Onlyan təhsil sistemi və sosiallaşmanın önünü kəsən səbəblər

72

Süni intellekt həyatımıza, təhsil sferasına da tamamən nüfuz etdiyi mərhələdə müəllim peşəsinin yoxa çıxacağına şahid ola bilərik

Növbəti təhsil ilinə sayılı günlər qalır. İbtidai siniflərin ən azı tədris prosesi ilə tanış olmaq üçün ənənəvi üsulla məktəbə gedəcəyi deyilsə də, ümumilikdə Covid -19 pandemiyasının uşaqların və gənc nəslin nəinki öyrənmək, həmçinin sosiallaşma vərdişlərini də əxz etdiyi ənənəvi təhsili arxa plana keçirəcəyi görülür. Uşaqlar rəqəmsal ekranda “çiçəklər açmış” planşetə baxacaqlar. Bir sözlə, yeni nəslin dünya ilə tanış olmaq vərdişləri əvvəlki nəsillərdən tam fərqli olacaq. Yeni nəsil “baxmağın və toxunmanın” uşaqları olacaq.

İndi dünyada yeni nəsli “Z” nəsli də adlandırırlar. 2000-ci ildə doğulanlara “milenium nəsli” də deyə bilərik. İnsan nəslini təxminən 6 il qəbul etsək, bu nəslin aktiv ömrü yarım əsr olacaq. Bu anlamda “Z” nəsli ən qısa ömürlü nəsil olacaq.

“Z” nəsli internet, sosial media, mobil telefon istifadə edən nəsildir. Amma 2020-ci ildən sonra gələn nəsil 2000-ci illərdəkindən daha çox fərqli olacaq. Məsələn, İlon Maskın yaxın günlərdə açılışını etdiyi “Neuralink”, Starlink layihələri yeni nəsli formalaşdırmağa hesablanmış layihələrdir. Bu gün elektron lövhələrin, planşetlərin, mobil telefonların ekranlarına toxunaraq hər şeyə işıq sürəti ilə çata bilən uşaqların “sürət dəlisi” olacaqları gerçəkdir.

Planşetlə təhsil indiki mərhələdə olmasa da, gələcəkdə “müəllim dövrünün” bitdiyinin elanıdır. Onlayn təhsilin ilk addımları atıldığına görə, bu istiqamət hələ o qədər də gözlə görünən olmaya bilər və sezilməz. Amma süni intellekt həyatımıza, təhsil sferasına da tamamən nüfuz etdiyi mərhələdə müəllim peşəsinin yoxa çıxacağına şahid ola bilərik.

Birbaşa – canlı ünsiyyət arxa plana keçir və yox olur. Nəzərə alsaq ki, fizika, kimya fənnləri praktika və təcrübələr gərəkdirir və hələ pandemiyadan əvvəlki dövrdə məktəblərimizdə bununla bağlı vəziyyət o qədər də parlaq deyildi, onlayn təhsillə vəziyyətin nə hala düşəcəyini təsəvvür edin. Bundan başqa, uşaqları onlara nümunə olacaq bir insanla canlı ünsiyyət, münasibət qurmadan həyata necə hazırlayacağıq? İnsan cəmiyyəti bağçadan sonra məktəbdə formalaşır. Məktəbdə qarşılıqlı münasibətlərin qurulması sınaqdan keçir. Onların nə rol – model alacaqları bir nümunə, nə sinif yoldaşları, məktəb dostları olmayacaq. Uşaqları həyatda irəli çıxmağa ruhlandıran ideallar, xəyallar, hədəflər, rəqabət mühiti də məktəb dövründə formalaşır. Əvvəlki nəslin indiki texnoloji imkanları olmasa da hədəfi, həyəcanla yetişməyə can atdığı xəyalları və rəqabət mühiti var idi.

Təhsil bir növ öz soykökündən gələn mədəni mirasın gələcək nəsillərə ötürülməsini təmin edən mərhələ demək deyilmi? Həmçinin təhsil toplumdakı sosiallaşmanı quran – mədəniyyət, yoldaşlıq, sağlam rəqabət və s. ötürən vasitə deyilmi?

Şekspiri oxumayan ingilis, Dostoyevskini oxumayan rus, Hüqonu oxumayan fransız, bizim milli ədəbiyyatımızı oxumayıb oradan mental –milli dəyərlərini almayan bir nəsil düşünə bilirsinizmi? Oxuduğu fakultənin qapısını belə tanımayan, öz mədəni kodlarını bilməyən bir nəsil haradan məzun olacaq? İnanan, düşünən, hiss edən, sorğulayan, analiz edə bilən insan necə yetişdiriləcək? Bir-birindən qopmuş nəsillərin ortaya qoyacağı ünsiyyətisiz onlayn təhsilləmi?

Bu məlumat və informasiya cəmi ilə uşaqlara veriləcək şey yalnız informasiya zibilliyi olacaq. Onsuz da pis vəziyyətə salınmış təhsili normal strategiya üzərində yürüdüb, normallaşdırmaqdansa uşaqlarımızı planşetlərin ixtiyarına versək, nəvələrimiz rəqəmsal köləliyə alışdırılacaq.

Mart ayından başlayan karantində isə tətbiq olunan onlayn dərslərdə də nə qədər şagird iştirak etdiyinə diqqət etsək, şagird davamlılığının necə olduğunu görərik. Xeyli sayda valideyn uşaqlarının onlayn dərslərdə müntəzəm iştirak etmədiyini bildirdilər.

Gənc nəslin zehninə hakim olan bir vasitə də elektron oyunlardır və onların içində PUBG oyunu ön sıralarda gedir. “Facebook” səhifəsində 11 milyona yaxın izləyicisi var. Bu oyunlar sadəcə məsum oyunlar deyil, xarici kəşfiyyatın digər ölkə gənclərinin ağlını oğurlamaq üçün qurduğu zehin yönəltmə əməliyyatıdır. Əsas da müsəlman ölkələrində. Bü gün kim insanların zehninə və düşüncəsinə hökm edirsə onun seçimlərinə və həyat tərzinə də hökm edir. Elektron oyunları istehsal edən ölkə Çindir, deməli, gənc nəslin ağlını oğurlamaq strategiyasını aparan ölkə də Çindir. Bu gün bizim gəncliyi kim yetişdirir – ailə ortamımı, yoxsa məktəblərmi? Yaxud Əli Həsənov-Ramiz Mehdiyevin zəlil gününə saldığı Azərbaycan mediasımı? Bəlkə Azərbaycan dövləti bu sahəni hansısa ideoloji strategiya əsasında yönəldir? Heç biri. Demək, onları internet ortamı – Çin oyunları yetişdirir. Bildirək ki, Çin dünyada ən çoxsaylı inkarçı-inancsız toplumdur. Qərb cəmiyyətinin böyük hissəsi xristianlıqdan və iudaizmdən ateizmə keçid etsə də, yenə də bazada hansısa inanc mövcud olub. Çində isə tam əksinədir. Çin inancsızlığı yaymaq üçün çox böyük çaba göstərir və bunu hələ bu məsələlərdə formalaşmamış gənc beyinlərdə, şüuraltında edir. Bu oyunu izləyənlər olubsa, oyunun sonunda PUBG oyunçudan heykələ səcdə edilməsini istəyir. Oyunçu səcdə etməsə növbəti mərhələyə keçə bilmir. Məqsəd onu inkara çağırmaqdır. İnkara oyunda da olsa yanaşan uşaq sabah müvəqqəti maraqları üçün dəyərlərini də satacaq.

Gələcəkdə xarici qüvvələr belə adamları media reklamı ilə planlanan mövqelərə gətirib istədiklərini alacaqlar və bu adamlar ölkə maraqlarına qulluq etməyəcəklər. Ölkəni yixmaq üçün öncə onun dəyərlərini yıxmaq lazımdır. Elektron oyunlarla yanaşı, Azərbaycan TV məkanında yayımlanan “dəyərlər xarabalığını” təbliğ edən seriallar, sarsaq verilişlər ilə planlanan şeyin nə olduğunu təxmin etmək, anlamaq çətin deyil. Dövlət indi buna əl qoymasa, sabah gec ola və yeni nəsil “5-ci kolon” ilə qarşı-qarşıya qala bilər.

Türkiyədə tanınmış jurnalisti Banu Avar iki gün əvvəl “Netflix” barədə yazısında bildirdi ki, bu kimi platformalar toplumun əxlaqını pozmaq üçün çalışırlar və bu missiyanı yerinə yetirən “Survivor”, “Yetenek sizsiniz”, “İzdivac” proqramlarını da misal çəkir. Bizdə bu iş lap çoxdan aparılır. Xalqın ailə kimi məsuliyyətli institutunu tele-ekranlara çıxarıb, onu teleşouya çevirən proqramları yəqin ki, xatırlayırsınız…

Bəs, belə bir durumda biz toplum olaraq gənclərə yaxşı nə isə öyrədə bilirki? Bu sualın cavabını təkcə ölkə rəhbərliyi yox, həm də valideynlər düşünməli, ən azı övladlarının gələcəyinə biganə qalmamalıdırlar.

O ki qaldı onlayn təhsil sisteminə, hələlik dünya reallığını qəbul etməyə məcburuq. Amma bu vəziyyət uzunmüddətli ola bilməz…

Ülviyyə ŞÜKÜROVA