“O GÜN GƏLƏCƏK, LAP AZ QALIB!” – Yaqub Mahmudov

102

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Bu gün dövlətimizin başçısının Ali Baş Komandanlığı altında milli ordumuz parlaq qələbələr qazanır. Mənfur düşmən isə işğal olunmuş torpaqlarımızdan qovulur. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı alırlar!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib.

İlk mənbələr təsdiq edir ki, müasir Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Bu ərazi sonrakı tarixi dövrlərdə də Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olub. Orta əsrlərdə Azərbaycan hakimləri olan Çuxursəd əmirləri və İrəvan xanlarının idarə etdikləri bu torpaqlar həm də Oğuz xaqandan başlayaraq Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi.

Yaqub Mahmudov deyib ki, erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi yerlə-yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə inək, donuz saxlanılır. Bu, bütün İslam aləminə ən böyük təhqirdir.

Erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi, işğal etdikləri Qarabağda da Azərbaycan toponimlərini erməniləşdirirlər. İndiyədək qondarma “Dağlıq Qarabağ Respublikası” parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvaçar”, Laçın şəhəri “Berdzor”, Cəbrayıl şəhəri “Crakan” adlandırılıb. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri isə onun işğal planını hazırlayan general X.İvanyanın adı ilə “İvanyan” adlandırılıb.

Tarix İnstitutu erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında hər zaman yaxından iştirak edib. Prezidentin çağırışlarını, tövsiyə və tapşırıqlarını rəhbər tutan institutda Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar işıq üzü görüb. Bu tədqiqatların müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayılmasına nail olmuşuq. Elmi müəssisənin kollektivi Müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Prezidentimizi ürəkdən dəstəkləyir və müdafiə edir!

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə və birmənalı şəkildə bəyan edib: “Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar”.

“Əminik ki, tezliklə Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəllərini Şuşaya – Qarabağa Ali Baş Komandanımızın rəhbərliyi ilə təcavüzkarlar üzərində zəfər çalmış Azərbaycan xalqının özü qaytarıb aparacaq! O gün gələcək! O günə lap az qalıb!”, – deyə Yaqub Mahmudov qeyd edib.