Nazirin qoçularının təqibinə məruz qalan xanım jurnalist ölkəni tərk etdi

1629

Nəqliyyat naziri Ziya Məmmədovun qoçuları tərəfindən dəfələrlə təqib və təzyiqlərə məruz qalan Muxalifet.az portalının əməkdaşı Püranə Piripudini ölkəni tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, xanım jurnalist 2016-cı il iyunun sonlarında rəfiqəsinin toyundan qayıdarkən iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb və bu zaman onun burnu sındırılıb. İyunun 21-də onun burnu əməliyyat olunsa da, həkimlər “yuxarı”ların təzyiqindən ehtiyat edərək, Püranənin döyüldüyünü təsdiq edən arayış verməkdən imtina ediblər.
Bundan əlavə P.Piripudini müxalifətin 17 sentyabr aksiyası zamanı da polis zorakılığına məruz qalıb. Belə ki, həmin vaxt mülki geyimli polis əməkdaşları onun peşə fəaliyyətinə mane olaraq, zorla maşına basıb ərazidən uzaqlaşıdırıblar. Bu zaman ona qarşı ciddi təzyiqlər olub, döyülüb və ölümlə hədələnib.
Qeyd edək ki, xanım jurnalistin ayrı-ayrı məmurlar əleyhinə tənqidi yazılarına görə atası da təzyiqlərə məruz qalıb. Hələ 2014-cüq ilin mart ayında Nəqliyyat Nazirliyinin əməkdaşları “Neftçilər” metrostansiyasının yaxınlığında taksi sürücüsü kimi fəaliyyət göstərən Vüqar Piripudinin jurnalistin atası olduğunu öyrənərək, onu vəhşicəsinə döyüblər.


Taksi sürücüsü olan Vüqar Piripudini mətbuata bildirmişdi ki, onu maşına mindiriblər, sonra yolda maşından düşürüb döyüblər: “Martın 13-də hər zaman olduğu kimi “Neftçilər” metrostansiyasının yaxınlığında dayanmışdım. Nəqliyyat Nazirliyinin əməkdaşları qara rəngdə avtomobillə gəldilər. Əvvəlcə dedilər ki, avtomobilimin yerini dəyişim. Mən də dəyişdim. Sonra yaxınlaşıb, maşınımın açarını götürdülər. Mənə dedilər ki, onlarla şöbəyə getməliyəm. Oturdum, onların avtomobilinə… Mən haradan biləydim ki, məni döymək üçün aparırlar. “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “Çuda Peçka” şirniyyat evinin yanından arxa küçələrdən birinə döndülər. Maşını salxadılar. Məni düşürüb, döyməyə başladılar. Çox güclü idilər. Onlardan biri gözümün üstündən yumruq vurdu, mən də yıxıldım yerə… Yerə yıxılmağıma baxmayaraq, vurmağa davam edirdilər. Qoluma bir neçə dəfə ayaqlarıyla vurdular. Paltarlarımı cırdılar”.

“Məni döydükdən sonra maşına minib, qaçdılar”

Sürücünün sözlərinə görə, Nəqliyyat Nazirliyinin qoçuları ondan rüşvət tələb ediblər: “Məni döydükdən sonra maşına minib, qaçdılar. Birtəhər ayağa qalxıb getdim evə. Evə gedən kimi 102-yə zəng vurdum. Oradan mənə dedilər ki, 25-ci polis bölməsinə yaxınlaşım. Getdim bölməyə… Başıma gələn hadisələri danışdım. Döyülməyimlə bağlı məlumat verdim. Onlara həkimin zorakılığa məruz qalmağımla bağlı verdiyi sənədləri təqdim etdim. Oradan məni göndərdilər, Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinə… Departamentdən mənə dedilər ki, 136 manat pul verməliyəm. Olmasa, avtomobilimi verməyəcəklər. Mən də dedim ki, bütün sənədlərim qaydasındadır, hər ay 30 manat vergimi verirəm. Məni oğurlayıblar, aparıb, naməlum bir küçədə döyüblər. Hələ pul da verməliyəm? Mənə dedilər ki, “Biz qoçuyuq, heç kəs bizə heç nə edə bilməz”. Çarəsizlikdən 102 manat ödədim. 2 gündən sonra maşınımı qaytardılar. Başıma gətirilən hadisələrin səbəblərini bilmirəm”.