Neftçalada son durum: Kürün suyu artıb, problemsə qalır – Sabir Rüstəmxanlı

123

“Əvvəlki kimi olmasa da, hələ də Neftçalanın qəsəbə və kəndlərinə içməli su Salyan rayonundan maşınlar vasitəsi ilə gətirilib əhaliyə paylanır”.

Bunu Teleqraf.com-a Neftçala rayonundan deputat Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, son vaxtlar intensiv yağışlar sayəsində Kürün suyu bir qədər artıb: “Artıq çayın suyu Xəzər dənizinə qədər gedib çatır. Amma yenidən quraqlıq başlayıb, vəziyyətin necə dəyişəcəyini demək çətindir. Hər halda əhalinin həyəcanı keçib. Əvvəl demək olar ki, bütün Neftçala ərazisində Kürün suyu şor idi. İndi ərazinin böyük bir hissəsində çayın suyu şirinləşib”.

Millət vəkilinin sözlərinə görə, Nerftçalanın bəzi kəndlərinin su ilə təminatı məqsədi ilə Salyan rayonu ərazisində su anbarının tikintisi davam edir: “Anbarın inşasının noyabr ayının sonunda yekunlaşacağı deyilsə də, güman ki, işlər ilin sonuna qədər davam edəcək. Bundan sonra şəhərdə və bəzi kəndlərdə içməli su problemi həll olunacaq. Pandemiya anbarın tikintisinə təsir etməyib, işlər davam edir”.

Sabir Rüstəmxanlı Kür çayı üzərində ildən-ilə təsərrüfatların, suvarma sahələrinin artdığını da deyib: “Belə davam edərsə, gələcəkdə də Kürdə içməli su problemi yaranacaq. Gərək bu, indidən nəzərə alınsın, gələcək üçün müəyyən tədbirlər görülsün”.

Qeyd edək ki, bu ilin iyun ayında Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar Xəzər dənizinin suyu Kür çayına axıb qarışmışdı. Nəticədə Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranmışdı.