Neft nəhəngləri yeni “neft müharibəsi” ərəfəsində: Bakı nə etməlidir?

444

Əkrəm Həsənov: “Bu əlbəttə ki, Azərbaycan üçün problemlər deməkdir”

OPEK və OPEK+ ölkələri yenə hasilatla bağlı ortaq fikrə gələ bilmirlər. OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü nəticəsiz sona çatıb. OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin dekabrda keçirilən 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması və OPEC+ nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 milyon barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilmişdi. Hazırda OPEK+ razılaşmasına daxil olan ölkələr neft hasilatı ilə bağlı razılıq əldə edə bilmir. Bildirilir ki, tərəflər fevral ayı üçün hasilatın həcmini müəyyən edə bilmir. Əksər ölkələr hasilatın fevral ayı üçün də artırılmamasını istəyir.

OPEK və OPEK+ ölkələrinin yenə hasilatla bağlı ortaq fikrə gələ bilməməsi Azərbaycana nə vəd edir? Azərbaycan hansı tərəfdədir, neftin builki qiymətinə təsir edəcək əsas faktorlar hansılardır?

“Güzaran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qadir İbrahimli Musavat.com-a deyib ki, son illərin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər: “OPEK ölkələri qlobal neft hasilatının təxminən 40 faizini ödəyir. OPEK-in qərarları, anlaşmaları elə həmin gün neft bazarına təsir göstərir. Ötən ilin əvvəlində OPEK-in verdiyi qərardan dərhal sonra neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səudiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək ötən il vahid mövqe nümayiş etdirdilər. Əslində bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilməlidir. Təbii ki, bu gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEK üçün vacib idi. Eyni zamanda bazar iştirakçılarına mesaj idi. Bu gün OPEK-də, OPEK-dən kənarda yaxın zamanlarda qiymətin kəskin yüksələcəyinə inananların sayı heç də çox deyil. Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEK üçün əsas hədəfdir”.

Azərbaycan bir sıra OPEK + ölkələrinin qeyri-rəsmi videokonfransında  iştirak edib - Baku Press Klub

Ekspert deyib ki, qeyri-OPEK ölkələrinin də mövqeyi olduqca vacibdir: “Şimal qonşumuz olan Rusiya 2020-ci ilin sentyabrında hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barel artıraraq 11.1 milyon barelə çatdırdı. Qazaxıstanda isə 50 milyard dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıq istifadəyə verilmək üzrədir. Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı halda isə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər. ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEK-in anlaşması ilə yanaşı təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEK ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEK-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır”.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

İqtisadçı ekspert, hüquqşünas  Əkrəm Həsənov deyib ki, 2021-ci il növbəti neft müharibəsi ili olacaq: “Ötən il də biz bunu gördük. Sadəcə, pandemiya şəraitində ölkələr müəyyən bir ortaq məxrəcə gələrək hasilatı məhdudlaşdırdılar. Bilirik ki, bəzi iri neft istehsalçıları olan ölkələr məhdudiyyətə tam riayət etməyib. Müəyyən pozuntulara yol verirdilər. Azərbaycan üçün əsas problem müharibənin iştirakçısı olmamaqdır. Azərbaycan neft ixrac edən ölkə olsa da, dünya miqyasında həcmimiz 1 faizdən də aşağıdır. Ona görə də hasilatın artırılmasına və ya endirilməsinə təsir edə bilmirik. Əsas problem budur ki, ABŞ-ın artıq yola salınmaq üzrə olan prezidenti Donald Tramp ABŞ-da neft biznesi ilə məşğul olanlara kömək etməkdə maraqlı idi. O, haradasa ona çalışırdı ki, neftin qiymətləri kəskin düşməsin, ABŞ-da neft hasilatı rentabelli olsun. ABŞ-ın yeni prezidenti Co Bayden neft biznesini dəstəkləməkdə maraqlı deyil. O, Rusiyaya qarşı daha kəskin mövqedə dayanıb. Neft müharibəsinin də həmişə geosiyasi tərəfi var.  Odur ki, neftin qiymətinə təsir etməklə Rusiyanı iqtisadi baxımdan vurmaq üçün neftin qiymətinin kəskin düşməsi vacibdir. Co Bayden də buna çalışacaq. ABŞ OPEK ölkələrindən biridir və sahibkarlara dəstək vermirsə, deməli, qiymətin düşməsində maraqlıdır”.

Kərtənkələ Press

Ekspert deyib ki, OPEK-in əsas iştirakçılarının böyük qismi ABŞ-ın təsiri altındadır: “ABŞ bu gün OPEK və OPEK + ölkələrinin vahid fikrə gəlməsinə mane olsa,  kifayətdir. Bu baxımdan neftin qiymətinin düşmə ehtimalı böyükdür.  Neftin 1 barelinə görə qiymət 40 dollardan aşağı ensə, bu əlbəttə ki, Azərbaycan üçün problemlər deməkdir. Bu risk var”.

Ekspertin sözlərinə görə, məsələnin başqa tərəfi də var: “Rusiya və ABŞ-a qarşı olan digər ölkələr də boş dayanmır. Daim çalışırlar ki, dünyada geosiyasi problemlər yaransın, neftin qiyməti düşməsin. Bu il neftin qiymətinin qalxma ehtimalı çox azdır, enmə ehtimalı isə ciddidir. Azərbaycan 2015-ci ildə bəyan edib ki, bizim üçün neft erası bitib. Qeyri-neft sektorunu inkişaf etdiririk. Qeyri-neft sektorunu inkişaf etdirməyin yolu isə məhkəmə-hüquq islahatlarından keçir. Qanunun aliliyi sözdə yox, əməldə olmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”