Nikosiya Türkiyə ilə bağlı Avropa İttifaqını açıq-aşkar şantaj edir – Analiz

57

Kipr Respublikası Avropa İttifaqı tərəfindən Belarusa qarşı sanksiyaların qəbul edilməsinə mane olur və Türkiyəyə qarşı oxşar tədbirlərin tətbiq edilməsini tələb edir.

Bu barədə Almaniyanın “Frankfurter Allgemeine” (“Frankfurt Gündəliyi”) qəzeti öz mənbəyinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, məhz bu səbəbdən Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin sentyabrın 21-də keçiriləcək növbəti görüşünə qədər sanksiyalar barədə razılığın əldə olunması mümkün olmayacaq.

Məsələ ilə bağlı saytımıza şərh verən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, Belarusla bağlı məsələ hazırda bir sıra beynəlxalq təşkilatların, əsasən Avropa İttifaqının gündəmindədir. Onun sözlərinə görə sanksiyalar mexanizminin işlənib hazırlanması ilə Avropa İttifaqı məşğul olur, ancaq bu təşkilatda qərar qəbuletmə mexanizmi o qədər də mükəmməl deyil:

“Çünki burada konsensus prinsipi tətbiq edilir və dövlətlərdən biri qəbul ediləcək qərara veto qoyacaqsa, həmin qərar qəbul edilməyəcək. Kipr Respublikası da bu imkandan yararlanaraq Belarusa qarşı sanksiyaların tətbiq edilməsinə imkan vermir. Əvvəla onu deyim ki, burada Kipr Respublikası ilə Yunanıstan, Rusiya və Belarus arasındakı provoslav xətti aydın görünür. Məsələn, bu günlərdə Türkiyə-Yunanıstan qarşıdurmasında Rusiya bir-birinin ardınca Afinanı müdafiə edən müxtəlif bəyanatlar və fikirlər səsləndirdi. Hətta Yunanıstana Rusiyadan xüsusi nümayədə heyəti də getdi. Beləliklə, həm Türkiyəyə qarşı addımlar atıldı, həm də Yunanıstana belə bir mesaj verildi ki, “çəkilmə, biz sənin yanındayıq”. Bu, Rusiyanın ümumiyyətlə dünyanı çalxalayan taktikalarından, gedişlərindən biridir və bütün Cənubi Qafqazda da özünü aydın hiss etdirir. Bu gün Rusiyanın əsas diqqəti Belarusu müdafiə etməyə yönəlib. Artıq rus qoşunlarının Belarusa daxil edilməsi barədə razılaşma da əldə edilib. Bu səbəbdən Rusiya həm də beynəlxalq təşkilatlarda Belarusun maraqlarını müdafiə etmək üçün lobbiçilik siyasəti həyata keçirir. Bu siyasətdə Yunanıstandan, həmçinin, Kipr Respublikasından səmərəli istifadə etməyə çalışır və buna müəyyən dərəcədə nail olur”.

Qabil Hüseynli deyib ki, Kipr Respublikası Avropa İttifaqına və digər beynəlxalq təşkilatlara vahid Kiprin adından daxil olsa da, bu təşkilatlarda faktiki olaraq oyuncaq rolu oynayır, müxtəlif sifarişlər yerinə yetirir:

 

“Yeri gələndə öz şəxsi siyasi konyukturasına uyğun məsələləri populyarlaşdırmaqdan da vaz keçmir. Bu mənada Belarusa tətbiq ediləcək sanksiyalar dünyanın gündəmində olan əsas məsələlərdən biri idi. Bu aktual məsələni cırtdan yunan dövləti pozmaqla təbii ki, dünya siyasətinə, xüsusilə Qərb dünyasının totalitar dövlətlərə qarşı yürütdüyü siyasətə ciddi əngəllər yarada bilir. Bu nümunədə həmin əngəl özünü qabarıq surətdə göstərir”.

Müsahibimiz qeyd edib ki, Kipr Respublikası şərt irəli sürür:

“Nikosiya bildirir ki, yalnız oxşar sanksiyaların Türkiyəyə qarşı tətbiq ediləcəyi təqdirdə Belarusa tətbiqinə razılıq verəcək. Bu, ümumiyyətlə başdan-ayağa şantajdır. Belarusa qarşı irəli sürülən sanksiyaların məqsədi ölkədə insan hüquqlarının, o cümlədən azad seçki hüququnun, söz azadlığının, demokratiyanın pozulması ilə bağlıdır. Kipr Respublikası Türkiyəyə qarşı tətbiqini zəruri hesab etdiyi sanksiyaların nə üçün tətbiq olunmasını əsaslandırmalıdır. Yəni söhbət insan haqları, demokratik azadlıqlar, xüsusilə azad seçkilərdən gedirsə, bu məsələlərdə Türkiyənin heç bir problemi yoxdur. Beynəlxalq təşkilatlar indiyədək Türkiyəyə bu məsələlərdə ciddi iradlar bildirməyib. İndi birdən-birə Kipr Respublikasının Türkiyəyə meydan oxumağa çalışması, Türkiyənin nüfuzuna xələl gətirə biləcək iddialar irəli sürməsi, doğrudan da, həm qəribə, həm də həddən artıq qərəzli görünür. Yunanıstanla Türkiyə arasında münasibətlər gərginləşibsə, hətta qarşıdurma yaranıbsa, bunun təəssübünü özünü müstəqil dövlət adlandıran Kipr Respublikası çəkməli deyil. Bu, çox gülünc görünür. Çünki bu məsələlər sırf Türkiyə-Yunanıstan, Türkiyə-Yunanıstan-NATO, hətta lazım gələrsə, Türkiyə-Yunanıstan-Avropa İttifaqı kontekstində müzakirə edilə bilər. Amma bu məsələlərin carçısı rolunda Kipr ada dövlətinin, həm də statusu mübahisəli olan bir dövlətin çıxış etməsi həddən artıq gülünc və qəribə görünür. Bu cırtdan dövlət məsələləri sakitləşdirmək, gərginliyi azaltmaq əvəzinə qarşıdurmanı daha da artırmaq və hətta Türkiyəni ağır sanksiyalarla cəzalandırmaq iddiasına düşməklə onu göstərir ki, sabah dünya dövlətlərini Türkiyəyə qarşı müharibəyə də səsləyə bilər. Bu nöqteyi-nəzərdən dünyada formalaşmış siyasi oyun qaydaları, bu qaydalar çərçivəsində formalaşmış beynəlxalq münasibətlər var və bu ada dövlətinin beynəlxalq münasibətlərin xarakterinə uymayan, siyasətdəki oyun qaydalarına uyğun gəlməyən, “dəyərlərə” söykənib bu cür təkliflər verməsi beynəlxalq münasibətlərə gərginlikdən başqa heç nə gətirmir. Bu, xüsusilə Avropa dəyərlərinə uyğun olmayan tamamilə primitiv münasibətdir”. \\Teleqraf