Ömrü boyu ateist olan Mehdiyevin indi özünü peyğəmbərlə müqayisə etməsi

120

Sanki bu adam daim Kremldən yox, Ağ Evdən ordenlər alıb, daim Moskvaya yox, bir dəfə də ayağı dəymədiyi ABŞ, Avropaya, Türkiyəyə səfərlər edib…

Akademik Ramiz Mehdiyevin AMEA-nın saytında dərc elədiyi sonuncu yazısını oxudum və həqiqətən ona yazığım gəldi. İnsan özündən nə qədər müştəbeh olarmış, yaxud özünə hörmətsiz yanaşarmış. Hər iki hal akademikin artıq tam tükəndiyindən xəbər verir. Qarşıda ancaq məğlub, ifşa olunduğunu etiraf etməyi bacarmayan adamdan “aqoniya” gözləyirəm. Qısa olaraq tezis şəklində fikirlərimi bölüşürəm:

– R.Mehdiyev haqqında yazılanları diqqətlə oxuyur. İfşa olunduğunu qəbul etməyi bacarmadığından tənqidçilərini təhqir edir və fikri riyakarcasına torpaqlarımızın 20%-nin işğalına, pandemiyaya yönəltmək istəyir. Sanki bunun at oynatdığı dövrlərdə torpaqlar işğal olunmamış və insanlarımız yağ-bal içində yaşayırmış. Ölkəmizi və xalqımızı məhv edən cinayətlərini ört-basdır etmək üçün haqqında söylənilən fikirləri ancaq nəvəsinin toy məclisi ilə əlaqələndirmək istəyir.

– Uzun illər ölkədə hökm sürən ədalətsizliyin, qanunsuzluğun başında duran, rəhbəri olduğu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası vasitəsilə “korrupsiyanın kökünü kəsən şəxs” bu gün ədalət axtarışındadır. Onun kimi başqalarının da karantin rejimində qanunları pozduqlarına görə cəzalandırılmasını özünün qurduğu və uzun illər rəhbərlik etdiyi hüquq-mühafizə orqanlarından tələb edir.

– Məhz özünün yetirdiyi, əzizlədiyi, yemlədiyi, mənəvi prinsiplərdən tam uzaq olan mətbuat nümayəndələrini satılmaqda, əqidəsizlikdə ittiham edir.

– Özünəvurğunluq o həddədir ki, ömrü boyu ateist, kommunist partiyasının ideoloqu olduğunu danıb bu gün özünü İsa, Məhəmməd peyğəmbərlər, İmam Hüseynlə müqayisə edir. Bəs görəsən bu illər ərzində kimin göstərişlərinə əsasən dindarların cibinə narkotik atıb həbsə doldurmaqla onları daha da radikallaşdırdılar?!

–  Özünün dövründə başçılıq etdiyi, tam nəfəsini kəsdiyi və indiki mətbuatı tənqid edir, bu sahədə aparılan son dəyişiklikləri dekorasiya, imitasiya adlandırır.

– R.Mehdiyevi tanımayanlar bu yazını oxuyub onu qərbpərəst də hesab edə bilərlər. Sanki bu adam daim Kremldən yox, Ağ Evdən ordenlər alıb, daim Moskvaya yox, bir dəfə də ayağı dəymədiyi ABŞ, Avropaya, Türkiyəyə səfərlər edib. Sanki İlham Əliyevin hələ Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olan vaxtları Qərbə səfəri ərəfəsi ölkədə müxalifət partiyalarının nümayəndələrini, yaxud KİV rəhbərlərinin həbsini təşkil etməklə oğluna problemi rəhmətlik Heydər Əliyev, sonrakı prezidentlik dövrü isə İ.Əliyev özü özünə yaradırmış.

– R.Mehdiyev bildirir ki, o, Prezident Administrasiyasının rəhbəri olan zaman ancaq Administrasiya işçilərinin işə vaxtlı-vaxtında gəlib getməsinə nəzarət edirmiş, ölkədə baş verənlərin ona heç bir aidiyyatı olmayıb və o, heç kimin işinə müdaxilə etməyib. Yazır ki, ölkədə olan bütün nazirlərə, komitə sədrlərinə heç vaxt, heç bir göstəriş verməyib. Hakimiyyətin tamam başqa qolu olan Milli Məclisin formalaşmasından isə onun heç xəbəri belə olmayıb. Deyəsən, Ədliyyə Nazirliyində yeni təyin olunmuş hakimləri yığıb barmaq silkələyən, seçkilərdən əvvəl adları siyahıya düşən bütün deputatlığa namizədləri, ümumiyyətlə ölkədə nazir, icra başçısından tutmuş vəzifəyə təyin olunan bütün vəzifəli şəxsləri akademik yox, mən qəbul etmişəm.

– R.Mehdiyevin Xalq Cümhuriyyətinə sevgisi məni lap mat-məəttəl etdi. R.Mehdiyevi tanımayıb yazını oxuyan onun Azərbaycan ziyalılarını məhv edən kommunistlərin ideoloqu, Moskvanın general-qubernatoru yox, əski müsavatçı olduğunu zənn edər.

– Müqəddəs Qurani-Kərimdən sitat gətirən ateist elə yazır ki, sanki az əvvəl yeni elita yetişdirilməsinin, saxta müxalifət partiyalarının ideoloqu və qurucusu özü olmayıb. Yəqin yaşı ilə bağlı bu barədə yazdığı palaz-palaz yazıları unudub.

– R.Mehdiyev artıq ikinci dəfədir ki, Azərbaycan xalqını aşağılayır. Yazısında vurğulayır ki, biz bu xalqdan ancaq yaxşıları seçib irəli çəkmişik. Burada, bir tərəfdən əvvəlki, heç bir işə qarışmadığı fikrini təkzib edir, digər tərəfdən isə deyir ki, uzun illər vəzifələrdə bizi təmsil edənlər say-seçmələrimiz olub. Görəsən kim Hafiz Hacıyevi, Araz Əlizadəni, Qüdrət Həsənquliyevi və bunlar kimiləri Prezidentliyə namizəd etmişdi, kim Siyavuş Novruzovu, Zahid Orucu, Elman Nəsirovu, Elşən Musayevi, kürəkəni İlham Əliyevi və bunlar kimiləri Milli Məclisə oturtmuşdu, kim elementar ali təhsili olmayan, xalqı addımbaşı tapdalayan, onun dərisini soyan icra başçılarını təyinat üçün təqdim etmişdi?!

– Yenə riyakarcasına rəhmətlik H.Əliyevə və İ.Əliyevə sədaqətdən danışır. Onun sədaqəti barədə əvvəl dediyimdən yenidən təkrarlanmaq istəmirəm.

– Bu yazıda ən ciddi məqam “qələmə aldığım əsərlər mənə məxsusdur. Onların hamısı mənim irsim, mirasımdır. Həmin irsin obyektiv qiymətini isə zaman özü verəcək” ifadəsidir. Hələ 2014-cü ildə R.Mehdiyevin “Mənəviyyatın manifesti” yazısına açıq məktubumda onun eyni fikrini ifşa etmişdim. Buradan yenə təkrarlayıram. R.Mehdiyevin yazdıqları və real həyatdakı hərəkətləri bir-birini tamam inkar edir. O, danışanda, yazanda bir cür, real hərəkətlərində isə tamam başqa cür hərəkət edib. O vaxtlar yazdığım kimi akademik yazılarında məhz uzun illər sonranı fikirləşib yazır, çünki gözəl bilir ki, insanlar gələcəkdə onun etdiklərini unudacaq, yazılar isə həmişəlik qalır. Məhz buna görə hələ 2014-cü ildə yazmışdım ki, Ramiz müəllim, sizin tənqid etdiyiniz sahələr, yəni ən azından elm, təhsil, mətbuat həqiqətən bərbad vəziyyətdədir. Ancaq dəqiq bilirəm ki, bu sahələrə bilavasitə siz rəhbərlik edirsiniz və sizin iradənizdən kənar orada bir addım belə atıla bilməz. Ona görə xahiş etmişdim ki, əgər yazılarınızda səmimisinizsə istefa verin, keçin müxalifətə və mən Aslan İsmayılov olaraq heç bir təmənna güdmədən sizə kömək edəcəm. Yox, əgər bunu gələcəkdə balalarınız, nəvələriniz və özünüz üçün sığorta kimi yazmısınızsa, onda başqa məsələ. İndi o vaxtlar dediklərimi özü yazır.

Sonda, yazılardan gəldiyim qənaət odur ki, baş verənləri real dəyərləndirməyə qadir olan şəxs vəzifəsindən istefa verib kənara çəkilməklə özünü və ətrafındakıları daha böyük rəzilliklərdən qoruyar. Bununla R.Mehdiyev bəlkə də ilk dəfə Azərbaycan adlı Dövlətə bir fayda vermiş olar.

Çox istərdim ki, bu gün səlahiyyət sahibi olanlar, xüsusilə gənclər R.Mehdiyevin aqibətindən dərs götürsünlər. Heç kim əbədi deyil! Bu dünyada əbədi olan xalqın üçün etdiyin faydalı işlər və qoyduğun təmiz addır. O isə hər adama qismət olmur. Çalışın bu şansdan elə yararlanın ki, gələcəkdə balalarınız sizin adınız gələndə xəcalət cəkməsinlər.

Aslan İsmayılov,

Hüquqşünas