Nüfuzlu ərəb telekanalında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə danışılıb

39

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev “İ24NEWS Arabic” televiziya kanalına Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı müsahibə verib.

AZƏRTAC xəbər verir ki, diplomatımız Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisinin olduğu, ölkəmizin 20 faiz ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi, təcavüzkar ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini diqqətə çatdırıb. Əlavə edib ki, Ermənistan nəinki Dağlıq Qarabağı, həmçinin ona bitişik 7 rayonu da zəbt edib. O vurğulayıb ki, indi bizim öz torpaqlarımızı müdafiə etməyə yetərincə gücümüz var.

Səfir diqqətə çatdırıb ki, Ermənistanın hakim dairələri, Xarici İşlər Nazirliyi beynəlxalq mediada, sosial şəbəkələrdə cəbhədəki vəziyyət haqqında yalan məlumatlar yayır. Belə ki, onların Əbu-Dabidəki və Moskvadakı səfirlərinin yaydıqları feyk xəbərlər bir-birindən kəskin şəkildə fərqlənir. Eyni zamanda, ərazisində başqa dövlətin hərbi bazası yerləşən Ermənistandan fərqli olaraq, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan öz gücünə arxalanır.