hərbçi xanımının ürəyi hər zaman yar həsrəti ilə sızlayır. Çünki sevdiyi çox zaman uzaqlarda olur. Həsrətlə ötən zamanınız günlərə, aylara ya fəsillərə bərabər oldu?

– Biz 11 ildi ailəliyik. Demək olar ki, 11 ilin 5 ilini biz ailə kimi yaşamışıq. Çünki ya kursda, ya təlimdə, ya dağda olub. Mən Naxçıvana gəlirdim, o qalırdı Gədəbəydə. Aylar sonra gəlib bizi aparırdı yanına. Biz bir-birimizdən çox ayrı qalmışıq. Axırıncı dəfə 2020-ci ilin yanvar ayında təyinatını Naxçıvandan Beyləqana verdilər. O, ayın 15 -i getdi, biz isə qaldıq Naxçıvanda. Dedi ev tutanda deyəcəm gəlin. Günlərimizi sayırdıq, 1 günümüz 1 il kimi keçirdi. Mart ayında pandemiyaya görə yollar bağlandı, nə o gələ bildi, nə biz gedə bildik. Telefonla görüntülü danışırdıq. Uşaqlar burda ata həsrətindən ağlıyırdı, o da orda bala həsrəti ilə sızlayırdı. 8 ay ayrı qaldıq, sanki 8 il oldu. Avqust ayında Seymurun dayısı oğlu bizə bilet aldı. Allah ondan razı olsun. Avqustun 12-si həsrətimiz bitdi, qovuşduq. Çox gözəl və unudulmaz bir gün oldu. Uşaqlar atalarına sarılmışdı, o da uşaqlara. Ağlamamaq əldə deyildi. Allah heç bir övladı atasız qoymasın. Bizim başımıza  gələn heç kimin başına gəlməsin.

– Övladlarınız atalarının əbədi gedişinin və onun hansı məqama ucaldığının fərqindədilər?

– Bəli, övladlarım artıq atalarının əbədi gedişini qəbul ediblər. Bilmirəm, bəlkə də mənə elə gəlir. Amma mən Seymursuzluğu qəbul etməmişəm. Mənə onsuz nəfəs almaq, yaşamaq çox çətindi. Bəzən düşünürəm ki, övladlarım məni bu halda görməmək üçün qəbul edirmiş kimi görünürlər. Çünki gözlərini məndən ayırmırlar. Qorxurlar, düşünürlər ki, özümə qıyaram. Ancaq mən atasız qalan körpələrimi anasız qoymaram. 2-3 həftə bundan qabaq mən bir yaxın qohumla danışırdım. Ağlayaraq “Seymur yoxdu, ölüb”, – dedim. Qızım Sevinc bu sözümü eşidib mənə qışqırdı: “Ana, atam ölməyib, şəhid olub. Şəhidlər ölmür, onlar yaşıyır”. O an qızıma baxdım və öz-özümə dedim ki, qızım atasının gedişiləmi belə böyüyüb, ya mən fərqində deyilmişəm onun böyüdüyünün. Nihad da mənə deyir ki, “Ana, atamın ruhu mənə keçib, bundan sonra mən sizə ata olacam”. Bəzən düşünürəm ki, gələn-gedən var, başları qarışıqdı, bir qədər zaman keçəndən sonra ataları ücün darıxsalar, mən nə edəcəm? Mən atalarını necə əvəz edəcəm? Çox çətin dözülməz bir dərddi. Seymur həmişə deyirdi ki, hərbçi xanımı dözümlü olar. Məgərsə bu günlər üçün deyirmiş .

– Seymurun necə şəhadətə ucaldığından xəbərdarsınızmı?

– Bəli, xəbərimiz var. Zəng vurduq, yanında olanlarla danışdıq. Yanlarına mərmi düşüb, 3 nəfər torpaq altında qalıblar. Onu  çıxaranda sağ imiş su istəyib. Yanlarında o an su olmayıb. Onu çıxaran əsgər yağışdan islanan torpağı sıxıb, bir damla su verib Seymuruma. Müqəddəslər kimi şəhid olan şəhidim də son anında su istəyib. “Balalarım” deyib gözlərini əbədi yumub. Bu haqda danışa bilmirəm, çox çətindi, mən əzab çəkirəm.

– Vətən uğrunda şəhid hər zaman olub, olacaq. Bəs Seymurun gedişi ilə barışmadığı silahdaşı vardı? Şəhidlərin həyatına nəzər saldığımızda çox zaman şəhidin bir dostunun, doğmasının, silahdaşının qisasını alıb şəhadətə ucaldığını görürük. Sizcə, Seymur kimin qisasını aldı?

Seymur II Qarabağ müharibəsinə 1 həftə qalmış Mübariz İbrahimovdan, Polad Həşimovdan evdə çox danışdı. Onların necə şəhid olmağından danışdı. Birdə ki, 2015-ci ildə “kombat”ı olan, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan Rasim Məmmədovdan danışdı. Mən onun Facebookda yazdığı yazılardan gördüm ki, o, qisasla yaşayırmış. Seymur bir paylaşımında “Qısasın yerdə qalmayacaq, Cənab mayor. Mənim mərd, cəsur, igid, qorxmaz, qəhrəman “kombat”ım, qazi oğlu Rasim Məmmədov, sənin qisasını biz alacağıq və mən inanıram ki, sizin ruhunuz da o an bizimlə birlikdə vuruşacaq”, – deyə yazmışdı. Mənim igid, cəsur, mərd, qorxmaz şəhid yarım qisasını almaq istədiklərinin qisasını layiqincə qəhrəmanlıqla aldın, sənin də ruhun şad olsun, qisasın alındı. Uğrunda canından keçdiyin Qarabağ azad olundu.

– Bir şəhid xanımı kimi, Seymuru Seymursuz yaşatmaq üçün yaşamağınızın vacib olduğunu yəqin ki, bilirsiniz. Bilirəm, ötən günlərin xatirələri sizə acı verir. Ancaq o sevgi dolu günlərin işığı sizin və övladlarınızın yollarını nurlandıracaq. Cismən sizi tərk edən Seymurun ruhu hər zaman sizinlə olacaq.

 

ŞƏHİD XANIMI

 

Yar əli əlindən əbədi çıxan,

Üst başı intizar və həsrət  qoxan,

Daha sevdiyinə məzarda baxan,

Bir qadın geyinib yarın libasın

Yar adı bəzəyir onun yaxasın.

 

Çiynində bərq vurur rütbələr tək-tək,

Daxildən min yerə bölünüb ürək,

Baxışı mətindir, ruhusa kövrək,

Sıxıb ürəyinə iki balasın

Körpələr ağlayır şəhid atasın.

 

Elə bil həyatın sınaq dərsidir,

Dünyanın qürurlu mənzərəsidir,

Ürəyi sızladan “yar” kəlməsidir,

Qürurla daşıyır yarın adını

Qəlbi şəhid olan şəhid xanımı.

MANYA SƏXAVƏTQIZI