Nəvə nənəsini öldürüb, cəsədini yandırdı – Azərbaycanda

    6

    Bakıda nənəsini öldürməkdə ittiham edilən Eldar Əfəndiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

    Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.Əfəndiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Növbəti iclası iyulun 30-na təyin edilib.

    Qeyd edək ki, hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verib. Həmin ünvanda yanğın baş verib. Saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

    Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.