Nəsiman Yaqublunun lazımlı və nöqsanlı kitabı

    12

    Dünya ədəbiyyatında Leninə ən möhtəşəm poema həsr edib “böyük xilaskarımız rus xalqına eşq olsun” yazan, sovet dövlətinə və kommunist partiyasına ən sadaqətli şairlərimizdən biri olan Rəsul Rzanın, bu yaxınlara qədər partiya biletini saxlayıb 1988-92-ci illərdə Milli Azadlıq Mücadiləsində qətiyyən iştirak etməyən Anarın bu kitaba nə dəxli?

    1918-ci ildə Məmməd Əminlər və Hacınskilər Azərbaycanın müstəqilliyini heç cür elan etmək istəmirdilər, ta ki Nuru paşa ilə Əhməd bəy Ağayev Gürcüstan öz müstəqilliyini elan edəndən sonra onları da buna məcbur etdilər…

    “Qanun” nəşriyyatında Nəsiman Yaqublunun “Azərbaycan Milli-Azadlıq Hərəkatı” adlı 830 səhifəlik ensiklopedik tədqiqat əsəri nəşr olunmuşdur. Sözsüz ki, bu kitab böyük zəhmət və axtarış hesabına başa gəlmişdir. Müəllif əsasən mühacirət kitablarından və ayrı-ayrı adamların şəxsi arxivlərindən istifadə etmişdir. Kitabın məziyyətləri barədə bəhs etməyə ehtiyac yoxdur. Çünki kitabda yaradıcılıq yox, fərdi istedad yox, səy və axtarış əsas rol oynamışdır. Lakin müəllifin qeyri-obyektiv xarakteri və təbiəti nəticəsində kitab özündə xeyli nöqsanları üzə çıxarır. Heç bilmirsən bu nöqsanların hansından danışasan.

    Məndə son 30 ildə Rusiyanın ayrı-ayrı şəhərlərində nəşr olunmuş 20-ə yaxın nəhəng ensiklopedik lüğət kitabları var. Onların ən əsas məziyyəti tarixi şəxsiyyətlərin və hadisələrin düzgün və obyektiv qiymətləndirilməsidir. Əlbəttə, sovet dövründə belə şey yox idi. Bütün ensiklopedik nəşrlər Kommunist Partiyasının Sov.İKP Siyasi bürosunun direktivlərinə və göstərişlərinə əsasən yazılır və hazırlanırdı. Bizdə də belə idi. Lakin Azərbaycan müstəqillik qazandıqdan və senzura aradan götürüldükdən sonra vəziyyət dəyişdi. Doğrudur, indi də müəyyən qapalı və qadağan olunmuş mövzular yox deyildir. Buna görə yazıçı və tədqiqatçılar həmin sahə, mövzu və şəxslərdən yan keçirlər. Qalan bütün məsələlərdə tarix, şəxsiyyət və olmuşlar əsasən doğru-düzgün əks olunur.

    N.Yaqublunun kitabında qeyri-dəqiq yozmalar, iddialar, eləcə də 1988-92 ci illərdə Milli Azadlıq Hərəkatında xidmətləri unudulan insanlar çoxdur. Və əvəzində müstəqilliyin əleyhinə olan və ən azı bu barədə əsla düşünməyən, heç bir fəaliyyət göstərməyən, heç bir yazı yazmayan adamlar haqqında təriflər istənilən qədərdir. Hamısının da şəkilləri kitabın səhifələrini bəzəyir.

    İstər-istəməz ürəyində müəllifə deyirsən: ey bəy, Xudadat bəy Rəfibəyli haçansa güllələnibsə, bunun Stalinə dünyada ən tərifli mahnı yazan, Moskvada təhsil alıb Leninə, Stalinə, kommunist partiyasına sədaqətli olub birbaşa və dolayı yolla şeirlər yazan Nigar Rəfibəylinin Milli Azadlıq Hərəkatına nə dəxli var? Yaxşı, o tutalım X.Rəfibəylinin qızıdır. Bəs dünya ədəbiyyatında Leninə ən möhtəşəm poema həsr edib “böyük xilaskarımız rus xalqına eşq olsun” yazan, sovet dövlətinə və kommunist partiyasına ən sadaqətli şairlərimizdən biri olan Rəsul Rzanın, bu yaxınlara qədər partiya biletini saxlayıb 1988-92-ci illərdə Milli Azadlıq Mücadiləsində qətiyyən iştirak etməyən Anarın bu kitaba nə dəxli? Əvəzində həmin illərdə Qurban Məmmədovun, Fəxrəddin Ağazadənin, Tahir Kərimlinin, Firuz Haşımovun, Səlim Həqqinin, Əhməd Əhmədovun, Mahmudəli Çöhrəqanlının, Məhəmmədtağı Zehtabinin (Cənubi Azərbaycan), Təyyar Quliyevin, Məmmədxan Əzizxanlının, İlham Hacıyevin, Hüseynbala Səlimovun, Mətləb Mütəllimlinin, Vaqif Sultanlının, Elmar Hüseynovun və başqalarının, habelə 1920-ci il Gəncə üsyanında qaçıb aradan çıxmayaraq son nəfəslərinə kimi bolşeviklərlə vuruşub canlarını qurban verən polkovnik Qauzerin, qaçaq Qəmbərin nəinki portretləri yoxdur, heç adları belə, çəkilmir. Bu, müəllifin huşsuzluğunun nəticəsi deyil, şəxsi antipatiyası ilə bağlıdır.

    Deməli, analitik təhlil, siyasi savad və siyasi analiz və təfəkkür sarıdan tamamilə savadsız olub axsayan Nəsiman bəy, 1918-ci ildə Məmməd Əminlər və Hacınskilər Azərbaycanın müstəqilliyini heç cür elan etmək istəmirdilər, ta ki Nuru paşa ilə Əhməd bəy Ağayev Gürcüstan öz müstəqilliyini elan edəndən sonra onları da buna məcbur etdilər…

    O dövrün hadisələrini Türkiyəyə mühacirət edən Milli Azadlıq Hərəkatı liderlərinin xatirələrindən daha doğru və düzgün

    əks etdirən Polşa əsilli Amerika tarixçisi Tadeuş Svyatoxovskinin “Azərbaycanın 1905-20-ci illərdə müsəlman icmasında milli kimliyin formalaşması” adlı əsərində daha doğru, dəqiq və obyektiv əks olunmuşdur.

    Cənab Nəsiman, 1954-cü ildə Sumqayıt nümayişi milli-azadlıq hadisəsi deyil, Xruşşovun Stalinə qarşı tədbirlərinin əleyhinə etiraz, Stalinin müdafiəsi naminə kortəbii hadisə idi və orada heç bir milli şüar da irəli sürülməmişdi və bu kitaba heç qətiyyən dəxli yoxdur.

    Bunu da unutmaq olmaz və qeyd olunmalıydı ki, Azərbaycanda və ümumiyyətlə və Zaqafqaziyada, eləcə rus çar imperiyasının başqa böyük bölgələrində müstəqil respublikaların yaranması birbaşa Rusiyada fevral burjua inqilabının töhfəsi idi, cənab bəy! Azərbaycanın müstəqilliyi fevral inqilabından əvvəl heç kimin yuxusuna da girmirdi. Eləcə də unutma ki, 1988-92-ci ilin Milli Azadlıq Hərəkatı ki, kitabın yarısını həsr etmisən, Qorbaçovun yenidənqurma fəaliyyəti nəticəsində “Çənlibel”çilər və başqa milli-azadlıq mübarizləri meydana çıxa bilməz və mətin azadlıq və demokratiya bayraqdarı Yeltsinin təşəbbüsüylə “Belovejsk sazişi” olmasaydı, ümumiyyətlə müstəqil respublikalar yarana bilməzdi.

    Cənab bəy, Qara Qarayevin üçüncü simfoniyasında və ümumiyyətlə, fəaliyyətində və xarakterində heç bir milli-azadlıq ideyası yox idi, sadəcə əsər modernizm üslubunda yazıldığına görə sovet incəsənətinə yad hesab olunurdu. Q. Qarayev bir bəstəkar kimi muğamatın və milli üslubun qəti əleyhdarı idi. Və bu səbədən də Niyazi və Fikrət Əmirovun onunla araları kəskin surətdə dəymişdi. Q. Qarayev hətta əsərlərində muğamdan istifadə edən tələbələri Həsən Adıgözəlzadə və Aydın Əzim Kərimoğlunu konservatoriyadan qovmaq istəyirdi.

    Ümumiyyətlə bilmək olmur ki, öz peşələri ilə yaşayan akademik Heydər Hüseynovun, eləcə də Əhməd Cavadın, Nəsib bəy Yusifbəylinin, Salman Mümtazın, Abbas Mirzə Şərifzadənin qızlarının və xanımlarının milli-azadlıq hərəkatına nə aidiyyatı var?

    Bir neçə kəlmə də şanlı Üzeyir Hacıbəyov və Mircəfər Bağırov haqqında: Üzeyir Hacıbəyovu ermənilərin donosu və Əliheydər Qarayev kimilərin razılığı ilə XI Qırmızı ordunun Siyasi Şurasının məxfi şöbəsinin rəisi Pankratov güllələmək üçün həbs etdirmişdi. Üzeyir bəyi güllələnmədən Əli Terequlov azad etməmişdi. Çünki buna gücü çatmırdı. O, bu xəbəri Xalq Komissarlar sovetinin və inqilab komitəsinin sədri Nəriman Nərimanova çatdırmışdı. Nərimanov tez işləri barədə heç kimə hesabat verməyən Pankratovu yanına çağırıb güllələnəcək adamların siyahısını ondan alıb cırıb atmışdır.

    Mircəfər Bağırova gəldikdə isə, birdəfəlik bilin ki, Azərbaycanın 1991-ilə qədərki əraziləri yalnız onun sayəsində qorunub saxlanılmışdır. 1937-38-ci ilin repressiyalarına gəldikdə isə, bu tamam başqa məsələdir. Və həmin hadisələrdə Mir-cəfər Bağırovun qətiyyən günahı olmayıb. Repressiyaya məruz qalanların siyahısı NKVD-dən və Siyasi bürodan gəlirdi. Və Mircəfər Bağırov xials etdiyi adamları hifz edir, amma hamını qurtarmağa onun gücü çatmırdı.

    Bütün bu sadaladıqlarımız cənabi-Nəsiman bəyin kitabındakı nöqsanların cüzi bir hissəsidir. Ümid ona qalır ki, bu cənab özündə sağlam düşüncə tapıb gələcək nəşrlərdə sadaladıqlarımızı islah etməyi qətiyyən yaddan çıxarmayacaq.

    P.S. Sumqayıt hadisələrinin (28 fevral 1988) qəhrəmanı Əhməd Əhmədov haqda yazı çap etdirəndən sonra bu fövqəlinsanın məhz bizim məhkəmədə mühakimə olunub ermənilərə təhvil verildiyini eşidəndə dəhşətə gəldim. Gecə səhərə kimi yerimdə qovruldum. “Biz otxod deyilik” deyənlərə üz tutub deyirəm. Öz qəhrəman oğlunu özün ölümə məhkum edib sonra diri-diri düşmənlərə – ermənilərə təhvil vermək “otxodluq” deyil, bəs nədir?

    Bu məsələ ilə bağlı xüsusi bir pritça yazıb gələn saylarımızın birində oxuyub kimlərin və niyə “otxod” olduqlarını biləcəksiniz.

    Əlisa NİCAT