Onlar türk olduqlarına görə qətlə yetirildilər – Politoloqlar Xocalının izi ilə

    3

    Xocalı soyqırımının törədilməsindən 28 il ötür.

    Politoloqlar faciə ilə bağlı təəssüratlarını bölüşüb.

    Fikrət Sadıqov

    “Xocalı soyqırımının törədildiyi 1992-ci il mürəkkəb dövr idi. Həmin dövrün mərkəzi hakimiyyəti Qorbaçov başda olmaqla ermənilərin demək olar ki, başlarını sığallayırdı. Azərbaycana qarşı bu təcavüzü, işgəncələri, zərbələri sanki Moskvada görmürdülər. Faktiki olaraq indi faciəyə müxtəlif yollarla bəraət qazandırmaq istəyirlər. Bu, ən acınacaqlı bir yanaşmadır. Onların keçmiş rəsmiləri bəyan edir ki, guya dinc əhalinin Xocalıdan çıxması üçün dəhliz saxlamışdılar. Bu, təbii ki, cəfəngiyyatdır. Orada heç bir dəhliz yox idi. Bunu bir sıra tarixçilər, xarici publisistlər öz kitablarında, yazılarında əks etdirib. Sarkisyan demişdi ki, azərbaycanlılar elə bilirdilər ki, dinc əhaliyə qarşı əl qaldıra bilmərik. Amma biz bunu etdik. Lap tutaq ki, onlar dəhliz saxlasaydı, bu dəhlizdən istifadə etməyən qırılmalı, məhv olmalı idi? Başqa bir sual da meydana çıxır. Əgər dəhliz var idisə, niyə əhali oradan getmədi? Bu faciə yaddaşımızdan silinməməlidir. Biz bu faciənin əksər ölkələr tərəfindən soyqırımı kimi tanınması üçün əlimizdən gələni etməliyik”.

    Natiq Miri

    “Xocalı soyqırımı Azərbaycan tarixində baş verən ən sarsıdıcı faciələrdən biridir. Orada qətlə yetirilənlər məhz türk olduqları üçün öldürülüb. Bu qətliam, soyqırımı əslində, Ermənistanın qondarma “erməni soyqırımı” adı altında yürütdüyü siyasətin bir hissəsi idi. Ermənilərin türklərə qarşı törətdiyi faciələrin tarixçəsi çox böyükdür. Onlar daim böyük güclərin əlaltısı olub. Bu gün də məlum proses davam edir. Ermənilərin nə qədər qaniçən və heç bir mənəvi dəyərə söykənməyən etnos olduğu bəllidir. Ancaq bizim bu faciələrdən çıxaracağımız çox böyük nəticələr var. Mütləq mənada Qarabağımızı, Xocalımızı qaytarmalıyıq ki, ən azından o torpaqlarda şəhid olan insanların ruhunu az da olsa, sevindirə bilək”.

    Qabil Hüseynli

    “Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli faciələrindən biridir. Xocalı yeganə yaşayış məskənidir ki, bir əsrdə 3 dəfə qətliama məruz qalıb. Tarixdə belə bir yaşayış məskəninə rast gəlmək mümkün deyil. Ermənilər niyə Xocalını hədəf kimi seçmişdilər? Çünki Xocalı elə bir geostrateji məkanda yerləşirdi ki, Şuşaya hücum edəndə, sinəsini qabağa verən Xocalı olurdu. Eyni zamanda mühüm mədəniyyət mərkəzi idi. Xocalıda Azərbaycan tarixinin 7 minillik Gədəbəy mədəniyyət abidəsinin qalıqları, katakombalar, qızıl-zinət əşyaları, çini qablar və s. tapılmışdı. Bu mənada həm də ermənilər qədim mədəniyyət mərkəzini Yer üzündən silməklə azərbaycanlıların buradakı son izlərini də itirmək istəyirdilər. Onlar Xocalı sakinlərindən o qədər qorxurdular ki, fevralın 25-dən 26-na keçən gecə əllərində ruslardan aldıqları silahlar və xaricdən gətirdikləri muzdlular olsa da, birbaşa hücuma keçməyə cəhd etməmişdilər. Ona görə də 366-cı motoatıcı alayı hücuma göndərdilər. Diviziya ərazini darmadağın etdikdən sonra yalnız səhərə yaxın, saat 5-də erməni dəstələri Xocalıya hücumu öz üzərlərinə götürdülər. Onlar əldən düşmüş Xocalıya son zərbələrini vurdular. Hamilə qadının qarnını süngü ilə yarıb uşağı çıxardılar, insanların burunlarını, qulaqlarını kəsdilər. Başlarının dərilərini soydular. Xocalı soyqırımı erməni vəhşiliyini əyani surətdə ortaya qoyan qanlı faciədir. Ermənilər buna görə həm azərbaycanlılar, həm də dünya qarşısında cavab verməlidirlər”. \\Publika.az