“Neftçi” liderliyə yüksəldi 

309

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunları keçirilib. “Hürriyyət” xəbər verir ki, klubların heyətində koronavirusa kütləvi yoluxma ilə bağlı təxirə salınmış tur təqribən 3 həftəlik məcburi fasilədən sonra yenidən bərpa olunub.

“YAŞAT turu”nun ilk matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası doğma meydanda “Qarabağ”ı sınağa çəkib. Üç aydır Premyer Liqada uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməyi bacarıb. Lakin son dəqiqələrdə qol buraxan Qurban Qurbanovun yetirmələri 1 xalla kifayətlənib.

Eyni saatda başlayan matçlarda “Zirə” “Sumqayıt”ı, “Keşlə” “Səbail”i qəbul edib. “Qarabağ”la eyni sayda xal toplayan “Zirə” birinci pilləyə yüksəlmək şansını qaçırıb. “Sumqayıt”ı qəbul edən bakılılar iki dəfə hesabda geri düşməsinə baxmayaraq, yekunda 1 xala sevinməli olublar. Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv məğlubiyyətsiz oyunlar seriyasını 6-ya yüksəltsə də, bu, liderliyi ələ keçirmək üçün yetərli olmayıb. “Gənclik şəhəri” təmsilçisi isə 3 turdan sonra aktivinə xal yazdıra bilib.

Autsayder “Səbail” ondan cəmi 3 xal öndə olan “Keşlə” ilə üz-üzə gəlib. Baş məşqçilərin koronavirusa yoluxduğu üçün iştirak etmədikləri görüşdə “Səbail” erkən qollar sayəsində qələbə qazanaraq, nəinki son pillədən qurtulub, hətta 5-ci yerə qədər irəliləyib.

Tura Masazırda yekun vurulub. “Sabah” “Bank Respublika Arena”da “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. “Neftçi” rəqibini 2:0 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.