Nazirin yaratdığı Sahibkarlar Şurası kimə xidmət edəcək: SAHİBKARLARA, YOXSA?

    6

    Vergi ödəyicisi ilə Vergilər Nazirliyi arasındakı münasibətlər şəffaflaşacaqmı?

    Ötən həftə vergilər naziri Mikayıl Cabbarovun iş adamları ilə görüşündə Azərbaycan Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması haqda razılıq əldə edilib.

    Məlumata görə, bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.

    Bundan əlavə, nazirlə görüş çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılması müzakirə edilib.

    M.Cabbarov görüşdə sahibkarlara bildirib ki, onların nazirliyə ünvanladığı təkliflərin əksəriyyəti müsbət qiymətləndirilib və bu təkliflər qruplaşdırılaraq müzakirə üçün hökumətə göndərilib.

    Qeyd edək ki, daha sonra Azərbaycan vergilər naziri Mikayıl Cabbarov Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüb.

    Əslində, Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması yaxşı ideyadır. Çünki vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılmasına ciddi ehtiyac var. Görünür, yeni vergilər naziri Mikayıl Cabbarov keçmiş nazir Fazil Məmmədovun dönəmində vergi ödəyicisi ilə nazirlik arasındakı pozulmuş münasibətləri bu təşəbbüsü ilə tənzimləmək niyyətindədir. Yeni nazirin bu niyyəti həyata keçərsə, yəni nazirliklə iş adamları arasında pozulmuş münasibətlər bərpa olunarsa, bu, çox ciddi effekt verə bilər. Amma burada bir məsələ diqqətdən qaçmamalıdır ki, Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şurada həqiqi iş adamları yoxsa, məmur-oliqarxlara bağlı sahibkarlar təmsil olunacaq? Çünki, indiyədək həqiqi iş adamlarına ölkədə heç vaxt imkan verilməyib ki, normal fəaliyyət göstərsinlər. Problemin kökü ondadır ki, ölkədə daha çox məmur-oliqarx var, nəinki sırf bizneslə məşğul olan sahibkar. Birincilər üçün isə hər yerdə yaşıl işıq yanır. Onlara hansı malın ölkəyə gətirilməsi problem olmadığı halda, heç bir məmura bağlı olmayan sahibkarlar bunu bacarmır. Gərək, hansısa malı gömrükdən keçirmək üçün mütləq hansısa nazirə, komitə sədrinə bağlı olasan. Bu da ölkə iqtisadiyyatında rəqabətin aradan qaldırılmasına səbəb olur. Monopoliyada olan bir sahəyə bir nəfərin nəzarəti imkan vermir ki, bazar iqtisadiyyatında rəqabət mühiti formalaşsın.

    Əslində, Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması o zaman təqdirəlayiq olacaq ki, o şurada məmur-sahibkarlarla münasibətlərin şəffaflaşdırılması deyil, heç bir məmura bağlı olmayan iş adamları, sahbkarlarla münasibətlər şəffaflaşdırılsın. O zaman keçmiş nazir Fazil Məmmədovun dönəmində vergi ödəyicisi ilə nazirlik arasındakı pozulmuş münasibətlər də şəffaflaşacaq. Ona görə pozulmuş münasibət deyirik ki, keçmiş nazir dönəmində vergilər naziri ilə iş adamları arasında normal münasibət olmayıb. Nazirlik hər bir sahibkara “yağlı tikə” kimi baxıb. Bu, Vergilər Nazirliyinin bir çox əməkdaşının iş adamlarına, sahibkarlara qan uddurduğu haqda mətbuatda gedən yazılardan da bəllidir. Vergilər Nazirliyi əməkdaşlarının sahibkarlardan, MTK sahiblərindən qanunsuz pul tələb etməsi məhkəmə proseslərində də dəfələrlə vurğulanıb. Ancaq keçmiş vergilər nazir Fazil Məmmədov işdən çıxarılsa da, adı keçən nazirliyin heç bir əməkdaşı barədə cinayət işi qaldırılmayıb. Halbuki, sahibkarlar, iş adamları ilə söhbətdə Vergilər Nazirliyinin əməkdaşlarından daima gileyli olublar.

    Əslində, Fazil Məmmədovun villasının şəkillərinin mətbuatda yaylması da onu göstərir ki, heç də Vergilər Nazirliyinin əksər əməkdaşları şəffaf işləməyiblər. Çünki milyonlarla dəyəri olan villanı nazir maaşı ilə tikmək mümkün deyil. Deməli, nazir maaşı ilə milyonlarla dəyəri olan villanı tikmək mümkün deyilsə, elə buna görə də Verilər Nazirliynin keçmiş əməkdaşlarının əksəriyyətinin fəaliyyəti araşdırılmalıdır. Çünki keçmi nazir iş adamları, sahibkarlar ilə birbaşa görüşüb, pul ala bilmzədi, nazirliyin əməkdaşları bu “xidməti” yerinə yetirə bilərdilər.

    Xatırldaq ki, prezidentin 2002-ci il 27 avqust tarixli 778 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası yaradılsa da, bu şuranın faəliyyətdə olduğu dönəmlərdə sahibkarlar Vergilər Nazirliyinin bəzi əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb.

    Əslində, bu qurumun vəziflərindən biri də sahibkarlığın inkişafına mane olan problemlərin operativ həlli ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə halları olduqda onları müzakirə edib və aradan qaldırılması barədə təkliflər vermək olub. Sonradan bu qurumun ləğv olunmasından belə məlum olur ki, bu qurum öz üzərinə düşən vəzifəsinin öhdəsində layiqincə gələ bilməyib.

    Sahibkarlar Şurası ləğv edildikdən sonra isə ölkədə sahibkarlığa dəstək məqsədilə prezidentinin 2016-cı il 3 fevral tarixli sərəncamı ilə mərkəzi və yerli icra hakimiyyətlərində Apellyasiya şuraları yaradılıb. Bu şuralara da iş adamlarının fəaliyyətinə mane olan, onların işini əngəlləyən amillərin aradan qaldırılması, şikayətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, əsaslı müraciətlərin təmin edilməsi, korrupsiya, sui-istifadə, digər neqativ hallar müəyyən edildikdə tədbir görülməsi üçün prokurorluq orqanlarına müraciət edilməsi həvalə olunub.

    Dövlət sahibkarlara dəstək məqsədilə hansı qurumu yaratsa belə, Azərbaycanda sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə halları demək olar ki, həmişə olub, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllər bu gün də var. Qeyd etdiyimiz kimi, bunun da əsas səbəbi məmurların sahibkar kimi də fəaliyyət göstərməsi və yaxud hansısa sahibkarın məmurlara bağlı olmasıdır.

    Yeri gəlmişkən, bu məsələdə keçmiş Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin ötən ilki hesabat çıxışı da diqqəti çəkir: “Ölkəmizdə sahibkarlara verilən dövlət dəstəyi bir çox ölkələr üçün nümunədir. Prezident İlham Əliyev tərəfindən sahibkarlıq subyektlərinə dövlət dəstəyinin verilməsi üçün müvafiq tapşırıqlar verilib, bu sahədə bir sıra normativ sənədlər imzalanıb, sahibkarlara müəyyən güzəştlər edilib. Dövlət Gömrük Komitəsi hər zaman sahibkarlara dəstək verib və bundan sonra da verəcək”.

    Doğrudur, ölkəmizdə sahibkarlara dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, keçirilir də. Amma demək olmaz ki, ölkəmiz sahibkarlara verilən dövlət dəstəyi üzrə bir çox ölkələr üçün nümunədir. Çünki dövlət dəstəyi də məmur-sahibkarlara və yaxud məmurlara bağlı olan sahibkarlara verilir. Getsin, hansısa məmura bağlı olmayan iş adamı dövlətdən dəstək istəsin, görək ona kimsə dəstək verəcək? Təbbi ki, yox.

    “Dövlət Gömrük Komitəsi hər zaman sahibkarlara dəstək verib və bundan sonra da verəcək” fikrinə gəlincə isə Dövlət Gömrük Komitəsi heç zaman həqiqi sahibkara, iş adamına dəstək olmayıb. Əksinə, Dövlət Gömrük Komitəsi heç bir məmura bağlı olmayan iş adamına, sahibkara hansısa malı sərhddən keçirmək üçün “qiymət” oxuyub. Hətta Gürcüstandan Bakıya evinə gələn şəxsdən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində 5 litr çaxırdan 2,5 litlik çaxır butulkasını belə alıb, sonra buraxıblar. Görün, Dövlət Gömrük Gömrük Komitəsinin əməkdaşları şəxsi istifadə üçün nəzərdə tutulan 5 litr çaxırdan 2,5 litrini alıbsa, sahibkarlara necə qan uddurublar, Allah bilir.

    Bəs, bundan sonra Dövlət Gömrük Komitəsi sahibkarlara dəstək verəcəkmi? Bu, hələ ki, sual altındadır. Artıq bunu Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyevin dönəmində müşahidə edəcəcyik. Bu, həm də kadr islahatlarının nəticəsi demək olacaq.

    “Hürriyyət”