Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iki müsabiqə ELAN EDİR

192

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin və “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqələrini elan edir.

Ombudsman Aparatından bildiriblər ki, “Mən və hüquqlarım” mövzusunda müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Müəlliflər rəsmləri A3 formatda işləməli və aşağıdakı anket formasındakı məlumatları (iştirakçı haqqında qısa məlumat, əlaqə telefonları və bir ədəd 4×5 ölçüdə foto şəkil) dolduraraq rəsmlə birlikdə təqdim etməlidirlər.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:

-Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;

-Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

Bu ilki müsabiqəyə təqdim olunacaq rəsmlərdə torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mövzusuna müraciət edilməsi tövsiyə olunur.

İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.

“Hüquqlar – hamı üçün!” mövzusunda builki müsabiqəyə təqdim olunacaq jurnalist yazılarında torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarımıza qayıtması mövzusuna müraciət edilməsi tövsiyə olunur.

Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzet və ya saytda dərc olunması və müəlliflərin özləri haqqında anketi (müəllif barədə qısa məlumat, əlaqə telefonları, bir ədəd 4×5 ölçüdə fotoşəkil) dolduraraq göndərməsi mütləq şərtdir.

Qeyd edək ki, müsabiqələr üçün rəsm əsərləri və yazılar 2020-ci il 1 dekabr saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.