NAZİRLİKDƏN AĞLASIĞMAZ QƏRAR

6

Ünvanlı sosial yardım verilməsinə “pasport qadağası”; 6 yaşlı uşağın şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi bəhanəsi ilə yardımdan imtina edilib

ƏƏSMN rəsmiləri ünvanlı sosial yardım verilməsinə görə tələb olunan sənədlərin siyahısının azaldılmasını bildirsələr də,  özlərindən elə qadağalar uydururlar ki, “sosial rüşvət peşəkarlığına” heyran qalmaqdan özgə yol qalmır.

Ağsu rayon sakini, 3 körpə uşaqlı beş nəfərlik ailənin başçısı  Yalçın Mehdiyev illərdir ailəsinin ehtiyaclarını ödəmək üçün nə iş tapa bilir, nə də dövlətdən yardım ala bilir. Hər dəfə bir bəhanə ilə sosial müdafiəyə ehtiyacı olan vətəndaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) “yox” deyir. “Yox”un üzü qara olsun, elə “yox”lar irəli sürülür ki!… Sonuncu “yox”un əsası lap “dahiyanədir”.

Təxminən, 6 ay qabaq Ağsudan Bakıya- ƏƏSMN-ə göndərilən ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı  elektron müraciətə 2 ay sonra “yox” cavabı verilib ki, ailənin 6 yaşlı Əsli adında uşağının şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitib! (?) İndi 6 aydır dövlətin etibarına bel bağlayan gənc ailə 2028-ci ilə kimi etibarlı olan şəxsiyyət vəsiqəsinin nədən etibarsız sayılması və bu etibarsızlığın ünvanlı sosial yardım ayrılmasına nə  aidiyyatının olmasını aydınlaşdırmaqda aciz qalıb. 10 illiyinə verilən şəxsiyyət vəsiqəsinin müddəti necə bir ilə bitə bilər və  bəyəm ailə sərhəd-keçid məntəqəsində yoxlanışdadır?

… Ailə yeni şəxsiyyət vəsiqəsi almaq üçün Ağsu rayon Polis Şöbəsinin pasport-qeydiyyat  qurumuna  müraciət edib. Görəsən, ƏƏSMN indi hansı “yox” fikirləşəcək?

Məğrur Bədəlsoy