Neftin qiymətində kəskin artım gözlənilir?

    33

    Elxan Şahinoğlu: “Biz tərəfdaşlarımız arasında gərginliyin alovlanmasında maraqlı deyilik”

    Rövşən Ağayev: “İstehsal bərpa olunan kimi qiymət də öz yerinə qayıdacaq”

    Srağagün Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına silahlı pilotsuz uçan aparatlarla təşkil edilən hücumlardan sonra birjalarda neftin qiyməti rekord həddə çatıb. Belə ki, “Brent” markalı xam neftin qiyməti 10 faiz, “Light” neftinin qiyməti isə 9 faiz artıb. “Brent”in bir barrelinin qiyməti 12 dollar artaraq 71 dollara yüksəlməklə rekord səviyyəyə çatıb. Bu son üç ildə ən böyük qısamüddətli artım hesab olunur.

    Məlumata görə, Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücumlardan sonra ölkədə neft hasilatı gündəlik 5,7 milyon barrel geriləyib. Bu, qlobal neft hasilatının 5%-nə bərabərdir. Bu, neft bazarları üçün ən böyük istehsal itkisidir. Belə ki, həmin göstərici Səddam Hüseynin Küveytə hücumu zamanı İraq və Küveytdəki istehsal itkilərini ötüb.

    Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu itki 1979-cu ildə İslam İnqilabı zamanı İranın istehsalında qeydə alınan geriləməni də üstələyir.

    Bildirilir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalının 1/3-ni bazar ertəsində yenidən bərpa etməyi nəzərdə tutur. Şirkətin baş icraçı direktoru Amin Nasser istehsalın yenidən bərpası üçün işlərin davam etdiyini deyib. O, hasilatın tam bərpasının isə bir neçə həftə çəkəyini bildirib.

    O da qeyd olunur ki, Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları hücumu öz üzərinə götürüb. Hətta Yəməndəki Husi hərbi qüvvələrinin sözçüsü Yəhya Sarea “Twitter” səhifəsində Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hər an hücum ediləcəyi barədə xəbərdarlıq edib. O, “Saudi Aramco"ya məxsus neft emalı zavodlarının hələ də onların hədəfində olduğunu bildirib. Y. Sarea bu səbəbdən də xarici vətəndaşlara ərazini tərk etmələri barədə xəbərdarlıq edib.

    Nəzərə çatdıraq ki, ABŞ Prezidenti Donald Tramp hücumu İranın təşkil etdiyini iddia edir. D.Tramp ehtiyac duyulacağı təqdirdə ölkənin strateji neft ehtiyatlarından istifadəyə icazə verdiyini də açıqlayıb.

    Həmçinin ABŞ-ın dövlət katibi Mayk Pompeo da hücumda İranın əlinin olduğunu bildirib.

    “İran prezidenti Həsən Ruhani və xarici İşlər naziri Cavad Zərif diplomatiya ilə maraqlanırmış kimi görünsə də, Səudiyyə Ərəbistanına qarşı təşkil edilən 100-ə yaxın hücumun arxasında Tehranın əli var. İran dünya enerji tarixində bu günə qədər misli görünməmiş hücum təşkil etdi. Bu hücumu Yəmənin etməsi ilə bağlı fakt yoxdur. Bütün dünyanı açıq və sərt şəkildə İranın hücumlarını qınamağa çağırırıq. İran bu hücuma görə məsuliyyət daşıyır”, – o deyib. Lakin İran XİN-dən bildirilib ki, Səudiyyə Ərəbistanına edilən hücumların arxasında İranın dayanmasına dair ABŞ tərəfinin bəyanatları tamamilə yalandır.

    Ekspertlərə görə, qlobal neft tədarükünün 5% azalması bazara təsirsiz ötüşmür. Əgər qarşıdakı 30 gün ərzində zavodlarda vəziyyət normallaşdırılmasa, sürətli şəkildə qiymət artımı olacaq. Analitik Bob Maknelli hesab edir ki, qarşıdakı həftələrdə “qara qızıl”ın qiyməti 15-20 dollar səviyyəsində yüksələcək.

    Digər iqtisadi şərhçi, Qreq Nyuman isə düşünür ki, neft əvvəlcə 2 dollar bahalaşacaq, zamanla isə bahalaşma tədricən 7-10 dollara çatacaq.

    Neftin qiymətindəki kəskin artım maliyyə bazarlarına da təsirsiz ötüşməyib. Qızıl, yuan və ABŞ-ın Xəzinədarlıq istiqrazları kimi etibarlı aktivlər hücumlardan qaynaqlanan geosiyasi narahatlıqlar fonunda artan tələbatla bağlı güclü şəkildə yüksəlib. Norveç kronu və Kanada dolları da daxil olmaqla bəzi valyutaların qiyməti artıb. ABŞ-da təbii qaz fyuçers müqavilələri isə təxminən 13 çoxalıb. Qızıln qiymətində də artım qeydə alınıb.

    Qərb ölkələrinin paytaxtları fövqəladə vəziyyətlərdə öz ehtiyatlarından istifadə edə biləcəklərini bildirdikləri bir zamanda, Səudiyyə rəsmiləri də qısamüddətli tədarük ehtiyaclarını ödəmək üçün anbarlardakı ehtiyat nefti bazara çıxarmaq variantını müzakirə elədiklərini bildib.

    Xatırladaq ki, dünya neft bazarı sonuncu dəfə 1990-cı ildə, İraqın Küveyti işğal elədiyi zaman gündə 4 milyon barrel istehsal itkisi ilə qarşılaşmışdı.

    Rusiyanın energetika naziri Aleksandr Novak da Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz hücumları şərh edib. O bildirib ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlər tərəfindən edilən hücum OPEC+ ölkələrinin (Neft İxrac Edən Ölkələr Təşkilatına daxil olmayan ölkələr) Nazirlər Monitorinq Komitəsinin növbədənkənar görüşünün keçirilməsinə səbəb ola bilər.

    Onun sözlərinə görə, bu cür hadisələr ümumi enerji təhlükəsizliyinə təsir göstərir. Nazir Səudiyyə Ərəbistanından olan həmkarı Abdel Əziz bin Salmanla baş vermiş hadisəni müzakirə edəcəyini vurğulayıb.

    A. Novak əlavə edib ki, öncə dəymiş ziyanı qiymətləndirmək lazımdır. Bundan sonra, ola bilsin, OPEC+ Komitəsinin növbədənkənar iclası keçirilisin.

    Bundan başqa, rusiyalı nazir Səudiyyə Ərəbistanındakı vəziyyət səbəbindən yarana biləcək neft qıtlığının dünya bazarında olan kommersiya ehtiyatları sayəsində təmin edilə biləcəyini də bildirib.

    Rusiyalı senator Aleksey Puşkov isə deyib ki, ABŞ-la İran arasında münasibətlərin korlanması yeni müharibəyə gətirib çıxara bilər. Onun sözlərinə görə, amerikalı senator Lindsi Qrehem neft obyektlərinə zərbə çağırışı ilə ABŞ-ı Tehrana qarşı müharibəyə cəlb etmək istəyir: “İran ətrafındakı vəziyyət sakitləşmir. Yaxın müharibə ən real variantdır”.

    “İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını artıracaq”

    Картинки по запросу Elxan Şahinoğlu

    Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu, bölgədə vəziyyəti yenidən gərginləşdirib: “İttihamlar havada uçuşur”.

    E.Şahinoğlu bu hücumun dünyada və bölgədə hansı nəticələrə səbəb ola biləcəyini də proqnozlaşdırıb: “Səudiyyə Ərəbistanı bu hücumu cavabsız qoymayacaq. Çünki hücumu Yəməndəki husilərin təşkil etdiyi aşkardır, bunu onların özləri də etiraf edirlər. Husilər hücumun arxasındakı səbəb kimi Səudiyyə Ərəbistanın Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. Səudiyyə Ərəbistanı isə bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan husilərin əlinə keçməsin. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını artıracaq. Buna cavab olaraq da İran husilərə dəstəyini artıracaq. Faktiki İran və Səudiyyə Ərəbistanı Yəməndə bir-birləriylə savaşırlar. Neft emalı zavodlarının vurulması ilə bu savaş genişmiqyaslı həcm alacaq”.

    “Bu vəziyyət ABŞ və İran prezidentlərinin görüşü perspektivini heçə endirir”

    Şahinoğlu xatırladıb ki, neft emalı zavodlarının vurulması ABŞ-da ciddi reaksiya doğurub: “Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir. Belə baxanda indiki zamanda İranın bölgədə gərginliyi artırmaqda marağı olmamalıdır. Çünki İran ABŞ-ın sanksiyalarından qurtulmaq istəyir. Belə olan halda yeni müharibə İranın maraqlarına niyə cavab verməlidir ki? Ancaq o da mümkündür ki, İrandakı İslam Keşikçiləri Korpusunun rəhbərliyi fərqli düşünür. Hər halda ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda ABŞ-ın İranı vuracağını istisna etməyib. Bu vəziyyət bir neçə gündən sonra işinə başlayan BMT Baş Assambleyasında ABŞ və İran prezidentlərinin görüşü perspektivini heçə endirir. Halbuki, İran prezidenti Həsən Ruhani Nyu-Yorka getməyə hazırlaşır”.

    “Neft emalı zavodlarına hücum dünyada neftin qiymətini qaldırıb və mütəxəssislərin hesablamalarına görə neftin bir barrelinin qiyməti 100 dollara qədər arta bilər. Çünki son olay neft bazarında 5 faizin azalmasına səbəb olub və həmin iki neft emalı zavodunun tam gücüylə yenidən neft istehsalına başlaması həftələr ala bilər”.-deyə politoloq əlavə edib.

    ““İranı vura bilərik” təhdidlərinin səslənməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir”

    E. Şahinoğlu onu da vurğulayıb ki, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərini artıracaq: “Ancaq siyasi mənada İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin daha da gərginləşməsi, üstəgəl Vaşinqtonda yenidən “İranı vura bilərik” təhdidlərinin səslənməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir. Çünki adı çəkilən dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və biz tərəfdaşlarımız arasında gərginliyin və ən pis halda müharibənin alovlanmasında maraqlı deyilik”.

    “Bu tip qiymət artımlarının heç bir fundamental əsası yoxdu”

    Картинки по запросу Rövşən Ağayev

    İqtisadçı Rövşən Ağayev isə deyib ki, dron hücumundan sonra, Səudiyyə Ərəbistanın neft emalı zavodlarına hücum gözlənilən idi: “Amma bu tip qiymət artımlarının heç bir fundamental əsası yoxdu. Maksimum bir neçə günə istehsal bərpa olunan kimi qiymət də öz yerinə qayıdacaq”

    Şamo EMİN, Hurriyyet.org