Nüfuzlu hərbi ekspertlər Qarabağ savaşından danışdı

78

Yuri Podolyaka: “Ermənistanda ağlı başında olan kimsə varsa ləngimədən kapitulyasiya elan etməlidir…”

Maksim Şevçenko: “Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər”

Aleksey Xlopotov: “Azərbaycan Ordusunun bir güclü hücumundan sonra işğal edilmiş bütün ərazilər azad olunacaq”

Srağagün Ali Baş komandan İlham Əliyevin ordumuzun cəbhənin cənub istiqamətində növbəti uğurunu-Zəngilan şəhəri və bu rayonunun bir neçə kəndinin, o cümlədən Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının kəndlərinin (cəmi 24 yaşayış məntəqəsi) azad edildiyini elan edəndə düşmən ölkənin Müdafiə Nazirliyi Azərbaycan ordusunun artıq Ermənistan sərhədlərinin bir neçə kilometrliyinə çatmasından yaranacaq şok effektini azaltmaq üçün hay-küylü bəyanatlar verməyə başladı.

Yerevanda pafosla elan etdilər ki, Ermənistan ordusu Qubadlı istiqamətindən əks hücuma keçərək Azərbaycan ordusunu Xudafərin su anbarı istiqamətinə geri çəkilməyə məcbur edib. Bu isə Zəngilana daxil olmuş bölmələrin mühasirəyə alınması mənasını verirdi. Çünki Zəngilana yeganə yol Qubadlı istiqamətindən daxil olur və əgər həmin yol yenidən düşmənin nəzarətinə keçmiş olardısa bu, Zəngilanda mühasirə vəziyyətinin yaranması demək idi. Və dərhal erməni təbliğatına dəstək verən bəzi rusdilli YouTube kanalları da “Ermənistan ordusunun qurduğu tələ, Azərbaycan ordusunun Zəngilandakı hissələrinin mühasirəyə alınması” haqda şərhlər yaymağa başladılar.

Amma çox keçmədən Ermənistan Müdafiə Nazirliyinin təbliğatçıları susdu və cənub istiqamətində hadisələrin sonrakı inkişafına dair heç nə demədi. Hansı ki, əgər erməni qüvvələri doğrudan da Qubadlı istiqamətindən əks hücum edib Zəngilanda mühasirə vəziyyəti yarada bilmişdisə onlar bu barədə az qala hər 5 dəqiqədən bir nəsə bildirməliydilər. Çünki məğlubiyyətin acısını yaşayan erməni cəmiyyətini hansısa mifik qələbə xəbərləri ilə ruhlandırmaq lazım gəlir.

Azərbaycan Müdafiə Nazirliyi dərhal erməni tərəfinin “uğurlu əks hücum”  iddialarını təkzib etdi və daha sonra Qubadlı istiqamətində hücuma cəhd edən Ermənistan ordusu bölmələrinin artilleriya və reaktiv yaylım atəşi sistemləri ilə necə darmadağın edildiyinə dair operativ görüntüləri yaydı. Bu görüntülərə əsasən əks hücum üçün cəmləşən erməni qüvvələri heç döyüşə girməyə macal tapmadan məhv edilir. Onların cəmləşdiyi geniş ərazi ordumuzun güclü atəş zərbələri ilə “şumlanır”.

Virtualaz.org xəbər verir ki, Qarabağda hərbi əməliyyatların başlamasından bu yana hər gün döyüşlərin gedişinə dair öz analizlərini təqdim edən ukraynalı hərbi ekspert və videobloqer Yuri Podolyaka cənub cəbhəsində baş verənləri analiz edərək bu qənaətə gəlib: əgər Ermənistan rəhbərliyində ağlı başında olan kimsə qalıbsa dərhal kapitulyasiya elan etməlidir!

“Əgər dünənki döyüşlərin yekunu haqda qısa danışsaq mənim erməni tərəfinə ancaq bir məsləhət verə bilərəm. O, mümkün qədər tez kapitulyasiya elan etməlidir. Çünki bütün digər variantlar sadəcə olaraq öz ordusunu mənasız yerə qırdırmaqdır. Hansı ki, bu ordunun nəinki hansısa uğur əldə etmək şansı yoxdur, heç bu və ya digər dərəcədə uğurlu əks-hücum da təşkil edə bilməz”,-analitik bildirib.

Y.Podolyaka qeyd edir ki, cənubda dünən gedən döyüşlər erməni tərəfi üçün sadəcə olaraq qırğına çevrildi. Onun fikrincə Ermənistan ordusu praktiki olaraq döyüşsüz geri çəkilərək Azərbaycan qüvvələrini Zəngilan rayonunun mərkəzinə qədər buraxıb. Yəni 20 kilometrə qədər geriləyib. Görünür bununla erməni komandanlığı ona ümid edirdi ki, Qubadlı istiqamətindən əks-hücuma keçərək Zəngilana daxil olan Azərbaycan bölmələrini mühasirəyə ala biləcək.

Lakin analitik qeyd edir ki, erməni tərəfinin bu primitiv taktikası işə yaramadı. Çünki adi əsgər də başa düşə bilərdi ki, düşmən hansı taktikaya əl atacaq və deməli onun hücumunu hansı istiqamətdən gözləmək lazımdır.

Y.Podolyaka bildirir ki, erməni qüvvələrinin Qubadlı istiqamətindən əks hücuma keçib Zəngilanda mühasirə vəziyyəti yaratmaq şansının olmadığı əvvəlcədən bəlli idi. Belə ki, Cəbrayılda gedən döyüşlərdə erməni ordusu tank və özüyeriyən artilleriya bölmələrinin dəstəyinə arxalanırdı. Həmin bölmələr isə darmadağın edildi. Nəticədə onlar Qubadlı istiqamətindən ancaq adi topların dəstəklədiyi piyada bölmələrini hücuma yeritdilər, nəticəsi isə aydındır-yüzlərlə ölü və yaralı erməni əsgəri. Podolyaka vurğulayır ki, bu qırğının məsliyyəti erməni xalqının döyüş ruhunu heç olmasa bir neçə saatlığa yüksəltməyə ümid edən generalların üzərinə düşür.

Hərbi analitik qeyd edir ki, dünənki qırğından sonra erməni qüvvələrinin ancaq bir yolu qalır-Laçın istiqamətində geri çəkilmək. Y.Podolyaka təxmin edir ki, Azərbaycan prezidenti İlham Əliyev 1-2 günə Qubadlının da azad edildiyini elan edəcək. Podolyakanın fikrincə ermənilər Laçın ətrafında müdafiə qura bilsələr buna sevinməlidilər. Lakin analitik Azərbaycan ordusunun Laçın istiqamətində daha geniş cəbhədə, təkcə cənubdan yox, Xocavənd istiqamətindən də irəlilədiyini vurğulayır.

“Ermənistan ordusu nəinki 90-cı illərin silahları ilə döyüşür, eləcə də döyüş taktikası 90-cı illərin şablonunu xatırladır. Belə təsəvvür yaranır ki, 90-cı illərdə müharibə qurtarandan sonra erməni hərbçiləri  nə keçirilən təlimləri izləyiblər, nə görmürlər ki, 30 ildə nəinki silahlar, eləcə də döyüş taktikaları dəyişib. Nəticədə onlar öz qüvvələrini faktiki olaraq darmadağın edilməyə buraxıblar. Buradan isə belə nəticə çıxır: Ermənistan ya öz ordusunun qalan hissəsinin də darmadağın edilməməsi üçün onun qalıqlarını təcili olaraq Qarabağdan çıxarmalıdır, ya da kapitulyasiya imzalamalıdır”,-Podolyaka bildirir.

 

“Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər”

“Bu gün (20 oktyabr-red.) Azərbaycan Ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib”.

Bunları isə rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan Ordusunun Zəngilan şəhərini və bir sıra kəndləri işğaldan azad etməsi ilə bağlı çıxışında deyib.

“Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır”, – deyə M.Şevçenko qeyd edib.

M.Şevçenko vurğulayıb ki, sülh prosesində artıq köklü dəyişikliklər baş verib. Əvvəllər beş rayonun və daha sonra iki rayonun qaytarılmasından söhbət gedib, bu çərçivədə sonsuz danışıqlar aparılıb.

Rusiyalı jurnalist həmçinin artıq Minsk Qrupunun anlamsız olduğunu, Minsk prosesinin artıq mövcud olmadığını söyləyib.

“Azərbaycan Ordusu Öz qüvvəsi, öz müasir silahları və müasir döyüş taktikası ilə dövlətinin işğal altındakı torpaqlarını azad edib”, – deyə M.Şevçenko bildirib.

 

“Azərbaycan Ordusunun bir güclü hücumundan sonra…”

“Azərbaycan Ordusunun bir güclü hücumundan sonra işğal edilmiş bütün ərazilər azad olunacaq”. Bu haqda fikir bildirən Rusiyalı hərbi ekspert Aleksey Xlopotov da Qarabağdakı son durumu şərh edib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin döyüşmək üçün demək olar ki, heç nəyi qalmayıb: “Dağlıq Qarabağ və ətrafdakı rayonların işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir. Nikol Paşinyan döyüş meydanında və siyasi məkanda uğursuzluqlarını görüb, nasist babası kimi hərəkət etməyə qərar verdi. Adolf Paşinyan dinc şəhərlərə atəş açmaq əmrini verib ki, Azərbaycan ictimaiyyətində heç olmasa panika yaransın. Amma bu da baş tutmadı. Bu qanlı hadisələr Azərbaycan xalqını daha həmrəy etdi. Paşinyan isə yalnız dünya tərəfindən tənqid olundu. Erməni liderin növbəti addımı qaçmaq olacaq”.

 

Hazırladı: KƏNAN