“Ölkəmizin enerji sahəsində artan rolu yeni təhdidlərlə üzləşməyə gətirir”

57

Məhəmməd Əsədullazadə: “”Şah dəniz-2” qaz kondensat yatağından hasil edilən mavi yanacaq və “Qarabağ” yatağının işlənməsindən sonra Rusiya və İranın Avropaya qaz bazarı bağlana bilər”

“Azərbaycanın Avropanın enerji diversifikasiyasında rolu artıqca təzyiqlərin ağırlığı da artır”. “Hürriyyət” xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, ölkəmizin enerji sahəsində artan rolu yeni təhdidlərlə üzləşməyə gətirir: “Qeyd edim ki, “Cənub Qaz Dəhlizi” və onun seqmentləri olan “TANAP-TAP” boru kəmərləri gələn ildən Avropanın enerji təchizatında mühüm rol oynayacaq. “Şah dəniz-2” qaz kondensat yatağından hasil edilən mavi yanacaq və “Qarabağ” yatağının işlənməsindən sonra Rusiya və İranın Avropaya qaz bazarı bağlana bilər. Bir tərəfdən Mərkəzi Asiyanın xüsusilə, Türkmənistan qazının Avropaya ixracında gündəmdədir. Rusiya və İran “TransXəzər” boru kəmərinin çəkilməsini müvəqqəti əngəlləsə də Türkiyənin burada artan rolu bu boru kəmərinin tikintisinin reallaşmasına və Türkmən qazının TAP-a qoşulması ilə ciddi geosiyasi, geoiqtisadi dəyişliklər olacaq. Məhz Ermənistanın artan təxribatları, Rusiya və İranın pərdəarxası dəstəyi, geosiyasi və geoiqtisadi layihələrin qarşısını almağa yönəlib”.

Partiya sədrinin müavini qeyd edib ki, gələn ildən Azərbaycana qaz ixracından yeni gəlirlər gələcək: “Bu gəlirlər ölkənin müdafiə qabiliyyətinin artırılmasına, xarici təhdidlərə qarşı milli birliyin formalaşması üçün xalqın sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönləndirilməlidir. Ölkə ətrafında təhlükəsizliyi təhdid edən çox ciddi çağırışlar var. Bu, hələ bir neçə il davam edəcək. Ona görə də artan geopolitik gərginlik mərhələsində ölkənin təhlükəsizliyini bütün aspektlərdən təmin etmək mütləqdir. Əksi isə ölkəmiz üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Siyasi-iqtisadi və hüquqi islahatların keçirilməsi daxili imkanları inkişaf etdirməklə, ölkəmizin mövqeyini gücləndirə bilər”.

Vazeh BƏHRAMOĞLU