NİZAMİNİN İCRA BAŞÇISI QARABAĞ ƏLİLLƏRİNƏ PREZİDENTİN ADI İLƏ KƏLƏK GƏLİR – İcra hakimiyyəti və bələdiyyə orqanlarının qanunsuz torpaq biznesinin görünməyən tərəfləri…

111

Mətbuatda icra hakimiyyəti orqanlarının bələdiyyə torpaqlarını hərracdankənar “hərraca qoymaları”ndan çox yazılıb. Sözügedən torpaq alverinin başında elə icra başçılarının,  onların “qara kassa” rolunu oynayan təsərrüfat müdirlərinin, “kommunqxoz”larının, bələdiyyələrin dayandığı da nə nəzarətedici qurumlara, nə də vətəndaşlara gizlindir. Sadəcə,  torpaq alverində,  hərracdankənar torpaq hərraclarında dövlət hakimiyyət qollarının mütəşəkkil dəstənin üzvləri kimi hərəkət etmələri söz qonusudur.

İcra hakimiyyəti qanunvericilik hakimiyyətinin normativ-hüquqi aktlarını saxtalaşdırır, yanlış izah və tətbiq edir,  məhkəmə hakimiyyəti  ilə də qeyri-prosessual ilişgiyə girərək vətəndaşın konstitusiya ilə təmin olunan torpaq, məhkəmə təminatı hüququna qadağa qoyur!(?) Nə bələdiyyələrlə iş mərkəzi, nə də Konstitusiyanın 133-cü maddəsi ilə qanunların eyni cür və dürüst icra və tətbiq edilməsinə nəzarət etmək funksiyasını daşıyan Baş prokurorluq bu hərracdankənar hərraca hüquqi qiymət verilməsini təmin edir. Hərənin hərracdankənar hərracda öz payı – “lot”u var. Özü də hərracdan kənar hərracda alıcı bir məmur olur və “lot”un qiyməti də adi hərracdakı kimi aşağıdan yox,  yuxarıdan başlayır. Beləcə lotu məmurlar lotuluqla vətəndaşların torpaqlarına yiyələnirlər.

Bu günlərdə “Hürriyyət” qəzetində Qarabağ əlili Arif Quliyevin “torpaq lotuları”nın fırıldağı ilə üzləşməsi haqqında yazı dərc olunub. Sağlamlığını TORPAQ UĞRUNDA QURBAN VERƏN əlili BŞİH və Nizami rayon İcra Hakimiyyəti ölkə başçısının adından, görün, necə aldadıb, TORPAQ HÜQUQUNDAN MƏHRUM EDİR! Guya 2008 tarixli 34 saylı Prezident Fərmanı ilə torpaq yalnız hərrac yolu ilə satılır!(?) Hətta Qarabağ əlilinin qəbulunda olduğu BŞİH başçısı Eldar Əzizov da bildirib ki, bəs  Qarabağ əlilləri də içində olmaqla, hamının müsabiqədən kənar torpaq hüququna Prezident sözügedən fərmanla qadağa qoyub. Doğrudanmı, torpaq yalnız hərrac və müsabiqə yolu ilə satılır?

“Torpaq islahatı haqqında” 16.07.1996 tarixli 155-IQ saylı Azərbaycan Respublikası Qanununun 19-cu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”  29.06.2001 tarixli 160-llQ saylı  Azərbaycan Respublikası Qanununun 9.1 -ci,  “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdıılması qaydaları haqqında” 15.03.2002 tarixli 274-llQ saylı Qanunla təsdiq edilmiş  Əsasnamənin 13.1.1 -ci maddələrinə əsasən,  BƏLƏDİYYƏ ƏRAZİSİNDƏ DAİMİ YAŞAYAN VƏ ƏN AZI BEŞ İL ƏRZİNDƏ DAİMİ QEYDİYYATI OLAN ŞƏXSLƏRƏ BƏLƏDİYYƏ TORPAĞI HƏRRACDAN, MÜSABİQƏDƏN KƏNAR, AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA DÖYÜŞLƏRDƏ ƏLİL OLAN ŞƏXSLƏRƏ BİR DƏFƏ PULSUZ VERİLİR. Bu qanun, bu da onun tətbiq edilməsi haqqında Prezident Fərmanı! BŞİH başçısı, rayon icra hakimiyyətinin başçıları, yazılmış qanunları niyə görməzliyə vurur və Prezidentin 2008 tarixli 34 saylı fərmanını bilərəkdən yanlış izah və tətbiq edərək əlilin, şəhidin, hərbi qulluqçuların  torpaq hüququnu alver predmetinə çevirirlər?

Yeri gəlmişkən, Prezidentin 10 dekabr 2008 tarixli 34 saylı fərmanı “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə ilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 28.10.2008 tarixli 709-lllDQ saylı qanunun tətbiq edilməsi haqqındadır və sözügedən qanunun 2.1, 2.8 maddələrində HƏRBİ QULLUQÇULARIN, MÜHARİBƏ ƏLİLLƏRİNİN,  ƏLƏDİYYƏ ƏRAZİSİNDƏ ƏN AZI BEŞ İL DAİMİ QEYDİYYATDA OLAN ŞƏXSLƏRİN HƏRRACDAN, MÜSABİQƏDƏN KƏNAR TORPAQ HÜQUQU TƏSBİT OLUNUB. Bu isə o deməkdir ki, qanunla təsbit olunan imtiyazın, hüququn tətbiq edilməsi barədə fərmanın torpaq hüququna qadağa qoymasını iddia etmək absurddur və gülüncdür, gerçəkdə icra hakimiyyəti orqanlarının torpaq korrupsiyasından qaynaqlanır.  Bu korrupsiya faktına isə hüquq mühafizə orqanları vurğuladığımız kimi, hüquqi qiymət verilməsini təmin etmir.

Anlaşılmaz durumdur, dövlətin vətəndaşın, əlil-şəhid ailəsinin hüquq və azadlıqları haqqında qəbul etdiyi QANUNU yerlərdə icra başçıları, məmurlar DÖVLƏT BAŞÇISININ FƏRMANI adı ilə tanımırlar! Ay gidi məmurlar!

Məğrur BƏDƏLSOY

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.