“Nazirliyin 190 manat birdəfəlik ödəmə ilə bağlı müraciəti dərhal qapatması doğru deyil” – OSMAN GÜNDÜZ

105

“Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qərarların qəbulunda nəsə yanlışlığa yol verildiyi müşahidə olunur”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) də deyəsən, məhdudiyyətləri bu gündən “yumşaltmağa” başlayır. Nazirlik 190 manat birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət xidmətini elə birdəfəlik də bağlayıb. Qurum bununla bağlı müraciətlərin qəbulunun başa çatdığını bildirib. Anlaşılmazdır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Onun sözlərinə görə, son zamanlar adıçəkilən nazirlikdə qərarların qəbulunda nəsə yanlışlığa yol verildiyi müşahidə olunur: “Xüsusən e-xidmətlərin keyfiyyəti və əlçatımlığı, inteqrasiya ilə bağlı doğru yanaşmalar tətbiq olunmur. Məntiqlə əksinə olmalıydı, ölkədə pandemiya ilə əlaqəli məhdudiyyətlər yenicə yumşalmağa başlayıb. Yəni bununla da prezidentin birdəfəlik ödəmə ilə bağlı sayını 3 dəfə artırdığı təbəqənin, onların yaxınlarının müraciət imkanı daha da asanlaşıb. Belə olan halda nazirliyin onlayn müraciəti dərhal qapatması doğru bir yanaşma deyil. Fikrimcə, prezidentin atdığı addımdan sonra hökumətin yanaşması tam fərqli olmalıydı. Yəni nazirlik birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət imkanının hələ uzun müddət aktiv olacağını elan etməliydi”. Osman Gündüz hesab edir ki, əgər müraciətlər çoxdursa və emal olunması problemlər yaradırsa, onda nazirliyin problemin həlli üçün əlavə imkanlar axtarması, ciddi səylər göstərməsi, kömək üçün hökumətə, aidiyyatı qurumlara müraciət etməsi daha doğru olardı, nəinki müraciət imkanını qapatmaq: “Ümid edirəm aidiyyatı qurumlar və cavabdeh şəxslər nəzərə alacaq”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org