Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir – Düşmən müharibə hazırlığına başlayır?

    6

    Ermənistanın baş naziri Nikol Paşinyan daxildəki polis qoşun bölmələrinin sərhədlərin qorunması əməliyyatında iştirak etməsinə qərar verib.

    Hurriyyet.org xəbər verir ki, musavat.com bununla bağlı erməni mətbuatına istinadən bildirir. Məlumata görə, artıq Ermənistan hökuməti polisin sərhəddə xidmət keçməsi barədə qərarını elan edib. Bu barədə “Qrapark” qəzeti də yazıb. Qəzet yazır ki, “Daxili qoşunlar haqqında” qanuna görə, bu qoşunlar həm də ölkənin müdafiəsində iştirak etməlidir. Ancaq buna qədər daxili qoşunlardan yalnız etiraz hərəkatlarını yatırmaq üçün istifadə edilib. Ermənistanın polis rəisi Valeri Osipyan ötən şənbə daxili qoşun hissələrində görüş keçirib. Bildirib ki, o, Müdafiə Nazirliyindən bununla bağlı təklif alıb və razılaşıb. Eyni zamanda vurğulanıb ki, polisin sərhəd bölgələrində yerləşdirilməsi Nikol Paşinyanın qərarıdır. Erməni qəzeti onu da yazıb ki, yalnız bir bölmə narazılığını bildirib.

    Osipyan deyib ki, 15 avqustda daxili qoşunlar Qarabağa göndəriləcək. Onlar 15 günlük “sərhədin müdafiəsində” iştirak edəcəklər. Bu xidmətin müqabilində isə polis əlavə maaş alacaq. Polisdən də görüşlə bağlı xəbəri təsdiqləyiblər.

    Azərbaycan ordusunun möhtəşəm hərbi paradı, daha sonra hazırda da davam edən genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi narahatlıq yaradıb. Baş nazir Paşinyan orduya istənilən ssenariyə hazır olmaqla bağlı göstəriş verib. İndi isə onun daxili qoşunları Azərbaycanın işğal altındakı ərazilərinə göndərmək qərarı həm də ondan xəbər verir ki, Ermənistan Azərbaycan ordusunun qarşısında duruş gətirməyin mümkün olmadığını anlayır və polisi də proseslərə cəlb etməklə arsenalındakı bütün qüvvələri işə salmaq istəyir. Ermənistan daxili qoşunları da başqa ölkənin ərazilərinə göndərməklə beynəlxalq hüququ növbəti dəfə ayaq altına alır. Yəqin ki, Azərbaycanın müvafiq qurumları məsələ ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırmaqla yanaşı, işğalçı ölkəyə laqyiqli cavab verəcəklər.