“Ölkə rəhbərliyinin başlatdığı islahat dövlət möhkəmliyinə, xalqın rifahına yönəlib” – İLQAR ALTAY

39

“Ən yaxın zamanda indiyədək xalqı maddi və mənəvi boğan məmurlara sərt cəzaların tətbiqinin, feodal vicdansız təfəkkürlü məmurların silinib atılmasının şahidi olacağıq”

“Zaman elə gətirib ki, bizim cəmiyyət, xalq yalnız gördüyünə inanır. Biz, hüquqşünaslar, təhlilçilər hər hansı prosesin gedişatı və nəticəsi barədə nə fikir bildirsək də, insanlar real nəticələri görmək istəyir. İstərdim ki, bu sözüm, fikrim bir xatırlatma yaddaş kimi burada da qalsın”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altaya məxsusdur.

Hüquqşünas hesab edir ki, ölkə rəhbərliyinin yeni dönəmdə başlatdığı islahat, dəyişiklik hərəkatı dövlət möhkəmliyinə, xalqın rifahına, yaşayışına, hüququna, inkişafına yönəlib: “Bunu mən bir bir müşahidəli, təhlilli, bilgili insan kimi görməsəm, duymasam boş yerə qəti demərəm. Xalqın rifahının, hüququnun, sərbəst işləyib də qazanıb, yaşama, dolanışığının təminində əsas problem məmur korrupsiyası, rüşvəti, yeyintisi, özbaşınalığı, vicdansızlığı və cinayət əməlləridir. Bunun da Konstitusiya üzrə qarşısını sərt alan səlahiyyətli dövlət orqanı məhz prokurorluqdur. Belə qənaətdəyəm ki, məhz bu məqsədlə dövlət rəhbərliyi prokurorluğun gücləndirilməsi, onun yeni dinamik, operativ, qətiyyət və ədalət-vicdan formatında yenilənməsinə qərar verib. Buna görə də prokurorluğa rəhbər təyinində hansısa klan, oliqarxiya, siyasi tərəfə tamam aidiyyatsız, sırf dövlətçi, kimsə gözləmədiyi bir kadr seçilib. Mən heç bir partiya, siyasi xətt, qruplaşma, klan və s. üzvü olmayan, əqidəcə sırf xalq-dövlət və vətən təəssüblü sərbəst fikirli insanam. Fikrim budur. Ən yaxın zamanda indiyədək bu xalqı maddi və mənəvi, qəlbən və ruhən boğan məmurlara sərt cəzaların tətbiqinin, feodal vicdansız təfəkkürlü bütün məmurların yüksək vəzifə ranqından asılı olmayaraq, silinib atılmasının şahidi olacağıq və xalqımıza illərin sıxıntısı yerinə azadlıq gələcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org