“Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır” – QUBAD İBADOĞLU

84

“ARDNF-yə yeni icracı direktor təyin olunandan sonra əvvəl açıqlanan bəzi məlumatlar da gizlədilir”

“Bugünlərdə SOCAR da 2019-cu ilin yekunlarını xarakterizə edən hesabatını açıqladı, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) isə hələ də ötən ilin hesabatını dərc etməyib”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

“Ötən ildən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, ARDNF-nin 2019-cu il üçün fəaliyyətini xarakterizə edən hesabatı nədən açıqlamayıb?” deyən ADR Hərəkatının sədri bildirib ki, ARDNF-nin Müşahidə Şurası 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun rəyini nəzərə almaqla, ötən ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib: “Bəs, görəsən niyə açıqlamırlar?
Əvvəllər SOCAR-ın hesabatı gec dərc olunardı, indi də isə ARDNF-nin hesabatı gecikir. Ümumiyyətlə, ARDNF-yə yeni icracı direktor təyin olunandan sonra əvvəl açıqlanan bəzi məlumatlar da gizlədilir. Məsələn, əvvəllər AÇG yatağı və Şahdəniz üzrə gəlirlər daxil olan ildən indiyə qədərki dövrü əhatə etməklə açıqlanardı. Bu ildən həmin məlumat yalnız ilin əvvəlindən indiyə qədərki dövr üzrə dərc olunur. Əvvəllər bu məlumat hər ayın ilk 3 günündə açıqlanardı. İndi isə ayın 4-dür, amma məlumat saytda yerləşdirilməyib. Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org