Nefçala və İsmayıllının yeni icra başçıları kimdir? – TƏRCÜMEYİ-HAL

21

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev İsmayıllı və Nefçala rayonuna yeni icra başçısı təyin edib.

Unikal.org yeni icra başçılarının kimliyini araşdırıb.

Nefçla rayon İcra Başçısı Mirhəsən Mirheydər oğlu Seyidov

– 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1995-ci ildən etibarən 287 saylı “Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən MirHəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 -2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur. 

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış, sentyabrdan etibarən isə Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərmişdir. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)–da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımışdır və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş,yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirmişdir. 2007-ci il iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərmişdir.2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilmişdir.Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam etmişdir.2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. 2012 May Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olmuş, 2012-ci il İyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib. 2015-ci il 29 may tarixində Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı  maddələrinə əsasən İctimai TV (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü seçilmişdir. [1]

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi, Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə həmyaşıd təlimçi kimi fəaliyyət göstərib.

MirHəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan Respublikası Konstitusiyasının 109 -cu maddəsinin 32-ci bəndinə əsasən ictimai fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. 2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilmişdir. 2017 – ci il 21 sentyabr tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür. 2018-ci ilin 8 yanvarından etibarən MirHəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunmuşdur. 2019 – cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.

İsmayıllı rayon İcra Başçısı Nahid Rza oğlu Bağırov

–  4 Aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.

2000-2001-ci illərdə 177 №-li Hərbi Hissədə hərbi xidmətdə olmuşdur.

1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışmışdır.

2009-cu ildən etibarən və hal-hazırda Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir.

2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilmişdir.

2018-ci ildən etibarən və hal-hazırda Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvüdür

2018-ci ildən etibarən və hal-hazırda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavinidir.

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə ”Fəxri Turizm İşçisi“, 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən “Fəxri Aviasiya İşçisi” adına layiq görülmüşdür.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.