Nazirlik: Hacıqabulda qəzada ölən sürücünün yaxınları məhkəmə-tibb ekspertinə xəsarət yetiriblər

51

Sentyabrın 1-i gecə saatlarında VAZ-2106 markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədib, sürücü hadisə yerində vəfat edib.

APA xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib.

Bu gün səhər saatlarında mərhumun yaxın adamları Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edərək, bədən xəsarəti yetiriblər. Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb.

Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədilə ilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.