Neft hasilatı daha çox ixtisar oluna bilər

69

Koronavirusa yoluxmaların artması və bununla əlaqədar Avropada yeni məhdudiyyət tədbirlərinin tətbiqi nəticəsində yanacağa tələbatın azalması ilə bağlı OPEC ölkələri neft hasilatının daha da çox ixtisarına dair müzakirələr aparır.

“Report” bunu WSJ-ə istinadən xəbər verir.

Bundan əvvəl OPEC Konfransının sədri, Əlcəzair enerji naziri Əbdülməcid Əttar bildirmişdi ki, Səudiyyə Ərəbistanı, İraq və Rusiya hasilatın mövcud ixtisar səviyyəsini 2021-ci ilin ilk aylarında da saxlamağı, yəni OPEC+ çərçivəsində əldə edilən razılaşmdakı kimi 1 yanvar tarixindən hasilatı 1,9 milyon barel artırmamağı iştirakçı ölkələrə təklif edib.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində mayın 1-dən qüvvəyə minən yeni razılaşmaya əsasən iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər.