“Normalda Operativ Qərargahda elm adamları olmalı, elmi yanaşma ortalığa qoyulmalıdır” – NATİQ CƏFƏRLİ

72

“Daha tutuquşu kimi qonşu ölkələr nə etdisə onu təkrar etməməlidirlər”

“Operativ Qərargaha daxil olan alimlər kimlərdir?! Hansı mütəxəssislər orada təmsil olunurlar?! Qərarların verilməsi mexanizmi necədir?! Məlumat analizi, modelləşmə necə aparılır?! Qərarların məsuliyyətini kim daşıyır?!” Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, əgər böyük ticarət mərkəzləri, kafe, restoran, qeyri-ərzaq satış yerlərinin açılması virusun yayılmasına səbəb oldusa, o zaman belə bir qərarın verilməsi heç də anlaşılan deyil: “Bankların qarşısı insanlarla doludur, nədən normal sistem qurub cəmi 190 manat olan ödənişi təşkil edə bilmədilər?! Ümumiyyətlə, bank sektoru nədən daş dövründə qalıb, nə səbəbə “online banking” bizdə inkişaf etmir?! Bəlkə inhisarçılıq, bankların dar bir çevrəyə məxsus olması da vətəndaşın günahıdır?! Bu suallara cavab verə biləcək bir baba-igid varmı?!” Vətəndaşların da məsuliyyəti olduğunu vurğulayan Natiq Cəfərli bildirib ki, sorumsuz davrananlar çoxdur: “Amma vətəndaşa məsuliyyətli davranmağı kim öyrətdi ki, vətəndaş da öyrənmədi?! Hanı TV-lərdə sosial çarxlar, təşviq rolikləri?!
Normalda Operativ Qərargahda elm adamları olmalı, elmi yanaşma ortalığa qoyulmalıdı, daha tutuquşu kimi qonşu ölkələr nə etdisə onu təkrar etməməlidirlər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org