“Novaya qazeta”: “Putinin aşpazı”na məxsus şirkət Suriyadakı neft mədənlərini ələ keçirib

18

2019-cu ilin dekabrında Suriya parlamenti neft və qaz mədənlərinin 3 blokunun Rusiyanın “Velada” və “Merkuri” şirkətləri tərəfindən istismarı haqqında qanun qəbul edir. Mədənlərin ümumi ərazisi 12 min kvadrat km, qaz ehtyatlarının həcmi isə bir trilyon kubmetr civarındadır.

Rusiyanın müxalif mövqeli “Novaya qazeta” qəzetinin yazdığına görə, bu cür mühüm sazişlər neft sahəsində heç vaxt adı duyulmayan iki şirkətə, daha doğrusu, Rusiya prezidenti Vladimir Putinin sərəncamlarını yerinə yetirməklə ad çıxarmış Yevgeni Priqojinin “Konkord” strukturuna verilib.

Cəmi 10 min rublluq nizamnamə kapitalına malik “Velada” şirkəti 2015-ci ildə Yekaterina Trofimova tərəfindən təsis edilib. 2018-ci ildə Y.Trofimovanı Darya Baranovskaya adlı Sankt-Peterburq universitetinin tələbəsi əvəz edir. 2015-2017-ci ildə şirkətin mühasibat hesabları “0” gəlir olaraq təqdim edilsə də, artıq 2018-ci ildə birdən birə gəlir 3,2 milyon rubla qədər artır.

Yekaterina Trofimovanın özü “Velada” şirkətinin rəhbəri ola-ola, “Putinin aşpazı” olaraq tanınan Yevgeni Priqojinin “Konkord menecment i konsaltinq” firmasna məxsus bir firmanın direktorunun köməkçisi vəzifəsində çalışıb. Yəni əslində onun “Velada”dakı vəzifəsi sırf nominal xarakter daşıyıb. Digər “rəhbər” Darya Baranovskayanın varlığından isə ümumiyyətlə xəbər yoxdur.

“Merkuri” şirkəti 2015-2018-ci illərdə Rusiyanın dövlətə məxsus “Voentorq” qurumu ilə hərbi qulluqçuların sanatoriya və beynəlxalq tədbirlərdə qidalanmasının təmin olunması üzrə 118 milyon rublluq müqavilə bağlayıb. Ümumi təsbitlərə görə mindən çox işçiyə malik bu şirkətin ümumi gəliri 3,1 milyard rublu ötür.

Şirkətin “sahibləri” də “Velada” kimi nominal fiqurlar, peterburqlu Olqa Xolodoviç və Pavel Karasev adlı şəxslərdir. Firma özü isə Petropavlovsk-Kamçatka bölgəsində qeydə alınıb. Edilən telefonlarda verilən cavabdan belə aydın olur ki, belə bir hüquqi şəxs Rusiyada artıq mövcud deyil.

Lakin Suriya naziri Ali Qanem “Merkuri” ilə hələ 2017-ci ildə Soçidə imzalanan hökumətlərarası komissiya protkolu çərçivəsində əməkdaşlıq etdiyini bildirib.

2016-cı ilin dekabrında isə Suriya hökuməti Rusiyanın energetika naziri Aleksandr Novakla “Evro Polis” adlı şirkətin neft və qaz mədənlərinin azad edilməsi üzrə saziş imzalayır. “Evro Polis” Yevgeni Priqojinə bağlı “Vaqner” özəl hərbi şirkətinin başqa bir adıdır. Buna görə Yevgeni Priqojinin ayda 20 milyon dollar pul aldığı da qəzetin informasiyasında yer alıb.

“Vaqner” hərbçilərinin törətdiyi vəhşiliklər barədə adı çəkilən bölgələrdə “əfsanələr” dolaşır.

Kreml isə həmişəki kimi rusiyalıların Suriyada və Liviyada hərbi əməliyyatlarda iştirakını inkar edir./musavat.com/