“Oğlum törətmədiyi cinayət hadisəsinə görə həbs olunub” – Tərtər sakini ölkə başçısına MÜRACİƏT ETDİ

12

Tərtər rayon sakini Alimə Həsənova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi bildirir ki, oğlu Şaiq Həsənov Tərtər rayon polis şöbəsinə əsassız aparılıb və oğluna işgəncə verilərək, üzərinə ölüm işi götürməyə məcbur ediblər. Ona qəsdən adam öldürmə ilə ittiham elan edilmiş, Gəncə Ağır Çinayətlər Məhkəməsində bir ildən artıq məhkəmə davam etdikdən sonra, Şaiq Həsənova məhkəmədə ölüm cinayətinə görə bəraət verilmişdir.

Lakin prokurorluq apellyasiya məhkəməsinə protest vermişdir. Nəticədə bəraət almış Tərtər rayon sakini Şaiq Həsənov heç bir sübut olmadan Gəncə Apellyasiya Məhkəməsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin gediş halları Ali Məhkəməyə kimi gedib çıxsa da, Şaiq Həsənov etmədiyi çinayətdə təqsirli bilinib.

Valideyini bildirir ki, Şaiq Həsəınov heç bir çinayət törətməyib. Tərtər rayon sakini Alimə Həsənova bütün dövlət orqanlarına rəsmi müraciət etməsinə baxmayaraq, onun şikayətlərinə baxılmadığını bildirir.

Anası iddia edir ki, oğlu Şaiq Həsənov Tərtər rayon polis idarəsində döyülmüş, işgəncəyə məruz qalmışdır. Belə ki, o, anasının namusu ilə hədələnmiş və nəhayət, bundan sonra məcbur olub, guya, Səxavət Orucov və Aqil Aslanovla birgə cinayət törətdiyini etiraf etmişdir.

Lakin maraqlısı odur ki, Şaiq Həsənovun bütün ifadələri əslində Aqil Aslanovun dilindən yazılıb. Yəni ikincinin adından tərtib edilmiş ifadələrə Şaiq Həsənov məcburən imza atdırılmışdır.

Valideyni deyir ki, oğlu Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasına daxil olarkən, onun bədənində işgəncələrin izləri olmuş, bu barədə qeydlər aparılmışdır.

Lakin Tərtər Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən Şaiq Həsənovda heç bir xəsarətin olmadığı həkim rəyindən görünür. Bu isə onu göstərir ki, Şaiq polisdə döyülmüş, ifadələrə imza atdıqdan sonra İstintaq Təcridxanasına gətirilmişdir:

“Cinayət hadisəsinin baş verdiyi gün Şaiq Həsənov iş yoldaşlarının, daha sonra isə kənd camaatının içərisində olmuş, onun istifadə etdiyi telefon anten dairələri və şahid ifadələri ilə bütün bunlar öz təsdiqini tapmışdır.

Digər təqsirləndirilən şəxs Səxavət Orucovun da həmin zaman başqa rayonun ərazisində olması yanında olduğu insanlar, həmin rayonda getdiyi yerlərdəki insanlar, telefonunun anten dairəsi, telefonla onunla əlaqə saxlayan şəxslərin dindirilməsi ilə öz təsdiqini tapdığından, Gəncə Ağır Cinayətlər Məhkəməsi onların hər ikisinə bəraət vermişdir.

Digər təqsirləndirilən şəxs Aqil Aslanovun isə əsl niyyətinin cinayəti başqalarının boynuna atması olması, hadisədən əvvəl üstündə pul olmadığı halda cinayət hadisəsindən sonra üzərində çoxlu pul olması və bunu görən şəxslərin olması, telefon anten dairəsinin ölən şəxsin telefonu ilə bir neçə saat ərzində eyni yerləri göstərməsi, polis tərəfindən tutulduqdan sonra Şaiq və Səxavətdən əvvəl müxtəlif başqa şəxslərin də adlarını yalandan deyərək cinayəti onların boynuna atmağa çalışmasını əsas götürərək, onunla bağlı ittihamı təsdiq etmişdir.

Lakin Gəncə Apellyasiya Məhkəməsi Şaiq Həsənov və Səxavət Orucov barədə “ola bilər”, “edə bilər” versiyası ilə verilmiş bəraət hökmünü ləğv etmiş və heç bir sübut olmadan ittiham hökmü çıxarmışdır. Təəssüflər olsun ki, Azərbaycan Respublikası Ali Məhkəməsi də prokurorluq orqanlarının göstərişini yerinə yetirdilər. Halbuki, biz dəfələrlə Prezidentə müraciət etmişdik ki, prokurorluq orqanları məhkəməyə təzyiq edir, onların bu təzyiqinin qarşısı Prezident tərəfindən alınsın. Lakin məktublarımız prezidentə gedib çatmırdı”.

Alimə Həsənova prezident İlham Əliyevə müraciət edərək bildirir ki, onların ailələrinə qarşı dövlət işçiləri tərəfindən təzyiqlər var, onun oğlu Şaiq Həsənov günahsız yerə etmədiyi çinayətin ucbatından həbs olunub. O, bir valideyn kimi prezident İlham Əliyevdən xahiş edir ki, onların ailəsinə köməklik etsin, əsl qatilin aşkar edilməsi, oğlu Şaiq Həsənovun hal-hazırda araşdırılmaqda olan məhkəmə prosesini öz nəzarətinə götürərək obyektiv aparılmasına göstəriş versin.

Xatırladaq ki, Tərtər rayon sakini Alimə Həsənova tək ailə başçısıdır, həyat yoldaşı dünyasını dəyişdiyindən, ailədə idarəçilik onun üzərinə düşüb. O, oğlu Şaiq Həsənovun Gəncə Ağır Çinayətlər Məhkəməsində bəraət almasını əsas tutaraq bildirir ki, ilkin məhkəmə ədalətli olsa da, sonradan prokurorluq mMəhkəmə orqanına təzyiq göstərərək, Şaiq Həsənovun qəsdən adam öldürmə maddəsi ilə tutulmasını tələb etmişdir. Bu baxımdan, A.Həsənova prezident İlham Əliyevdən oğlu Şaiq Həsənovun məhkəmə işinin obyektiv araşdırılmasını öz nəzarətinə götürməsini xahiş edir”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.