“O ölkələrin səfirlikləri qarşısında aksiya pandemiyaya görə keçirilmədi” – AMİP sədri

69

Partiyalardan Ermənistana silah göndərən və ona şərait yaradan ölkələrə təpki

Rusiyanın Ermənistana silah göndərməsi və bu prosesdə iki türk respublikasının – Qazaxıstanla Türkmənistanın da hava məkanlarından istifadəyə  şərait yaratması Azərbaycan ictimaiyyətində etirazlara səbəb oldu. Maraqlıdır ki, aksiya formasında etirazlar siyasi partiyalar tərəfindən deyil, ictimai fəallar tərəfindən reallaşdırıldı. Bəs bu, siyasi partiyaların sözügedən məsələdə susması deməkdirmi?

Ermənistana silah göndərilməsi üçün türk cümhuriyyətlərinin öz hava məkanını Rusiyaya verməsinə siyasi partiyaların münasibəti necədir? Niyə siyasi partiyalar Ermənistana silah verən Rusiya səfirliyi önündə piket keçirmədilər? Həmçinin bu işdə özünün hava məkanını açan Türkmənistana, Qazaxıstana, İrana təpkilər olmadı?

AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Rusiyanın Ermənistana silah göndərməsində əslində təəccüblü bir şey yoxdur. Çünki Rusiya illərdir bunu edir: “Azərbaycan cəmiyyətində və siyasi qüvvələrində şimal qonşumuza olan etimadsızlığın və inamsızlığın səbəblərindən biri də həmişə bu olub. Qazaxıstan və Türkmənistana gəlincə, bu ölkələr türk respublikları olsalar da Rusiyadan asılı olduqları bəllidir. O dərəcədə asılıdırlar ki, işğalçı Ermənistanın türk cümhuriyyəti olan Azərbaycana qarşı silahlandırılmasına hava məkanlarını ayırmaqla dəstək vermiş olurlar. Bu da Azərbaycan xalqında haqlı narazılıq və təəssüf yaradır. Bizim partiyanın Mərkəzi Şurasının toplantısında bu məsələlərlə bağlı partiyanın rəsmi yazılı mövqeyi ifadə olunacaq. Etiraz aksiyaları keçirilməməsi isə pandemiya ilə bağlıdır”.

Ağ partiya başqanı Tural Abbaslı Rauf Arifoğlunu dəstəklədi - YouTube

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı qeyd etdi ki, bütün Azərbaycan xalqının Rusiyanın Ermənistana silah verməsinə neqativ münasibəti kimi müxalif partiyalarının da münasibəti neqativdir: “Zatən bu məsələyə pozitiv yanaşmaq da mümkün deyil. Rusiyanın Qarabağ məsələsinə yanaşması və bu məsələnin  həllində kimin yanında olması kimsəyə sirr deyil. Müxalifət partiyaları həmçinin AĞ Partiya olaraq biz də dəfələrlə Rusiyanın bu qeyri-obyektiv mövqeyini  qınayan və ATƏT-in Minsk Qrupunun həmsədrliyindən imtinasına çağıran bəyanatlar vermişik. Ancaq partiyalar hüquqi baxımdan Rusiyaya kimə silah satıb-satmaması barədə tələb irəli sürə bilməzlər. Çünki bu Rusiyanın daxili məsələsidir və bizim buna müdaxilə imkanlarımız yoxdur. Həmçinin nəzərə alsaq ki, Rusiya Ermənistanla eyni hərbi blokdadır, o zaman bu məsələ daha da aydınlaşır. Lakin əgər silah gizli ötürülürsə, məsələnin mahiyyəti dəyişir və buna etiraz etmək hüququmuz var.

Türk cümhuriyyətlərinin hava məkanını gizli silah ötürülməsi üçün açmasına gəlincə, beynəlxalq hüquq baxımından hansısa dövlətlərin hava məkanlarını kimə açıb, kimə bağlamasını da biz tənzimləyə bilmərik. Burada bizim etirazımız hüquqidən daha çox mənəvi qınaq ola bilər. Yəni türk-islam  aləminin, yəni Türkmənistan, Qazaxıstan və İranın dolayısıyla belə olsa Ermənistanla Azərbaycan arasında fərq qoymamasını qınaya bilərik. Ancaq onların səfirliklərinin önündə piket keçirmək və ya başqa addımların hazırkı məqamda uyğun olduğunu düşünmürəm. Mən düşünürəm ki, bu məsələdə Azərbaycan iqtidarı özü açıq mövqe sərgiləməlidir. Çünki məsuliyyət və səlahiyyət onlardandır”.

Super güclərin belə, bu yeni təhlükəyə hazır olmadığı üzə çıxdı ...

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, iki türk respublikasının Ermənistana silah göndərilməsində öz hava məkanını Rusiyaya verməsinə münasibətləri pisdir və bunu müxtəlif çıxışlarda siyasilər ifadə ediblər. Etiraz aksiyalarının keçirilməməsi isə pandemiya ilə əlaqəlidir: “Əvvəla, etiraz yalnız piketlə, mitinqlərlə ifadə olunmur. Digər tərəfdən də pandemiya dövründə bu cür aksiya keçirməyi məqbul hesab etməmişik. Biz Türkmənistana da, Qazaxıstana da təpki göstəririk. Azərbaycanı arxadan vuran İrana və işğalçının yanında və arxasında olan Rusiyaya isə daha sərt etiraz edirik. İndi sizin media orqanı vasitəsilə sərgilədiyimiz bu sərt mövqe məhz Rusiya və İrana, o cümlədən də Türkmənistan və Qazaxıstana sərt təpkidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”