“Ölkə bir neçə çox ciddi hadisələrin nəticəsində barıt çəlləyinə oxşayır” – ASLAN İSMAYILOV

156

“O, partlasa, tək insanlarımız yox, Dövlətimiz də məhv olacaq”

“Hər tərəfdən fürsətçiliyi çox natəmiz, hamı üçün çox zərərli hal sayıram. Bu gün isə əsl fürsətçilər günüdür. Bəli, necə deyirlər “girəvə düşüb”. Hər iki tərəf yaranmış vəziyyətdən maksimum istifadə edir. Biriləri guya, hakimiyyəti, digəriləri isə guya, xalqı müdafiə edir. Əslində isə hər ikisi ancaq öz şəxsi maraqlarını güdürlər. Bunlar üçün dövlət, hakimiyyət, xalq sadəcə qazanc əldə etmək üçün vasitədir. Ona görə də biriləri ancaq hakimiyyəti haqlı sayıb digərilərini “it sürüsü”, digəriləri isə ancaq bir qrup qanunu pozmuş şəxslərdən qəhrəman düzəldib hakimiyyəti Xocalı qırğını törətmiş ermənilərdən artıq düşmən sayırlar”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.

“ABŞ-da baş verənləri gördükdən sonra tam əmin oldum ki..”

“Əvvəllər “siyasət çox murdar peşədir” deyimini qəbul etmirdim və hesab edirdim ki, murdar insanlar siyasəti murdarlaşdırıb. Ancaq son günlər ABŞ-da baş verənləri gördükdən sonra tam əmin oldum ki, bu deyim reallığı əks etdirir. Belə olmasa idi, ABŞ kimi bir dövlətdə bir polisin bir dələduza qarşı qanunsuz əməlinə görə cəzalandırılmasını tələb etmək əvəzinə bundan böyük bir şou düzəldib, artıq qanunu pozmuş polis həbs edildikdən sonra da ölkəni xarabazara çevirməzdilər, bir narkomanı, əvvəllər əməllərinə görə məhkum olunmuş cinayətkarı prezidentliyə real namizəd Baydenin və digər mühüm dövlət vəzifələrini tutanların iştirakı ilə milli qəhrəman kimi qızıl tabutda dəfn etməzdilər ”,-deyə hüquqşünas  qeyd edib.

“Müqəddəs atalar”, “vicdan müəllimləri”, “Tereza analar” qeybə çəkilib”

A.İsmayılov vurğulayıb ki, bu gün məhz vətəndaş cəmiyyətinin fəallıq göstərməsi vaxtıdır: “Ancaq o da yoxdur. Çünki bir tərəfdən hakimiyyət uzun illər bu institutun məhv edilməsi ilə məşğul oldu, digər tərəfdən isə qrant yemək peşəkarları bu sahəni inhisara götürüb müstəqil fəaliyyət göstərmək istəyənləri də məhv etdilər. Xarici qrantların milyonlarla ölkəyə gələn vaxtında bu fəaliyyətləri hesabına qazanc toplayıb bunu xalqa xeyriyyəçilik kimi qələmə verərək minnət qoyan, gur-gur guruldayan “hüquq müdafiçiləri”nin bu gün səsləri eşidilmir, “müqəddəs atalar”, “vicdan müəllimlər”, “Tereza analar” qeybə çəkilib, ölkə daxilində və xaricində öz biznesləri ilə məşğuldurlar. İndi onların yerlərini digərləri tutmaq istəyirlər. Bunlar da eyni yolun yolçusu olmaq üçün fürsətçilik bacarıqlarından maksimum istifadə edirlər. Bəzilərinin murdarlıqları o həddə çatıb ki, uzun illər eyni mövqedə durub həm iqtidara, həm də müxalifətə səhvlərini bildirənlərə “nala-mıxa vuran” damğası vurub, cəmiyyət üçün hakimiyyətdən də ziyanlı olmalarını tirajlayırlar, israrla insanları buna inandırmağa çalışırlar. Çox təəssüf edirəm ki, bunların içində müsbət tərəfdən tanıdığım hüquqşünaslar da var. Belələri polislə əlbəyaxada paltarları çırılanları “polis soyundurdu”, psixoloji təsir vasitəsi ilə də olsa, müqavimətsiz polislə binaya daxil olanları “polis tərəfindən binaya basdılar” kimi qələmə verməklə, bilərəkdən emosiyaları daha da qızışdırırlar”.

“Hamıdan qızışdırıcı yox, barışdırıcı mövqedə durmağı xahiş edirəm”

A.İsmaylovun sözlərinə görə, bu gün hamı anlamalıdır ki, ölkə bir neçə çox ciddi hadisələrin nəticəsində barıt çəlləyinə oxşayır və o partlasa, tək insanlarımız yox, Dövlətimiz də məhv olacaq: “Ona görə, bir daha hamıdan məsuliyyətli olmağı, qızışdırıcı yox, barışdırıcı mövqedə durmağı xahiş edirəm. İstəsək də, istəməsək də ölkədə ziyalı adlandırılan bir qrup insanlar var. Onlar bu gün məsuliyyətdən, qınanmaqdan qorxmamalı və baş verənlərə münasibət bildirməlidirlər. Biz bilməliyik ki, Azərbaycan adlı Dövlət bizim Vətənimizdir və onun ağır durumunda bizim seyrçi mövqedə olmağımız bağışlanmaz bir davranışdır”.

“Vaxtilə oxşar etirazı Fərhad Mehdiyev də etmişdi”

A.İsmayılov həm Qiyasın hərəkətini, həm də hakimiyyətin ona qarşı davranışını təqdirəlayiq hal sayır: “Vaxtilə oxşar etirazı Milli Məclisə seçkilər zamanı bülleten qutusunun üstündə oturaraq etiraz edən namizəd Fərhad Mehdiyev də etmişdi. Biz Xalqımız və Dövlətimizə faydalı olmaq üçün sivil mübarizə formalarını seçməliyik”.

Şamo EMİN, Hurriyyet.org