Onlayn media ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac varmı? – MEDİA NÜMAYƏNDƏLƏRİ DANIŞDI

348

Azərbaycanda müasir medianın inkişafı üçün lazım olan bütün şərait mövcuddur. Onu da xatırladaq ki, azad fikirliliklə medianın ictimai məsuliyyətinin bir birini tamamlaması vacib məsələlərdən biri kimi gündəmdə durur. Bu baxımdan yeni mediya sahəsindəki fəaliyyət xüsusilə aktuallıq kəsb edir. Bura online saytlar, ənənəvi medianın online variantları, internet televiziyalardan tutmuş sosoial şəbəkələri və sair aid etmək olar.

Qanunvericilikdə televiziya və çap mediasının fəaliyyəti üçün müəyyən standartlar nəzərdə tutulub. Amma onlayn media üçün bu standartlar müəyyən edilməyib. Onlayn media ilə bağlı qanunvericilikdə hansısa dəyişikliyə ehtiyac varmı?

Görəsən media nümayəndələri onlayn media ilə bağlı qanunvericilikdə hansısa dəyişikliyə ehtiyac görürlərmi?

“Azinforum.az” İnformasiya Portalının baş redaktoru Məhəmmədəli Qəribli Hurriyyet.org-a müsahibəsində, onlayn media ilə bağlı yeniliklərin hələ təsbit olunmadığını bildirib. O, Azərbaycanda xəbər saytlarının çoxunun, hətta tanınmış saytların da “MMC” şəklində qeydiyyatdan keçdiyini deyib:

 

“Azərbaycanda KİV haqqında qanun 1999-cu ildə qəbul edilib. Bu zamanında da mütərəqqi qanun sayılıb. Bu o demək deyil ki, orda medianın inkişafı üçün nələrsə nəzərdə tutulmayıb. Sadəcə olaraq, meydana yeni reallıqlar çıxıb. Onlayn medianın inkişafı bu qanununda müəyyən boşluqların olmasını ortalığa çıxartdı. Bu baxımdan da Azərbaycan mediasında  yeni bir qanunvericiliyə ehtiyac yarandı. Sözsüz ki, qanunvericilikdə çap mediasının, radio və televiziyaların fəaliyyətiylə bağlı müəyyən normativ aktlar öz əksini tapıb. Ancaq, onlayn media ilə bağlı yeniliklər hələ təsbit olunmayıb. Təbii ki, bunun üçün yeniliklər olmalı və təkliflər verilməlidir. Yeni yaradılmış Medianın İnkişafı Agentliyi də elan edib ki, jurnalistlərdən bu istiqamətdə təkliflər gözləyirik. Hazırda Azərbaycanda xəbər saytlarının çoxu, hətta tanınmış saytlar da “MMC” şəklində qeydiyyatdan keçib. Onların redaksiya kimi qeydiyyatdan keçməsi üçün hələki qanunvericilik imkan vermir. Bu da istənilən adama “media” adını istifadə etmək imkanı yaradır. Yəni, istənilən adam domen alıb, daha sonra “Asan Xidmət”ə gedib “MMC” şəklində qeydiyyatdan keçirə bilər. Adını kütlvi informasiya vasitəsi qoyur. Sonra 200-300 manat xərc çəkib, sayt düzəltdirir. Amma, həmin adamdan kimsə soruşmur ki, yaratdığınız media standartlara cavab verirmi? Redaksiyanız və maddi-texniki təminatınız varmı? Ümumiyyətlə, mediada rəhbərlik etməyiniz üçün sizin təcrübəniz varmı?…Bu suallı verən yoxdur…”

Məhəmməd Qəribli, yeni yaradılan Medianın İnkişafı Agentliyinin onlayn medianın qeydiyyatı, ən əsası da kütləvi informasiya vasitəsi kimi qeydiyata alınması qaydaları və qanunvericiliyə dəyişikliklər edilməsiylə bağlı təşəbbüs irəli sürəcəyinə ümid etdiyini bildirib:

“Ümid edirəm ki, yeni yaradılan qurum bu istiqamətdə addımlarını atacaq. Xüsusilə, onlayn medianın qeydiyyatı, ən əsası da kütləvi informasiya vasitəsi kimi qeydiyata alınması qaydalarıyla bağlı və qanunvericiliyə dəyişikliklər edilməsiylə bağlı təşəbbüs irəli sürəcək. Biz bunu gözləyirik. O cümlədən, jurnalist statusunun müəyyən edilməsidir. Bayaq sadaladığımız asan başa gələn vasitələrdən bəzi adamlar istifadə edərək, asanlıqla möhürü əlinə alır. Nəticədə, istədiyi adam jurnalist vəsiqəsi verə bilir. Bəlkə də “jurnalistlərin” sayı on minlərlədir. Bu gün demək olar ki, jurnalist vəsiqəsinə taksi sürücüsündə, qəssabda, satıcıda və digər istənilən peşə sahibində rast gələ bilərik. Belə hallara özüm də şahidlik etmişəm. Hansısa imtiyazlardan yararlanmaq üçün nəyinsə müqavilində həmin şəxslərə saxta jurnalist vəsiqələri verilir. Bu nöqsanların aradan qaldırılması üçün müvafiq yeniliklər edilməlidir”.

Axar.az” portalının redaktoru Turanə Məmmədli isə müsahibəsində, bu qanunvericiliklə tənzimlənmədiyi üçün “online media” adı altında əslində media ilə heç bir əlaqəsi olmayan fəaliyyət növləri ilə məşğul olanların sayının həddən çox oladuğunu vurğulayıb:

“Əlbəttə var. Qeydiyyatından tutmuş fəaliyyət istiqamətlərinə qədər…Bu, qanunvericiliklə tənzimlənmədiyi üçün indi “online media” adı altında əslində media ilə heç bir əlaqəsi olmayan fəaliyyət növləri ilə məşğul olanların sayı həddən çoxdur. İstər qeydiyyat zamanı, istərsə də fəaliyyətləri dövründə media işinə nəzarət olmalıdır. Nəzarət deyərkən, senzura yox, daha çox istiqamətverici proses başa düşülməlidir. Çünki indi media sərbəstliyi altında az qala hər şeyi insanlara ötürürlər. Düzdür, bu ayrı bir mövzudur, hansı ki daha geniş danışmaq olar. Amma qanunvericiliklə bəzi standartlar müəyyən edilsə, düşünürəm ki, bu tipli məsələlər də öz həllini tapmış olar”.

Tanınmış radio aparıcısı Famil Məcidli müsahibəsində, informasiya müharibəsində onlayn medianın hər zaman öndə getdiyini  və geniş kütləni arxasınca aparmağı bacardığını deyib:

“Onlayn media əvvəlcə öz “lazimlılığını” sübut etməlidir. Bu günə qədər qəbul edilmiş qərarların çoxunda online medianın üzərindən sadəcə yüngülvari keçilib. Halbuki, informasiya müharibəsində online media hər zaman öndə gedib və geniş kütləni arxasınca aparmağı bacarıb. Əslində ilk növbədə onlayn medianı diqqətdə və hardasa yatırımda saxlamaq lazımdır. Böyük ehtimalla birisigün televiziya informasiya aclığı keçirən heç bir vətəndaşa lazım olmayacaq. Gələcək – mənim fikrimcə onlayn medianın rüsxətində olacaq. Potensial əlçatanlıq burdadır…”

YƏHYA