“Neftçi”nin “Qalatasaray”la matçda şansı yüz faizdir”

51

Avropa Liqasının 2-ci təsnifat mərhələsinfə “Qalatasaray”a rəqib olan “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, o, İstanbul klubu ilə matçda meydana qələbə üçün çıxacaqlarını bildirib:

– Ümumi vəziyyət normaldır. Bəzi futbolçular milli komandadır. Sayın düzəlməsi üçün gənc oyunçular dəvət etmişik. Zədəlilərimiz yoxdur, hər şey qaydasındadır.

– Futbolçuların millidə olması hazırlıq prosesinə təsir edir?
– Xeyr, çünki onlar da hazırlıq keçirlər.

– “Sumqayıt”la matçda hər hansı dəyişiklik gözlənilir?
– Düşünmürəm ki, çox böyük dəyişikliklər olsun. Çünki futbolçularımız da çox deyil.

– Bilirik ki, diqqəti “Sumqayıt”la oyuna yönəltmisiz. Amma “Qalatasaray”la matç daha vacibdir…
– Hazırda bütün diqqətimiz “Sumqayıt”la matçdadır. O ki qaldı “Qalatasaray”la matça bu barədə hələ çox danışmayaq.

– “Qalatasaray”la matç öncəsi futbolçularda hər hansı həyəcan yoxdur?
– Heç bir həyəcan yoxdur. Düzdür, “Qalatasaray” Türkiyənin ən güclü klublarından biridir, qardaş ölkənin təmsilçisidir. Lakin oyunçularla danışmışıq. “Sumqayıt”la matç haqqında fikirləşməliyik.

– Demişdiniz ki, yeni transferiniz olacaq?
– Həmin oyunçunun “Sumqayıt”la qarşılaşmaya qədər gələcəyini düşünmürəm. Amma “Qalatasaray”la matça qədər heyətdə ola bilər.

– Türkiyə klubları 2 futbolçunuza dəvət göndərib. Onların adlarını deyə bilərsiz?
– Bu haqda nəsə demək istəmirəm.

– “Qalatasaray” “Ümraniyəspor”la 2:0 qazandığı oyunu izlədiniz? Həmin matçda ən çox nə diqqətinizi çəkdi?
– “Qalatasaray” elə komandadır ki, onları dünya tanıyır. Futbolçularının fərdi keyfiyyətləri çox yuxarıdır. Lakin bu heç nəyi dəyişmir. Qardaş ölkə təmsilçisi ilə oyunda meydana qələbə üçün çıxacağıq.

– Şansları necə dəyərləndirirsiz?
– Mənim üçün “Neftçi”nin yüz faiz şansı var.