“NRYTN adi bir informasiya sistemini qoltuğuna vurub, beynəlxalq sərgiyə gedib” – OSMAN GÜNDÜZ

    18

    “NRYTN-nin (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) “innovativ” sistemi indi də Birləşmiş Ərəb Əmirliklərində nümayiş olunur. NRYTN yenə də 5 il öncə hazırladığı adi bir informasiya sistemini qoltuğuna vurub, beynəlxalq sərgiyə gedib. 70-dən çox şirkətin qatıldığı “SMART SME MENA 2019” sərgisində yenə də Mobil Cihazların Qeydiyyat Sistemi nümayiş olunub”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

    “Bu Qeydiyyat Sistemində qeydiyyatdan keçməyən mobil avadanlıqlar bloka salınır”

    O. Gündüz diqqətə çatdırıb ki, bu yaxınlarda Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forum-Sərgisində də bu adi bir informasiya sistemini təqdim etmişdilər: “Təsəvvür edin ki, sistemin mahiyyəti ondan ibarətdir ki, mobil operatorlarla inteqrasiya şəraitində işləyən bu Qeydiyyat Sistemində qeydiyyatdan keçməyən mobil avadanlıqlar bloka salınır. Vəssalam”.

    “İnnovasiya Agentliyi təcili olaraq ortabab bir innovativ həll hazırlayıb, nazirliyə təqdim etsinlər”

    O. Gündüz düşünür ki, NRYTN bu sistemi hələ çox beynəlxalq sərgilərdə nümayiş etdirəcək: “Odur ki, Prezident Administrasiyasının müvafiq şöbəsinə təklif edirəm ki , NRYTN üçün beynəlxalq sərgilərdə nümayiş etdiriləcək bir İT məhsul təqdim etsin. Və ya elə NRYTN yanında yaradılan İnnovasiya Agentliyi təcili olaraq hazırda özündə olan startaplardan , ya da startapçıları yığıb ortabab bir innovativ həll hazırlayıb, nazirliyə təqdim etsinlər. Əgər bunlar tezliklə başa gəlməsə, onda mən təklif edərdim ki, BTRİB və Aztelekom-un özəl provayderlərdən “müştəri oğurluğu” ilə bağlı tətbiq etdikləri ONU tipli mini ATS-lərlə əlaqəli sistem daha innovativ həll olaraq nəzərdən keçirilsin”.

    Şamo EMİN, Hurriyyet.org