“Ölkəni idarə edən komanda heç vaxt müstəqil yerli ekspertlərlə əməkdaşlığa maraq göstərməyib” – RÖVŞƏN AĞAYEV

63

“Prezidentin martda verdiyi sərəncama görə yerli icra hakimiyyətlərinin fəaliyyətinin səmərəliyini ölçən sistem qurulmalıdır və McKenzie bu işdə hökumətə məsləhətlər verir. Yerli vətəndaş cəmiyyəti ekspertlərinin belə səmərəlilik indikatorları hazırlamaq sahəsində bilik və təcrübəsi olsa da, hazırda ölkəni idarə edən komanda heç vaxt müstəqil yerli ekspertlərlə əməkdaşlığa maraq göstərməyib”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev qeyd edib.

“Yerli icra hakmiyyəti orqanlarının fəaliyyətindən əvvəl, bölgə inkişafını xarakterizə edən göstəricilər sistemi qurulmalıdır”

“Ekspert qrupumuz dövlət qurumlarının fəaiyyətinin səmərəliliyini qiymətləndirmək üçün son 9 ildə 2 siyasət sənədi hazırlayıb: 2011-ci ildə hökumətin aqrar siyasətinin, 2016-cı ildə isə regional inkişafla bağlı siyasətin nəticələrini qiymətləndirmək üçün göstəricilər sistemi hazırladı. Onsuz da nəticə əsaslı büdcə mexanizminə keçid baş verdiyi halda, bütün qurumların fəaliyyətini ölçən indikatorlar sisteminin formalaşdırılması mütləq baş verəcək. Lakin indiki stiuasiyada yerli icra hakmiyyəti orqanlarının fəaliyyətindən əvvəl, bölgə inkişafını xarakterizə edən göstəricilər sistemi qurulmalı, icra hakimiyyətlərinin fəaliyyətini ölçən göstəciilər sistemi bölgə inkişafını müəyyən edən indikatorlara nəzərən hazırlanmalıdır”,-deyə iqtisadçı əlavə edib.

“İdarəetmə sistemi qalırsa, ən azından qiymətləndirmə  sistemi dediyim ardıcıllıqla qurulmalıdır”

R. Ağayev hesab edir ki, ildə bir dəfə isə həmin göstəricilər əsasında bölgələrin inkişaf və səmərəlilik reytinqi hazırlanmalıdır: “Tutaq ki, son 10-luqda olan autsayder rayonlarda idarəçilər dərhal vəzifəsindən getməlidir. Hərçənd ki, yerlərdə hakimiyyətin seçkili təsisatlara verilməsinin qatı tərəfədarı olaraq yerli icra hakimiyyətləri üçün belə bir təklifi də gərək verməyəsən. Amma idarəetmə sistemi qalırsa, ən azından qiymətləndirmə  sistemi də dediyim ardıcıllıqla qurulmalıdır. Öz növbəsində, təklif olunan sistem istər təyinatlı, istərsə də seçkili bölgə idarəçiliyi üçün eyni dərəcədə keçərlidir”.

 Şamo EMİN, Hurriyyet.org